Müsavat və ReAL partiyaları mitinqə dəstək verəcək

Müsavat və ReAL partiyaları mitinqə dəstək verəcək

18-01-2019 19:24 / Bu xəbər 1321 dəfə oxundu

Partiya rəhbərləri aksiyada iştiraklarını açıqlayıblar

Demokratik Qüvvələrin Milli Şurasının yanvarın 19-da "Məhsul” stadionunda keçirəcəyi mitinqdə Müsavat və ReAL partiyaları da iştirak edəcək.

Müsavat Partiyasının başqanı Arif Hacılı "Facebook” hesabında aksiyaya dəstəyini paylaşıb.

Yanvarın 18-də isə Müsavat Partiyasının rayon təşkilatı sədrlərinə 19 yanvar mitinqinə hazırlıqla əlaqədar son tapşırıqlar verilib.

"Bastainfo”-nun məlumatına görə, toplantıda Müsavat Partiyasının Məclis sədri Nüşabə Sadıxlı, partiya başqanının müavinləri Razim Əmiraslanlı, Səxavət Soltanlı və Fərəc Kərimli iştirak ediblər.

ReAL Partiyasının sədri İlqar Məmmədov isə "Facebook” səhifəsində yazıb ki, AXCP sədri Əli Kərimli Milli Şuranın 19 yanvar mitinqi ilə əlaqədar ona müraciət edib. REAL İdarə Heyəti açıq səsvermə yolu ilə dəvət əsasında iştirakın mümkünlüyünü qəbul edib.

İdarə Heyəti bu mitinqdə REAL-ın adından dəstək nitqi ilə çıxış etməyi İlqar Məmmədova tapşırıb.

"Baxmayaraq ki, hazırda sağlamlıq dururumum bunu çətinləşdirir, qatılıb siyasi məhbusların müdafiəsinə çıxış edəcəyəm”, – İlqar Məmmədov yazıb.

Demokratik Qüvvələrin Milli Şurası yanvarın 19-da "Məhsul” stadionunda 2 il azadlıqdan məhrum edilən bloger Mehman Hüseynovun və bütün siyasi məhbusların həbsdən azad edilməsi ilə bağlı askiya keçirəcək.

Xatırlatma

Hazırda məhbus həyatı yaşayan Mehman Hüseynova qarşı azadlığına iki ay qalmış qarşı yeni cinayət işi açılıb. O, Cinayət Məcəlləsinin 317.2-ci maddəsi (Cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının əməkdaşına qarşı həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etmə) ilə təqsirləndirilir.

Bu maddə 5 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Yeni cinayət işinə etiraz əlaməti olaraq Mehman Hüseynov aclıq elan edib. Sonradan bu aksiyaya ictimai fəallar, siyasətçilər və beynəlxalq təşkilatların siyasi məhbus kimi tanıdığı şəxslər də qoşulublar.

meydan.tv