Mitinq təşkilatçılarına xəbərdarlıq edilib

Mitinq təşkilatçılarına xəbərdarlıq edilib

28-09-2018 13:55 / Bu xəbər 2665 dəfə oxundu

Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) sabah Bakıda keçiriləcək mitinqlə bağlı xəbərdarlıq edib.

İdarənin rəis müavini, polis general-mayoru Səhlab Bağırov "Report”a bildirib ki, bu gün mitinqin təşkilatçıları Bakı şəhər Baş Polis İdarəsinə dəvət olunub və onlara xəbərdarlıq edilib. 

General qeyd edib ki, sentyabrın 29-da keçirilməsi nəzərdə tutulan mitinqə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən icazə verilib: "Təşkilatçılar bildirdilər ki, mitinqdə ancaq Qarabağa dair şüarlar səsləndiriləcəklər. Bizim vəzifəmiz təhlükəsizliyi təmin etməkdir. Mitinq iştirakçıları da öz növbəsində qanundan kənar hərəkətlərə yol verməməlidir. Bildirmək istəyirəm ki, Bakı şəhər İcra Hakimiyyətinə ünvanlanan müraciətdə qeyd olunan şüarlardan fərqli şüarların səslənməsinə, həmçinin iğtişaşa və qarşıdurmaya səbəb ola biləcək hər hansı addımın atılmasına imkan verilməyəcək. Əks təqdirdə, mitinqin təşkilatçıları və günahkarlar qanun çərçivəsində cəzalandırılacaqlar”.

Qarabağ Komitəsi sentyabrın 29-da "Qarabağa azadlıq!”, "Köçkünləri yurdlarına qaytarın!” şüarları ilə mitinq keçirməyə hazırlaşır.

Qarabağ Komitəsi iki ay öncə təsis edilib. Komitəyə Klassik Xalq Cəbhəsi, Müsavat, Milliyətçi Hərəkat, İslam, Xalq, Ağ, Vətəndaş Həmrəyliyi, Milli Demokrat partiyaları, Qarabağ Azadlıq Təşkilatı, Qərbi Azərbaycana Qayıdış İctmai Birliyi, Qarabağ Qaziləri təşkilatı daxildir.

Komitə məqsədinin Qarabağ probleminin daim ictimai diqqətdə saxlanılması olduğunu bəyan edib. Bunun üçün mütəmadi mitinqlər, yürüşlər, elmi konfranslar, sərgilər, görüşlər və digər ictimai tədbirlər keçirməyi planlaşdırdığını bildirir.