''Müstəntiq və hakim deputatın qardaşıyla bağlı həqiqətləri gizlədib''

''Müstəntiq və hakim deputatın qardaşıyla bağlı həqiqətləri gizlədib''

09-04-2019 01:52 / Bu xəbər 4422 dəfə oxundu

Qüdrət Həsənquliyevin qardaşını qətlə yetirməkdə təsqirləndirilərək ömürlük həbsə məhkum edilmiş Anar İsmayılov 18 ildən sonra işin yenidən araşdırılmasını tələb edir

"İbtidai istintaq və məhkəmə prosesləri Qüdrət Həsənquliyevin təsiri altında aparıldığına görə həqiqətlər gizlədildi. Deputatın qardaşının işlədiyim ofisə silahlı gəlməsi faktı ortalıqda olsa da, hüquqi qiymət verilmədi. Deputatın təsiri altında mənə ömürlük həbs cəzası verildi”.

Deputat Qüdrət Həsənquliyevin qardaşı Nadir Həsənquliyevi 2001-ci ildə qətlə yetirən və ömürlük həbsə məhkum edilən Anar İsmayılov 18 ildən sonra işin yenidən araşdırılmasını tələb edir. O, cəza çəkdiyi ərazi üzrə Qaradağ Rayon Məhkəməsinə ərizəylə müraciət edib.

Anar İsmayılov istəyir ki, Ali Məhkəmənin 15 il əvvəl onunla bağlı çıxardığı qərar ləğv edilsin. Yeni açılmış hallarla əlaqədar cinayət işinin materialları birinci instansiya məhkəməsinə göndərilsin.

Anar İsmayılov iddia edir ki, vaxtilə ibtidai istintaq və məhkəmə prosesləri qərəzli, sifarişli aparılıb. Qətlə yetirdiyi şəxsin - Nadir Həsənquliyevin hadisə yerinə oldu silahla gəlməsi və atəş açması, həmçinin, əşyayi dəlil olan silaha məxsus qobun, mərhuma məxsus mobil telefon işin içindən "yoxa çıxıb”. Bununla da hadisənin əsl səbəbləri ört-basdır edilib.

"Bu cinayətin maksimum cəzası 15 il idi, ömürlük veriblər”

Anar İsmayılovun yeni vəkilləri Təranə Əliyeva və Gülnarə Xudabaxışova bu barədə Meydan TV-yə danışıblar. Onlar bildiriblər ki, hadisə yerində çəkilmiş fotoları Rusiyada ekspertizadan keçirərkən Nadir Həsənquliyevin üzərindəki əşyalardan birinin silah qoburu olduğu təsdiqlənib. Vəkil Təranə Əliyeva:

"Birincisi, Anar İsmayılova verilmiş cəza törətdiyi cinayətə görə çox ağır olub. Ona verilən maddəyə görə, Nadir Həsənquliyevi xüsusi amansızlıqla qətlə yetirib. Halbuki, Nadir Həsənquliyevin üzərində hər hansı işgəncə izi olmayıb. O, silahdan atəş açılması nəticəsində ölüb. Bu cinayətə görə isə qanunvericilikdə maksimum cəza həddi 15 ildir. Ancaq mərhumun qardaşı Qüdrət Həsənquliyevin sifarişi açıq-aşkar ortada olub və məhkəmə məhz onun təsiri altında təqsirləndirilən şəxsə ən ağır cəza – ömürlük həbs verib. Üstəlik, mərhumun üzərindəki əşyalar arasında tapança qoburu olsa da, üzərindən çıxmış əşyaların siyahısında bu əşya qeyd olunmayıb. Bununla da həm istintaq, həm də məhkəmə Nadir Həsənquliyevin hadisə yerinə silahlı getməsi faktını ört-basdır edib. Hadisə yerindən aşkar edilmiş gilizlər ekspertiza olunarkən üç gilizin eyni silaha, birinin isə başqa silaha məxsus olduğu üzə çıxıb. Silahın biri Anar İsmayılova məxsus olub, bəs ikincisi? İkinci silah araşdırılmayıb. Çünki burada maraq olub. Təqsirləndirilən şəxs məhkəmədə ikinci silahın qarşı tərəfə - Nadir Həsənquliyevə məxsus olduğunu, Nadir Həsənquliyevin onu öldürmək məqsədilə atəş açdığını bildirsə də, məhkəmə bu detalları araşdırmağı dırnaqarası lazım bilməyib. Çünki ikinci silahın araşdırılması sifarişlə hərəkət edən məhkəmənin marağında olmayıb”.

"Rusiyada ekspertiza keçirildi və təsdiqləndi”

Vəkillər qərara gəliblər ki, fotolar ekspertiza olunsun və həmin əşyanın nə olduğu müəyyən edilsin. Ekspertiza keçirilməsi üçün etdikləri müraciətlərə "vəkilin təşəbbüsü ilə ekspertizanın keçirilməsinə qanun yol vermir” cavabı verilib. Buna görə də vəkillər rəsmi qaydada Rusiya Federasiyasının "Versiya” adlı müstəqil ekspertiza mərkəzinə müraciət ediblər. Aldıqları 12 П saylı rəydən məlum olub ki, ekspertizaya təqdim olunmuş fotoşəkil surət deyil, orijinaldır. Mərhumun kəmərinin sağ tərəfində yerləşən əşya öz konstruktiv xüsusiyyətlərinə görə odlu silah daşımaq üçün hazırlanmış qoburdur. Vəkil sözünə davam edir:

