Müstəqil ədəbiyyat saytının köməyə ehtiyacı var

Müstəqil ədəbiyyat saytının köməyə ehtiyacı var

06-05-2016 12:39 / Bu xəbər 2066 dəfə oxundu

Rüfət Əhmədzadə: "Bir neçə nəfərlə bu problemi həll edə bilərdik, amma ətrafımdakı gənclər də mənimlə eyni durumdadır”

Son bir ildə Azərbaycanın İnternet məkanında müstəqil məzmun siyasəti ilə yetərincə tanınan, gənc yazarlara və şairlərə dəstək olan Senzor.az ədəbiyyat və mədəniyyat portalı "hosting” borcundan ötrü bağlanıb. Bu barədə Senzor.az-ın sahibi və baş redaktoru Rüfət Əhmədzadə JAM.AZ-a bildirib.

"Keçən il bu saytı xaricdə yaşayan dostum öz maaşından göndərdiyi pul ilə açdıq. Sonra hərə bir yerdən müxtəlif damğalar yapışdırmağa çalıdşı. Çünki müstəqil idik, hər kəsin mövqeyinə hörmətlə yanaşır, lakin dövlətçiliyə və konstitusiyaya zidd olan fikirlərə yer vermirdik. Sayt açanda da, problemlər yarananda da heç bir məmura ağız açmadım. Bəzi sayt rəhbərləri və həmkarlarımız hansısa nazir müavinindən, məmur şairdən, ya da dövlət müşavirindən maliyyə dəstəyi umur, bu dəstəyi də alır. Canları sağ olsun. Amma biz də varıq və bir ildə yüzlərlə gəncə dəstək vermişik. Hazırda maddi problemlərim və oğlumun müalicəsi ilə bağlı sayta diqqət ayıra bilmirəm. Senzor.az-ın bağlanması çox çətin zamana düşdü. Saytın hostinqə olan 126 dollar, yəni 190 manata yaxın borcunu ödəməyə imkanım yoxdur. Bir neçə nəfərlə bu problemi həll edə bilərdik, amma ətrafımdakı gənclər də mənimlə eyni durumdadır”, - deyə R.Əhmədzadə qeyd etdi.

Onun sözlərinə görə, saytın tamamilə bağlanacağı halda xeyli sayda şeir, hekayə və tərcümə işləri itəcək: "Buna yol vermək olmaz. Bir il əvvəl olduğu kimi, indi də heç bir məmurdan nəsə ummuram. Bizə nə layihə verirlər, nə də "mətbuata dövlət qayğısı” deyilən şeyi hiss edirik. Sadəcə azacıq da olsa imkanı çatan şəxslər müstəqil ədəbiyyat saytının daha bir il ayaqda qalmasına kömək edə bilərlər. Vaxt uzandıqca, cərimə yazılır. Mən indi bilmirəm ailəmə çörək alım, oğlumun dərman və müalicə xərclərini ödəyim, yoxsa idealizm naminə açdığımız bu saytı qoruyum. Heç kimə dəstəyi qarşılığında heç nə söz vermirəm. Amma çalışacağam ki, bu saytı yenidən fəallaşdırım və etimadı doğruldum”. Senzor.az saytına dəstək olmaq istəyənlər [email protected] ünvanına yaza bilərlər.