MSK ATƏT-lə əməkdaşlığa son verə biləcək bəyanatını yaydı

MSK ATƏT-lə əməkdaşlığa son verə biləcək bəyanatını yaydı

14-04-2018 15:26 / Bu xəbər 2781 dəfə oxundu

''MSK böyük təəssüf hissi ilə nümayəndələri sözügedən missiyanın tam əksəriyyətini təşkil edən ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu ilə əməkdaşlığın dayandırılması məcburiyyəti qarşısında qalacaq''

Mərkəzi Seçki Komissiyası (MSK) ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun 11 aprel növbədənkənar prezident seçkisi haqda bəyanatından təəssüflənib.

Bu barədə MSK-nin yaydığı bəyanatda bildirilib ki, ATƏT-in Parlament Assambleyası və Avropa Şurasının Parlament Assambleyasının müşahidə missiyasının çoxsaylı müşahidəçiləri də ayrı-ayrılıqda həmin mövqeni açıq şəkildə bəyan ediblər:

"Lakin təəssüflə qeyd edilməlidir ki, bu qurumların adından yayılan hesabatda 1300 seçki məntəqəsində müşahidə aparılması bildirilən, ümumilikdə seçkilərin nəticələrinə heç bir təsir etməyən və mənbəyi bəlli olmayan neqativlərin qabardılması yolu ilə (ən çox halda cəmi 156 məntəqədə ümumi məntəqələrin 2,8 faizindən də azında) bu və ya digər xarakterli texniki problemlərin olduğu bəyan edilmişdir. Bununla da, həm yuxarıda qeyd edilən çoxminlik müşahidəçilərin, həm də öz nümayəndələrinin fikirlərindən kəskin fərqlənən mövqe nümayiş etdirərək, seçkilər keçirilmiş 5641 məntəqənin hamısının nəticələrinə kölgə salmaq meyli nümayiş etdirilmişdir. Eyni zamanda, obyektivlik, qərəzsizlik, balanslılıq və peşəkarlıq kimi prinsiplərin pozulması açıq müşahidə edilən bu hesabat özündə əks etdirdiyi çoxsaylı daxili ziddiyyətlərlə də diqqəti cəlb edir. Beləliklə də seçkilərdə iştirak edən namizədlərdən hamısının prosesdən razı qalması, qanun pozuntularına dair heç bir şikayət və müraciətin olmaması, yüksək seçici fəallığı tamamilə diqqətdən kənarda saxlanılaraq süni saxtakarlıq mühitinin yaradılmasına cəhd edilir. İddia edilən pozuntuların kimin ziyanına edilməsini də anlamaq çox çətindir. Qeyd edilənlər ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, ATƏT-in Parlament Assambleyasının və Avropa Şurasının Parlament Assambleyasının müşahidə missiyasının hesabatının tərtibi zamanı bu təşkilatların müşahidəçilərinə missiya rəhbərliyi tərəfindən siyasi məqsəd daşıyan bu və ya digər təzyiqlərin göstərilməsi şübhəsini doğurmaya bilməz. Ölkə üzrə missiyanın nümayəndələri yerlərdə ayrı-ayrı insanlarla görüşüb onlardan seçkilərlə bağlı yalnız neqativ faktların təqdim edilməsini xahiş edirlər, bu da onların hesabatlarının kifayət qədər əsassız olduğuna dəlalət edir. Belə yanaşma missiyanın obyektivliyinə və qərəzsizliyinə ciddi kölgə salmaqla yanaşı, missiyanın rəhbərliyinə daxil olan bəzi şəxslərin, xüsusilə də missiya rəhbərinin müavini Ştefan Krauzenin qərəzli antiazərbaycan fəaliyyəti, habelə Azərbaycan dövlətinə, hakimiyyətinə və seçkilərdə namizədlərdən biri olmuş fəaliyyətdə olan ölkə Prezidentinə qarşı daimi aşkar mənfi mövqedə olmasına dair mövcud ictimai fikrə sanballı əsaslar yaradır”.