"Yəni hadisə baş verən zaman mərhum oraya heç də istintaq orqanının göstərməyə çalışdığı kimi, ictimai borcunu yerinə yetirməyə yox, hədə-qorxu ilə tələb etməyə gəlib. İctimai borcu yerinə yetirən şəxs dəfələrlə zəng edərək, oraya dəfələrlə belində odlu silahla gələrək pul tələb etməzdi. Onu da qeyd edim ki, mərhumun telefonu da qeydə alınan əşyaları arasında olmayıb. Əgər məhkəmədə bütün bu göstərilənlərdən sonra yenə də Nadir Həsənquliyevdə silah olması şübhəsi qalırsa, onda məhkəmənin diqqətini zərərçəkmişin hüquqi varisi, millət vəkili Qüdrət Həsənquliyevin ifadələrinə, çoxsaylı şikayətlərinə çəkmək istəyirəm. Həmin ifadə və şikayətlərdə Qüdrət Həsənquliyev özü hadisə yerində iki müxtəlif odlu silahlara məxsus güllələrin olduğunu göstərib, bu da iş materiallarında öz əksini tapıb. Buna dair ekspertiza rəyi də var. Göründüyü kimi hansısa səbəb və ya səbəblər üzündən nə istintaq, nə də məhkəmə orqanları tərəfindən obyektiv araşdırma aparılmayıb. İkinci silahın kimə məxsus olması araşdırılmayıb”.

"Qüdrət Həsənquliyev istintaqa da, məhkəməyə də təsir edirdi”

Anar İsmayılov Qaradağ Rayon Məhkəməsinə yazdığı ərizəsində göstərib ki, 1 iyun 2001-ci ildə millət vəkili Qüdrət Həsənquliyevin qardaşı, əvvəllər tanımadığı Nadir Həsənquliyev onun işlədiyi "Avtodoktor” firmasına gəlib.

Qüdrət Həsənquliyev
Mənbə: meydan.tv

Əli Nişangah adlı şəxslə firmada işləyən Həşim Babayev arasındakı 300 ABŞ dollarının mübahisəsini edib. Həşim Babayevdən pulu tələb edib. Adamların gözü qarşısında Həşimi döyüb, xəsarətlər yetirib. Anar İsmayılov tərəfləri sakitləşdirmək üçün araya girdikdə Nadir Həsənquliyev onu da vuraraq yerə yıxıb. Anar İsmayılov Nadiri və onunla gələn adamları qorxutmaq üçün silah çıxarıb. Bu vaxt Nadir Həsənquliyev də belindən silah çıxararaq onu vurmaq istəyib. Öldürüləcəyini görən Anar İsmayılov özünü müdafiə etmək üçün Nadir Həsənquliyevə bir neçə dəfə atəş açaraq qətlə yetirib. Nadir Həsənquliyevlə gələnlərdən biri kiminləsə telefon əlaqəsi saxlayıb, hadisə yerinə gələn bir nəfər mərhumun üzərindəki mobil telefonu götürərək çıxıb gedib. Hadisə yerində olan şahidlər bu halları ibtidai istintaq və məhkəmə vaxtı ifadələrində göstərsələr də, nə müstəntiqlər, nə də hakim məhəl qoymayıb. Məhkum yazır:

"Eldar Əhmədov və İqbal adlı müstəntiq mərhumun qardaşı Qüdrət Həsənquliyevin sifarii ilə Nadir Həsənquliyevi ictimai borcunu yerinə yetirən şəxs kimi qələmə vermək üçün sənədlərdə bir sıra "təmizləmə” işləri apardılar. Ancaq iş materiallarına nəzər salsaq görərik ki, mərhumun fotoları çəkilərkən qayışına bağlanmış odlu silah üçün qoburu "yox etmək” yaddan çıxıb. Mərhumun üzərindən çıxan əşyaların fotosuna baxanda görərsiz ki, əşyalar arasında qobur yoxdur”.

İki maddədən birinə xitam verilib

Anar İsmayılov Qaradağ Rayon Məhkəməsindən 18 il əvvəl 87013 saylı cinayət işi üzrə istintaq aparan şəxslərin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək cinayəti gizlətdiklərinə görə məsuliyyətə cəlb olunmalarına dair qərar qəbul olunmasını xahiş edib. Vəkillərsə Mehriban Əliyevaya müraciət ediblər. Birinci vitse-prezidentdən xahiş ediblər ki, Anar İsmayılovun törətdiyi əmələ cinayət qanunvericiliyində nəzərdə tutulan maksimal həddə - 15 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi üçün edəcəkləri müraciəti nəzarətdə saxlasın.

Hələ 18 il əvvəl Anar İsmayılov birinci instansiya məhkəməsinin hökmündən yuxarı instansiyalara müraciət edərkən barəsindəki 178-ci maddəyə xitam verilib. Üzərində yalnız xüsusi amansızlıqla adam öldürmə ittihamı saxlanılıb. Hazırda Qobustan Qapalı Həbsxanasında cəza çəkir.

Məsələyə deputat Qüdrət Həsənquliyevin münasibətini öyrənmək mümkün olmayıb. Meydan TV-nin dəfələrlə cəhd etməsinə baxmayaraq, sualları cavablandırılmayıb.