Milli Şura: "Mitinqə ''yox'' cavabı İlham Əliyevin göstərişi ilə verilir"

Milli Şura:

22-02-2019 16:47 / Bu xəbər 1349 dəfə oxundu

"Azərbaycan xalqının oyanışı artıq geridönməz xarakterdədir''

Demokratik Qüvvələrin Milli Şurası Bakı Şəhər İcra Hakimiyyətinin 23 fevral mitinqinə razılıq verməməsi ilə bağlı bəyanat yayıb. 

Milli Şura xatırladıb ki, icra hakimiyyəti son 1 ayda artıq ikinci dəfədir onların mitinq müraciətinə mənfi cavab verir. Bundan əvvəl yanvarın 26-da eyni məkanda mitinq keçirmək üçün BŞİH-ə müraciət olunmuş, amma mənfi cavab alınmışdı:

"Şübhəsiz ki, BŞİH bu "yox” cavablarını Prezident Administrasiyasının, daha dəqiqi bilavasitə ölkə başçısı İlham Əliyevin göstərişi ilə verir. Vətəndaşların sərbət toplaşmaq hüququnu əlindən alan bu qərar ölkə Konstitusiyasının 49-cu, Avropa Konvensiyasının 11-ci maddələrinin kobud şəildə pozulması, Azərbaycanın ATƏT və AŞPA qarşısındakı öhdəliklərinə ziddir. Azərbaycan hakimiyyəti dinc mitinqlərin təşkilinə sistemli şəkildə imkan verməməklə diktaturaya tam keçid etdiyini göstərir”.

Milli Şura hesab edir ki, 23 fevral mitinqinə razılıq verilməməsi də hakimiyyətin 19 yanvar mitinqindən sonra keçirdiyi qorxunun nəticəsidir:

"Hakimiyyət 19 yanvar mitinqində Azərbaycan xalqının kütləvi hərəkata keçid mərhələsində olduğunu gördü və bunun qarşısını almağın ilk yolu kimi növbəti dinc mitinqlərə razılıq verməməyi düşündü. Bu qanunsuz addımı dərhal xalqın müxtəlif təbəqələrini ələ almaq üçün görülən imitasiya xarakterli tədbirlər təqib etməyə başladı. Bununla yanaşı 19 yanvar mitinqinin təşkilatçılarına və iştirakçılarına kütləvi surətdə polisdən, başqa dövət orqanlarından hədə-qorxu və ələ alma zəngləri oldu. Bütün bu tədbirlər, hakimiyyətin düşüncəsinə görə, xalqın oyanışını əngəlləməli, mitinqlərin davamına kütləvi marağı azaltmalı idi”.

Bəyanat müəllifləri hesab edirlər ki, lakin 23 fevral mitinqinə "yox” deyilməsi də göstərir ki, hakimiyyətin gözləntiləri doğrulmayıb.

"Hakimiyyət dərk edib ki, Azərbaycan xalqının oyanışı artıq geridönməz xarakterdədir və nə hədə-qorxu, nə də ələ alma cəhdləri onu ölkədə köklü dəyişiklik istəyindən çəkindirə bilir. Xalq dinc etiraz mitinqlərinə daha çox ölkədə köklü dəyişikliklərə nail olmaq vasitəsi kimi baxır və bu üzdən də mitinqlərin iştirakçı sayı baxımından getdikcə böyüyəcəyi şübhəsizdir. Hakimiyyət məhz buna əmin olduğu üçün çıxış yolunu növbəti dəfə mitinqə razılıq verməməkdə görüb”.

Milli Şura bəyan edir ki, hakimiyyətin dinc mitinqlərə razılıq verməməklə vəziyyətdən çıxmaq istəyi kökündən yanlışdır:

"Dinc mitinq üçün müxalifətin müraciətlərinə davamlı "yox” deyilməsi hər şeydən əvvəl ölkə başçısı İlham Əliyevin yerli və xarici auditoriyalarda təkrarlamağı çox sevdiyi "Azərbaycanda sərbəst toplaşmaq azadlığı var, müxalifətin mitinqlərinə şərait yaradılır...” kimi sözlərinin inkarı, onun yalançı çıxarılmasıdır. Bu mövqe həmçinin ölkə daxilində ictimai-siyasi gərginliyi artırır, əhalinin dinc etirazlara imkan verilmədiyini görən müxtəlif təbəqələrini daha radikal hərəkətlərə, razılaşdırılmamış aksiyalara sövq edir və Azərbaycan hakimiyyətinə əlavə beynəlxalq təzyiqlər üçün əsas verir. Milli Şura hakimiyyəti bütün bunları nəzərə almağa, məsuliyyətli davranmağa və ölkədə sərbəst toplaşmaq azadlığının tamamilə ləğvindən çəkinməyə çağırır”.

Bəyanatda Milli Şura tələb edib ki, vətəndaşların Konstitusiya ilə qorunan toplaşmaq hüququna hörmət olunsun və bundan sonra dinc mitinqlər üçün ediləcək müraciətlərə qanunla nəzərdə tutulduğu kimi, müsbət cavab verilsin.

"Əks halda yarana biləcək istənilən xoşagəlməz hadisəyə görə hakimiyyət məsuliyyət daşıyacaq. Milli Şura öz tərəfdarlarına və ümumən Azərbaycan xalqına çağırış edir ki, hakimiyyətlə siyasi mübarizənin, sosial-iqtisadi etirazların, eləcə də kütləvi mitinqlərin təşkilində ən xəfif zorakı meyldən də çəkinsinlər, istisnasız olaraq dinc, qanuni vasitələrdən istifadə etsinlər. Xalqımızın oyanış dövründə hər hansı təxribata əsas vermək olmaz. Milli Şura beynəlxalq birliyə və dünyanın demokratik ictimaiyyətinə də səslənir ki, Azərbaycan hakimiyyətini tam diktaturaya keçid yolundan döndərmək üçün yubanmadan təsirli tədbirlərə əl atsın. Hakimiyyətin bu qanunsuzluğu ilə barışmaq fikrində deyilik, yaranmış situasiyaya uyğun sonrakı addımları, o cümlədən növbəti mitinqlərlə bağlı detalları müzakirə edir və yaxın günlərdə öz qərarlarını ictimaiyyətə açıqlayacaq”.///meydan.tv