Müsavat Məclisi hansı məsələləri müzakirə etdi?

Müsavat Məclisi hansı məsələləri müzakirə etdi?

07-10-2018 00:02 / Bu xəbər 452 dəfə oxundu

Bu gün Müsavat Partiyası Məclisinin növbəti sessiyası keçirilib.

İclası giriş sözü ilə Məclis sədri Nüşabə Sadıqlı açıb.

O, iclasın gündəliyini elan edəndən sonra partiyanın başqanı Arif Hacılı Müsavat Partiyasının 9-cu qurultayına hazırlıq və ölkədəki ictimai-siyasi vəziyyət barədə məruzə edib.

Bu barədə bastainfo.com məlumat yayıb. 

Məlumatda deyilir ki, Arif Hacılı Müsavat Partiyası Şirvan Şəhər təşkilatının sədri, şərlənərək həbs olunan siyasi məhbus Əlikram Xurşudovun məhkəmə prosesinin nəticəsi olaraq həbsdə saxlanılmasından, həbsxanada ona olunan təzyiqlər barədə danışıb. 

A. Hacılı hakimiyyətin siyasi motivlərlə həbs olunmuş bütün məhbuslara eyni münasibət bəslədiyini deyib: "Hökumət sovet dövrünün ənənəsini davam etdirir. Mustafa Cəmiloğlunun həbs müddəti bitməsinə bir neçə gün qalmış admnistrasiyanın təşkil etdiyi təxribat yolu ilə yenidən cinayət məsuliyyətinə cəlb olunmuşdu. Mustafa Cəmiloğlu bundan sonra daha bir-neçə il həbsdə qalıb. Tarixdən bildiyimiz dəhşətlər indi başımıza gəlir. Məmməd İbrahim oxşar üsulla həbsdə saxlanılır.

Jurnalist Aytac Əhmədovaya qarşı polisin törətdiyi əməl qanun pozuntusudur, buna görə ölçü götürülməlidir. Bu təkcə bir jurnalistə qarşı deyil, ümumilikdə mətbuata qarşı olan təzyiqin bir hissəsidir. Hökümət təkcə jurnalistlərə təzyiq etməklə kifayətlənmir, müstəqil medianı sıradan çıxarmağa çalışır. Müsavat Partiyasına media dəstəyi verən "Basta” saytının faktiki olaraq ölkədən girişi məhkəmə qərarı olmadan bloklandı. Saytın əmlakı müsadirə olundu. Saytın baş redaktoru və əməkdaşları cinayət məsuliyyətinə cəlb olundu, saatlarla prokurorluqda dindirildi. Biz Müsavat Partiyası olaraq hakimiyyətin bu və buna bənzər bütün əməllərini pisləyirik". 

"Müsavat Partiyası ümumiyyətlə Azərbaycanda baş verən bütün problemlərin həllində məsuliyyət daşıyır. Əgər ölkədə istənilən yolla siyasi dəyişiklik olarsa sonda mütləq seçki keçiriləcək və Müsavat Partiyası bu seçkilərdə qalib olacaq. Biz Azərbaycanın maraqlarının olduğu hər yerdə varıq. Hakimiyyətin ölkə daxilində və xaricdə olan qüvvələri antimüsavat təbliğatı aparır. İlham Əliyev hər dəfə müxalifəti "AXC-Müsavat cütlüyü” adlandırır. Əslində, o yaxşı bilir ki, belə bir birlik yoxdu. Bu termini işlədərkən o təhlükənin hardan gələ biləcəyinə işarə vurur. Bilir ki, məhz bu qüvvələr hakimiyyət dəyişikliyinə nail ola bilər.”, - Arif Hacılı vurğulayıb. 

Müsavat Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı Qurultaya hazırlıq üzrə təşkilat komitəsinin məlumatını Məclis üzvülərinin diqqətinə çatdırıb.

Məclisdə Milli Strateji Düşüncə Mərkəzinin (MSDM) sədri, Məclis üzvü İsa Qəmbər də çıxış edib.

O bildirib ki, Azərbaycan gələcəyi Müsavat partiyasından kənarda mümkün deyil: "Zaman-zaman müxtəlif partiyalar, siyasətçilər Müsavat Partiyasının, Məhəmməd Əmin Rəsulzadənin işlətdiyi şüarları öz şüarları kimi səsləndirib, indi də Müsavat Partiyasına aid olan, Arif Hacılının irəli sürdüyü, "Bu vətən bizimdir!” şüarı hər kəsin dilindədir. Hətta Qarabağ mitinqində də, Qarabağ-Arsenal oyununda da səsləndirildi. Təbii ki, bunu görmək çox xoş idi”.

Divan üzvü Osman Kazımov, Tofiq Yaqublu, Məclis üzvləri Valeh Hümmətoğlu, Rəşid Vəliyev, Etibar Əkbərli, MNTK üzvü Çingiz Əli çıxış edərək ölkədəki ictimai-siyasi vəziyyət barədə danışıb, mübarizənin miqyasını daha genişləndirməyin zəruri olduğunu vurğulayıblar.