Müsavatçı fəalın məhkəməsi keçirilib

Müsavatçı fəalın məhkəməsi keçirilib

10-04-2019 15:55 / Bu xəbər 1017 dəfə oxundu

''Yalan danışan ən axırıncı adamdır''

Müsavat Partiyasının fəalı, Litvada siyasi mühacir həyatı yaşayan və ağır xəstə olan atasına baş çəkməyə gəldiyi gün həbs olunan Azad Həsənovun məhkəməsi aprelin 9-da davam etdirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyilə keçirilən məhkəmə iclasında Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları Elvin Kazımov və Naib Ömərov şahid qismində dindirilib. Onlar A.Həsənovu həbs edənlərdir.

Adları çəkilən şahidlər ötən məhkəmə iclaslarında dindiriliblər. Lakin sonradan məlum olub ki, bu şahidlərin istintaqdakı ifadələri bütün xırdalıqlarına qədər eynidir. Bu əsasla vəkil onların təkrar dindirilməsi barədə vəsatət qaldırmış, hakim də təmin etmişdi.

Polislər təkrar dindirmə zamanı ifadələrinin eyni olmasını bir hadisə haqda danışmalarıyla izah ediblər. Vəkil isə bildirib ki, eyni hadisə barədə danışsalar da, sözbəsöz eyni cür ifadə vermələri mümkün deyil.

Azad Həsənov isə bir daha günahsız olduğunu, narkotiki cibinə polislərin atdığını bildirib.

Polis əməkdaşı Elvin Kazımov dindiriləndə deyib ki, əməliyyat məlumatı əsasında Azad Həsənovu saxlayıb idarəyə gətirəndən sonra hal şahidləri dəvət ediblər: "Üstünə baxış keçirmək istəyəndə özü cibindən narkotiki çıxarıb qoydu. Dedi ki, qəbiristanlıq kimi yerdən tapmışam”.

Azad Həsənov onun yalan danışdığını bildirib: "Yalan danışan ən axırıncı adamdır. Mənim yerimdə burada bu adam oturmalıdır. Ramil Usubovun göstərişilə mənim cibimə bunlar narkotiki atıblar”.

Azad Həsənovun sözlərinə görə, həbs edilərkən ona dövlət hesabına təyin olunan vəkil də polislərlə əlbir olub: "Vəkil də elə bunların tayı idi”.

Şahidlər dindirilərkən Azad Həsənovun idarədə əlləri qandallı saxlanılmasıyla bağlı onlara suallar verilib. Azad Həsənov bildirib ki, o, idarədə əlləri qandallı saxlanıb, hətta ayaqyoluna da bu vəziyyətdə aparılıb.

Polis əməkdaşı Elvin Kazımov bildirib ki, onun əlləri qandallı olmayıb. Naib Ömərov isə onun qandallı olub-olmamasını xatırlamadığını söyləyib.

Məhkəmə prosesi aprelin 16-na qədər təxirə salınıb.

A.Həsənov 2018-ci il oktyabrın 11-də həbs olunub. O, Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik maddə əldə etmə, daşıma və ya saxlama satış məqsədilə olduqda) maddəsilə ittiham olunur.

Bu maddənin sanksiyasında 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası var.///Meydan.tv