Mənim seçki utancım

Mənim seçki utancım

18-01-2018 01:52 / Bu xəbər 3106 dəfə oxundu

Aygün Hacıyeva

Mələk filan deyiləm. Geriyə baxanda, "kaş ki etməyə idim, deməyə idim”- kimi çox səhvim var. Hələ də xatırlayanda üzümün qızardığını, tərlədiyimi hiss edirəm. Amma heç biri mənə bir qadın, müəllim və vətəndaş kimi alçaldıldığım seçki günləri kimi xəcalət vemir. Hər dəfə utancla xatırlayıram... Vicdanımdakı bu ləkəni təmizləyə bilməyəcəyimin fərqindəyəm. Bir müəllim kimi şagirdlərimə və onların gələcəyinə edilən böyük xəyanətdə mənim də payım olduğunu fikirləşdikcə, özümə nifrət edirəm. Kaş ki o anda susmasaydım, "yox” deyəcək cəsarəti o anda özümdə tapa və indi bu yüklə yaşamayaydım...

2013 –cü ilin prezident seçkilərinə bir həftə qalmışdı. Katibə dərs keçdiyim otağın qapısından boylanıb: "Tənəffüsdə direktorun otağına düşərsən”, - dedi. Qanım qaraldı. Nə üçün çağrıldığımı təxmin edirdim. Bütün ayı gözə görünməməyə çalışmışdım, müəllimlər otağına girmirdim, az qala məktəbə xəlvət gəlib-gedirdim. Ümid edirdim ki, unudarlar, çağırmazlar. Axırıncı seçkilərdə özümə söz vermişdim, bir də getməyəcəkdim, o iyrənc səhnələri bir də görmək istəmirdim. Amma belə görünürdü ki, gizlənməyimin köməyi olmamışdı.

Direktorun otağına girəndə özlüyümdə hazırladığım nitqimə başlamağa imkan vermədi. Elə "Adil müəllim, axı sizdən xahiş etmişdim, məni bir də seçki...” - deyə başlamışdım ki, sözümü ağzımda qoydu: "Müəllimə, hamısını bilirəm, sizi də yaxşı başa düşürəm, siz də məni başa düşün, bu yaşımda həbsxanaya düşməyimi istəyirsiz? Bir gün kömək edin mənə, bu işi qəzasız-bəlasız ötüşdürək, canımız qurtarsın”.

Daha sonra söhbəti ustalıqla dostluq, duz-çörək, qarşılıqlı hörmət, böyük-kiçik, milli dəyərlərə aparıb çıxardı, sözarası vaxtilə mənə göstərdiyi dəstəyi vurğuladı. O danışdıqca, qətiyyətimin yox olduğunu hiss edirdim. Bir az da davam etsəydi, respublikamızda gedən nəhəng abadlıq-quruculuq işləri, iqtisadiyyatımızın günü-gündən möhkəmlənməsi nağılına inanacaqdım. Bu lüzumsuz nitqdən qurtulmağın başqa yolu olmadığını anlayırdım.

Çarəsiz: ”Yaxşı, gələcəm”, - dedim. Çıxanda, arxadan çağırdı: ”Müəllimlər otağından Yaqut və İradəyə deyin, yanıma düşsünlər”. İndi bu nitqini onlara da təkrarlamalı idi.

Direktorumuza hörmətim vardı. Əslində, pis insan deyildi, istedadlı ədəbiyyatçı, gözəl füzulişunasdır, özü də pis yazmır. Saatlarla Füzulidən qəzəllər deyə bilər. Əgər vaxtında məmur olmağı seçməsəydi, ədəbi mühitdə tanınmış simalardan biri ola bilərdi. Amma indi ən böyük ədəbi fəaliyyəti icra hakimiyyəti başçılarının nitq mətnini yazmaqdır... Hə, bir də prezident rayona gələndə rayon ictimaiyyəti adından o danışmışdı.

Seçki günü səhər tezdən məktəbə gedəndə, hava hələ alaqaranlıq idi. Uzaqdan bir-iki polis maşını gözə dəyirdi, icra hakimiyyətində işləyən Rəşad da orada idi. Əllərini belinə qoyub, üzünə də ciddi görkəm vermişdi, baş verə biləcək hər hansı insidentə hazır görünürdü. Məsələn, çox sual verən müxalifət nümayəndəsinə şüvənliklə, xarici müşahidəçilərə isə yumşaqlıqla cavab verəcəkdi. Seçki komissiyasının naharını təşkil etməyi də ona tapşırmışdılar.

