Müsavatçı gəncə ailəsi ilə görüşə icazə verilmir

Müsavatçı gəncə ailəsi ilə görüşə icazə verilmir

14-12-2018 17:37 / Bu xəbər 1147 dəfə oxundu

"Əbülfəz Sadıqbəyli noyabrın 21-də həbs olunsa da, bugünədək ailəsi ilə telefon əlaqəsi yarada bilməyib. Heç görüşə də icazə verilmir”.

Bu sözləri Meydan TV-yə Müsavat Partiyası Gənclər Təşkilatının sədri Əbülfəz Sadıqbəylinin qardaşı Vasif Sadıqbəyli deyib.

Onun sözlərinə görə, təcridxanadan qadağa olduğu bildirilib: "İstintaqı da yekunlaşıb. İstintaqı aparan Osman adlı müstəntiq də bildirir ki, biz tərəfdən qadağa qoyulmayıb.

Bundan başqa, bu gün ev dustaqlığı ilə bağlı məhkəmə qərarından verdiyimiz apelyasiya şikayətinə baxılmağın sonuncu günü olsa da, baxılmadı. Ümumiyyətlə apelyasiya məhkəməsi təyin olunmadı”.

Noyabrın 21-də Səbail Rayon Məhkəməsi Əbülfəz Sadıqbəyli barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçib. 

O, Cinayət Məcəlləsinin 178 (dələduzluq) və 320-ci (saxta sənəd hazırlama və ya ondan istifadə) maddələrilə ittiham olunur.

İttihama görə, müsavatçı "Nikoil bank”-ın adından saxta sənəd hazırlayıb. Bildirilir ki, o, bankdan kreditilə aldığı "Niva" markalı avtomobilə görə, borclu qaldığı 5 min 100 manatın ödənilməsi barədə arayışı yol polisinə təqdim edərək, avtomobili öz mülkiyyətinə keçirib, daha sonra satıb. İstintaq orqanı həmin arayışın saxta olduğunu iddia edir.

Əbülfəz Sadıqov ittihamı qəbul etmir. Müsavat Partiyası həbsin siyasi motivli olduğunu bəyan edib.

Bununla bağlı hər hansı rəsmi açıqlama yoxdur.