MSK-ya deputatı mandatdan məhrum etmək hüququ verild

MSK-ya deputatı mandatdan məhrum etmək hüququ verild

12-01-2018 16:52 / Bu xəbər 164 dəfə oxundu

Fazil Mustafa: ''Bu yanlış qərardır''

Mərkəzi Seçki Komissiyasına (MSK) deputatı mandatdan məhrum etmək üçün yeni hüquqlar verilib. 

Turan agentliyinin yaydığı məlumata əsasən, bu, "Seçki Məcəlləsi”nə edilmiş dəyişikliklərdə nəzərdə tutulub. 

Yanvarın 11-də prezident İlham Əliyev "Seçki Məcəlləsində dəyişikliklərin edilməsi haqqında” qanunu imzalayıb.

Belə ki, məcəllənin deputatın mandatdan məhrum edilməsi haqqında qərarın qəbul edilməsi ilə bağlı maddəsinə və konstitusiyaya əsasən deputat Azərbaycan vətəndaşlığından çıxdıqda və ya başqa dövlətin vətəndaşlığını qəbul etdikdə, dövlət orqanlarında vəzifə tutduqda, din xadimi olduqda, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla), özü imtina etdikdə MSK deputatın mandatdan məhrum edilməsi haqqında qərar qəbul edir.

"Seçki Məcəllə”sinə millət vəkillərinin "Milli Məclisin deputatları səsvermə hüququnu şəxsən həyata keçirirlər” tələbini və deputat üçün qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə pozmasına dair bəndlər də əlavə edilib. Deputat bu bəndlərdə nəzərdə tutulan qaydaları pozduqda MSK onu mandatdan məhrum edə bilər.

Mərkəzi Seçki Komissiyasına Milli Məclisin bu barədə rəsmi məlumatı daxil olduqdan sonra 15 gündən gec olmayaraq MSK həmin rəsmi məlumatı müzakirə edərək müvafiq qərar qəbul edir. Deputat MSK-nin qərarından məhkəməyə şikayət edə bilər. İş üzrə apellyasiya instansiyası məhkəmənin qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 10 gün müddətində Ali Məhkəməyə şikayət verilə bilər. Bu şikayətə 15 gün müddətində baxılmalıdır.

Deputatın mandatdan məhrum edilməsi haqqında MSK-nın qərarından məhkəməyə şikayət verdiyi hallarda müvafiq birmandatlı seçki dairəsi üzrə əlavə seçkilər məhkəmədə işə baxılmasının nəticələrindən asılı olaraq təyin edilir.

Fazil Mustafa

Lakin deputat Fazil Mustafanın sözlərinə görə, MSK deputatın mandatdan məhrum edilməsi ilə bağlı müstəqil qərar qəbul etmir. MSK ancaq məhkəmənin qərarını təsdiqləyir.

Bununla yanaşı millət vəkili qeyd edib ki, bu məsələ ilə bağlı Milli Məclisdə uzun müzakirələr gedib, hətta deputatlar bu məsələyə MSK-nin yox, Konstitusiya Məhkəməsinin baxmalı olduğunu deyiblər. "Amma deputatları eşitmədilər, bununla belə istənilən halda bunu yanlış qərar sayıram”, - F.Mustafa vurğulayıb. 

Seçkilərin monitorinqi üzrə ekspert Bəşir Süleymanlının fikrincə, yeniliklər pozuntuların monitorinqi və qeydə alınması prosesini çətinləşdirir .

Belə ki, bundan sonra seçki məntəqələrinə daxil olan sənədlərin yoxlanması qaydaları ləğv edilir. Həmçinin müxtəlif məntəqələrdə təkrar səsvermənin olmaması üçün seçicilərin barmaqlarının ultrabənövşəyi mürəkkəblə markalanması qaydaları aradan qaldırılır. Bundan sonra seçki qutuları möhürlənməyəcək, sadəcə, kilidlənəcək.