Axırıncı seçkilərdə ən ucuz restorandan bir qazan qarabaşaq sifariş vermişdi. Odur ki, müəllimlərin ondan zəhləsi gedirdi. Yanından ötüb məntəqənin qapısına yaxınlaşdım, salam verməmək üçün özümü görməzliyə vurdum.

Yadıma düşdü ki, adım və müşahidəçisi olduğum partiyanın adı olan nişanı taxmamışam. Çantamdan tapıb çıxardım. "Ana Vətən Partiyası... Gedək Vətənin anasını ağlar qoyaq...”, - deyə öz-özümə mızıldandım. Dünəndən partiyanın rəhbərinin adını araşdırmışdım, hər ehtimala qarşı, birdən soruşa bilərdilər. Başqa bir neçə faktı xatırlamağa çalışdım, heç bir şey alınmadı. "Cəhənnəmə ki”, - deyib içəri keçdim.

Seçki komissiyasının üzvləri artıq orada hazır idilər. Əksəriyyəti məktəb rəhbərliyindən və direktorun etibarlı adamları idi. Onlara həm də komissiya üzvləri kimi qəpik-quruş da olsa pul yazılırdı, biz müşahidəçilər isə aşağı təbəqəyə aid idik, müftə saxtakarlıq edən qorxaqlar...

85 saylı Göyçay-Ağdaş seçki dairəsi kamera ilə təchiz olunmuşdu. Müəllimlərə kamera ilə necə davranmaları haqqında ətraflı təlimatlar verilmişdi. Adı bizim məntəqənin siyahısında olan və olmayan müəllimlərə mütləq bütün ailələri ilə səsverməyə gəlmələri tapşırılmışdı. Onbaşı və yüzbaşılar təyin olunmuşdu və hər biri də öhdəsinə düşən vəzifəni bilirdi.

Əslində, səsverməyə gələn keçmiş tələbələrimdən, valideynlərdən utanıb küncdə gizlənməyə çalışmasaydım və tam ölməmiş vicdanım ara-sıra narahat etməsəydi, əməlli-başlı əyləncəli bir tamaşa idi.

Komissiyanın sədri olan direktorumuz üzünü kameraya tutub pencəyini düymələyərək seçkinin başlanmasını rəsmi olaraq elan etdikdən bir-iki saat sonra, maraqlı səhnələr elə sürətlə bir-birini əvəzləməyə başladı ki, artıq vicdanım susub hardasa gizlənmişdi və mən prosesdən zövq alırdım.

Əvvəlcə məktəbin idman müəllimi Kazım müəllim həmişəki geyimində, qara godəkcədə və başıaçıq gəldi, bizə də təntənəli surətdə bir salam verdi, səs verdi və getdi. Sonra yenə gəldi, bu dəfə dama-dama jaketdə və başında "beyzbolka", yenə səs verdi və getdi. Üçüncü dəfə gələndə boz palto geyinmişdi və gözündə eynəyi var idi. Səs verdi və çıxanda bizə göz vurdu və getdi. Hər dəfə gələndə informatika müəllimimiz Hacı Məhəmməd müəllim barmağını detektorla yoxlayırdı və ya yoxlayırmış kimi edirdi. Yüzbaşılar dəstə-dəstə adamları qabağına qatıb fəxrlə gətirirdi. Təşkilatçılığa söz ola bilməzdi. Adamları seçkiyə daşımaq üçün mikoavtobuslar təyin olunmuşdu.

Seçicilərin arasında Ruhiyyə müəlliməni görəndə heç təəccüblənmədim. Şəhərin o biri başında yaşayırdı, dərslərə gəlib-getməyə çətinlik çəkirdi və əlbəttə ki, başqa məntəqədə siyahıda idi. Amma buradan "çörək yeyirdi” və tapşırığa əsasən borcunu yerinə yetirməyə gəlmişdi. Komissiya üzvləri rollarını əla oynayırdılar. Ruhiyyə müəllimə onlara yaxınlaşanda, guya adını siyahıda axtarırmış kimi bir xeyli siyahı üzərində gəzişir, qol çəkdirirdilər. Ruhiyyə qutuya yaxınlaşanda qatladığı bülleten(lər) elə qalın idi ki, qutudan keçirməyə xeyli zəhmət sərf etdi.