MSK bildirir ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun təkidi ilə Ştefan Krauzenin missiyada məsul vəzifəyə təyin edilməsi onun yaxından iştirakı ilə hazırlanacaq hesabatın qeyri-obyektiv olmasını öncədən xəbər vermişdir. Hesabatda göstərilən iradlar bir çox hallarda özü-özünü təkzib edir. Hesabatın əvvəlində qeyd olunur ki, "hakimiyyət orqanları əməkdaşlığa açıq olmuş və beynəlxalq müşahidəçilər seçkiqabağı müddətdə sərbəst fəaliyyət göstərə bilmişlər”. Bir qədər sonra isə "Beynəlxalq Seçki Müşahidə Missiyasına və digər müşahidəçilərə müşahidə zamanı məhdudiyyət yaradıldığı (uyğun olaraq 4 və 8 faiz)” iddia edilir. Başqa bir irad isə daha anlamsız görünür – "Vəzifədə olan Prezidentin təşviqat kampaniyası ilə onun rəsmi fəaliyyəti arasında heç bir fərq qoyulmamışdır”. Yaxşı olardı ki, bu fərqin hansı qaydada qoyulması və onun mahiyyətinin nədən ibarət olması izah olunsun. Missiyanın "seçki günü beynəlxalq müşahidəçilər şəffaflığın olmaması kimi pozuntu faktları haqqında məlumat vermişlər” iradı ümumilikdə qəbuledilməzdir.

Mərkəzi Seçki Komissiyası bildirir ki, heç bir prezident seçkiləri kampaniyasının tələbləri bu və ya digər namizədin şəxsi tənqidini nəzərdə tuta bilməz. Tənqid namizədin yalnız və yalnız seçkiqabağı platformasına yönəldilə bilər. İkincisi, açıq televiziya efiri məkanında namizədlər arasında aparılan debatlar birmənalı nümayiş etdirir ki, ölkədə yürüdülən həm daxili, həm də xarici siyasət namizədlər tərəfindən öz baxışlarına uyğun olaraq tənqidi təhlil edilmişdir və namizədlərdən biri, ümumiyyətlə, Azərbaycan dövlətinin öz suverenliyindən imtina etməsi çağırışları ilə çıxış etmişdir. Belə bir vəziyyətdə hesabatın "bu seçkilərdə həqiqi rəqabət olmamışdır” ifadəsi başadüşülməzdir və qəbulolunmazdır.

"Mərkəzi Seçki Komissiyası adıçəkilən sübutsuz, ziddiyyətlərlə dolu qərəzli hesabatın tam təhlilini məqsəd kimi qoymur və ümid edir ki, aprelin 11-də keçirilmiş növbədənkənar prezidenti seçkiləri ilə bağlı ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, ATƏT-in Parlament Assambleyasının və Avropa Şurasının Parlament Assambleyasının müşahidə missiyasının yekun hesabatında yuxarıda göstərilən və digər çoxsaylı uyğunsuzluqlar aradan qaldırılacaq. Əks halda, Mərkəzi Seçki Komissiyası böyük təəssüf hissi ilə nümayəndələri sözügedən missiyanın tam əksəriyyətini təşkil edən ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu ilə əməkdaşlığın dayandırılması məcburiyyəti qarşısında qalacaq",deyə bəyanat bu fikirlərlə yekunlaşır.

ATƏT, ATƏT PA və AŞPA-dan olan beynəlxalq müşahidəçilər Azərbaycanda aprelin 11-də növbədənkənar prezident seçkilərini mənfi qiymətləndirib.

Bu barədə missiya aprelin 12-də keçirdiyi mətbuat konfransında məlumat yayıb.

Aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyasının yekun rəyinə əsasən İlham Əliyev 86,3 faiz, Zahid Oruc 3,11 faiz, Sərdar Cəlaloğlu 3,03 faiz, Qüdrət Həsənquliyev 3,02 faiz, Hafiz Hacıyev 1,52 faiz, Araz Əlizadə 1,38 faiz, Fərəc Quliyev 1,17 faiz və Razi Nurullayev 0,74 faiz səs toplayıb.