Müsavat yürüş-mitinq qərarı verdi

Müsavat yürüş-mitinq qərarı verdi

25-02-2019 17:57 / Bu xəbər 1676 dəfə oxundu

Fevralın 25-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.

Partiyanın mətbuat xidmətindən "Basta"ya verilən məlumata görə, iclasda əvvəlcə Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı qərarların icrası, görülən işlər barədə məlumat verib. Müsavat Partiyası İmişli və Zərdab rayon təşkilatlarında keçirilən yığıncaqlar haqqında məlumat dinlənilib.

Müsavat Partiyası Mətbuat Departamentinin rəhbəri, bastainfo.com saytının baş redaktoru Mustafa Hacıbəyli haqqında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü Divan tərəfindən geniş müzakirə olunub.

Bu qərar siyasi sifariş, Müsavat Partiyasına, Mustafa Hacıbəyliyə qarşı təzyiqlərin davamı kimi qiymətləndirilib. 

Divan bu qərarın dərhal ləğv edilərək Mustafa Hacıbəyliyə bəraət verilməsini tələb edib.

Siyasi məhbusların məhkəmələri ilə bağlı məsələlərin müzakirəsi zamanı Müsavat Gənclər Təşkilatının sədri Əbülfəz Sadıqbəylinin məhkəmə prosesi haqqında məlumat verilib.

Divanda müstəqil vəkil Yalçın İmanovun vəkillik fəaliyətinə məhkəmə qərarı ilə xitam verilməsi müstəqil vəkillik institutuna basqı olduğu və bu qərarın siyasi sifarişlə verildiyini vurğulamaqla Yalçın İmanovun, eləcə də vəkillik səlahiyətlərinə bu və ya digər şəkildə məhdudiyət qoyulmuş şəxslərin Vəkillər Kollegiyasında fəaliyətinə şərait yaradılması tələb edilib.

Müsavat Partiyası Divanı ölkədə sərbəst toplaşmaq azadlığı haqqında qanuna əməl olunmamasını, hətta məhdud icazəli toplaşma imkanlarının da aradan qaldırılmasını pisləməklə 10 mart, saat 15:00-da "Siyasi məhbuslara azadlıq”, "Sərbəst toplaşma azadlığı təmin edilsin”, "Aztəminatlı əhalinin kredit borcları dövlət tərəfindən ödənilsin” və digər tələblərlə S.S.Axundov küçəsindən başlamaqla, "Dərnəgül” metrostansiyası yaxınlığındakı meydana qədər yürüş, sonda mitinq keçirilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmək barədə qərar qəbul edib.

Divanda İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin Azərbaycan ərazilərinə iddia edərək dediklərinin beynəlxalq hüquq normalarına, dinc yanaşı yaşamaq prinsiplərinə zidd olduğu vurğulanıb, bu açıqlamalara Azərbaycan hakimiyətinin susqunluqla reaksiya verməsi pislənilib.