Birdən hay düşdü ki, xarici müşahidəçilər gəlir. Komissiya üzvləri xüsusi canfəşanlıq göstərməyə başladılar.

Üzlərdəki yorğun ifadə yalançı gülüşlə əvəz olundu. Direktorun him-cimi ilə Kazim və Ruhiyyə muəllim kimi seçicilər, onbaşı və yüzbaşılar qeybə çəkildi, elə bir qurbağa gölünə daş atdılar. Səhnə boşaldı və bir anda maraqsızlaşdı. Xarici müşahidəçi bizim tərəfə göz gəzdirib seçki kabinələrinin yaxınlığında dayandı. Elə həmin anda kabinədən yaşlı bir seçici ilə bizim onbaşılardan biri birlikdə çıxdı. Əlbəttə, ki, seçiciyə İlham Əliyevin adını tapmağa kömək edirdi. Xarici müşahidəçi tərcüməçi ilə birlikdə onları çölə çıxanacan izlədi. Direktorumuzun rəngi qaçmışdı, qanlı-qanlı onbaşıya baxdı, onbaşı isə üzündə gunahkar ifadə ilə qurbanlıq quzuya oxşayırdı. Bir neçə saniyə baxışdılar, arxa fonda bir həzin musiqi olsaydı, Oskarlıq dramatik film səhnəsi idi. Bir neçə dəqiqədən sonra çöldən xəbər gəldi ki, bəs onbaşı: "Seçici oxuma-yazma bilmir, bulleteni onun üçün oxuyurdum”, - deyib. Amma direktorumuz sakitləşmirdi, bu səhvin onbaşıya baha başa gələcəyi məlum idi.

Növbəti dərs bölgüsündə ən azı beş saat dərsə əlvida deməli olacaqdı.

Günorta saatlarından sonra adamlar azalmışdı. Direktorumuz yenə narahat olmağa başladı, "Bizim məntəqədə qeydiyyatda olan müşahidəçilərimiz niyə səs vermir?”, - deyib bizə göz elədi. Əvvəcə İradə müəllimə səs verdi.

Təcrübəli idi, bülletenləri ustalıqla bir-birinin içində qatlamışdı, səliqə ilə qutuya atıb, fəxrlə gülümsədi, keçib yerində oturdu. Sıra Yaqut müəlliməyə gəldi. O, İradə müəllimə kimi zirək deyildi, bir şeyi anlaması zaman alırdı.

Kabinədən çıxıb qutuya yaxınlaşanda ayrı-ayrı səliqə ilə qatladığı bülletenləri qoltuğuna vurmuşdu. Qutunun yanında dayanıb əlindəki bülletenləri tək-tək qutuya atmağa başladı. Müşahidəçilər, kommisiya üzvləri:

"Yaqut, kamera!”,- deyə xəbərdarlıq etməyə çalışsalar da, o, elə öz işındə idi. Direktorumuzun rəngi ağarmışdı, ürək tutması keçirmək üzrə idi. Bülletenləri qutuya doldurmağına ara verən Yaqut bizim səsimizi eşidib boylandı, elində qalan iki-üç bülleteni havaya qaldırıb: "Elə bunlar qalıb, qurtarıram, nə özünüzə əl qatmısız?”, - dedi. Yox, Adil müəllimi, doğrudan, bu dəfə infarkt vuracaqdı...

Məni səs verməyə çağıranda hələ də bayaqkı səhnəyə gülürdüm. İnsanlar necə ki öz ölümlərini təsəvvür edə bilmirlər, mən də elə bilirdim ki, bu hadisələrin mənə dəxli yoxdur, sadəcə, tamaşaçıyam. Komissiya üzvlərinin oturduğu stola yaxınlaşanda artıq başqa əhval-ruhiyyədə idim, daha gülmürdüm. Direktorun təsərrüfat üzrə köməkçisi: "Hə, müəllimə, özünüz bilirsiniz də, nə etmək lazımdır”, - deyə pıçıldadı. Bir-birinin üstünə qoyub ona yaxın bülletenin qulağını kəsib mənə uzatdı. Bülletenləri götürüb kabinəyə yollananda dizlərim əsməyə başladı, ayaqlarımı güclə sürüyürdüm. Bayaqdan susmuş vicdanım oyanmışdı, artıq əyləncə bitmişdi və mən bu saxtakarlığın tamaşaçısı deyil, birbaşa iştirakçısı olduğumu tam çılpaqlığı ilə dərk edirdim. Əlimdəki bülletenlərə baxırdım, yazıları, adları oxumağa çalışırdım, heç nə alınmırdı, hərflər gözümün qarşısında qarışırdı. Birdən şagirdlərimə ədalət, insan ləyaqəti, düzgünlük haqqında danışdıqlarımı xatırladım, bütün bədənimi xəcalət tərinin basdığını hiss elədim. Bülletenləri bir-bir necə gəldi qaralamağa başladım, bir neçəsini qaralamağa səbrim çatmadı, eləcə boş halda o birilərin üstünə qoyub qatladım. Özümü oğru kimi hiss edirdim, elə bilirdim ki, kimsə elə indicə kabinənin pərdəsini aralayıb məni cinayət başında yaxalayacaq. Kabinədən çıxanda mənə elə gəlirdi ki, hamı gözlərini mənə zilləyib, bütün məntəqə əlimdəki bülletenləri sayır, qutuya çatıb bu yükdən canımı qurtarmağa tələsdim, bir-birinin üstündə qatlanmış bülletenləri qutuya buraxdım.

Müşahidəçi stoluna yaxınlaşanda başım gicəllənirdi...Çantamı götürüb: "Hava almağa çıxıram”, - dedim.

"Bəs səsləri saymağa qalmayacaqsan?” - sualına cavab vermədən özümü bayıra atdım. Soyuq payız havası məni yavaş-yavaş özümə gətirirdi, baş gicəllənməm keçmişdi, amma ürəyimdəki ağırlıq hələ də incidirdi. Həmişə sevgi ilə baxdığım məktəb binası necə də miskin görünürdü...Sabah bu binaya dərs demək üçün qayıtmalı idim.

Bu gün bir dəstə aciz, qorxaq və yalançı tərəfindən gələcəyi məhv edilmiş uşaqlara sabah elə həmin qorxaqlar cəsarətdən, vətən sevgisindən danışacaqdı... "Əclaflar...”, - qeyri-ixtiyarı ağzımdan çıxan sözün ünvanı kim idi, bilmirdim... Bəlkə də, hamımız.. Və ya elə özüm...

Məktəbin qapısından çıxanda, təmsil etdiyim partiyanın ad nışanının hələ də boynumda olduğunu gördüm.

Çıxardıb bir də baxdım. Ana Vətən Partiyası... İki addım o tərəfdə içi zibillə dolu arx axırdı, başı seçkilərə qarışan direktorumuz neçə vaxtdır müəllimlərə arxı təmizlətdirmədiyindən, arx daşıb ətrafı basmışdı, üfunət iyi gəlirdi, Ad nişanını arxa tulladım və bulanıq suda yox olmağı uzun çəkmədi. Digər zibillərə qarışdı, axdı və getdi...

Redaksiyadan: Aygün Hacıyeva hazırda ABŞ-da (Ohio) təhsil alır. AAUW( American Association of University Women) beynəlxalq təqaüdçüsüdür. Buna qədər isə Göyçay şəhər Nizami adına 7 saylı tam orta məktəbdə müəllim işləyib, 2014-cü ildə "İlin Ən Yaxşı Müəllimi”, 2015-ci ildə isə "Qabaqcıl Təhsil İşçisi” mükafatlarını alıb.

Meydan TV 7 saylı orta məktəblə əlaqə saxlasa da, yazıda adı çəkilən müəllimlərin münasibətini öyrənə bilməyib. Yalnız onu deyiblər ki, Adil Məmmədov işdən azad edilib.

"Hefteaz.info” saytının məlumatına görə isə keçmiş direktor barəsində Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə (dələduzluq) cinayət işi açılıb. İddia olunur ki, Adil Məmmədov öz vəzifəsindən sui-istifadə edərək vətəndaşı aldadıb, onu işə düzəltmək adı altında 7 min manat rüşvət alıb.

Meydan TV