Müəllim: Təhsil Nazirliyi məndən şikayət edən direktorla bağlı araşdırma aparır

Müəllim: Təhsil Nazirliyi məndən şikayət edən direktorla bağlı araşdırma aparır

24-05-2018 15:27 / Bu xəbər 2221 dəfə oxundu

Müəllim: Təhsil Nazirliyi məndən şikayət edən direktorla bağlı araşdırma aparır

"Polisdə mənimlə bağlı ciddi problem olmadığını dedilər''

"Lənkəran şəhər Polis Şöbəsinə getdim. Qapıda bir xeyli gözlədikdən sonra, əlaqədar şöbədən hər hansı ciddi problem olmadığını və işimə davam edə biləcəyimi bildirdilər. Ümid edirəm elə də olacaq. Direktor isə hazırda Təhsil Nazirliyinə dəvət olunub, araşdırma davam edir”.

Sosial şəbəkələrdə fərqli dərs keçmə üslubu ilə tanınan, Lənkəranın Gəgiran kənd tam orta məktəbinin müəllimi Həbib Əlizadə belə deyir. O, mayın 23-də çalışdığı məktəbin direktoru Ziyafəddin Cavadovun şikayəti əsasıda polis bölməsinə dəvət olunub.

Bu barədə Həbib Əlizadə özü məlumat vermişdi. Səbəb kimi ona məktəb müdiriyyətindən icazəsiz uşaqları Bakıya, tarixi abidələri ziyarət üçün ekskursiyaya aparmaq istədiyi göstərilmişdi: "Lənkəran rayonu Gəgiran kənd tam orta məktəbin direktoru Ziyafəddin Cavadov məndən polisə şikayət edib. Səbəb kimi "uşaqları icazəsiz Bakıya ekskursiyaya aparırsan” - dedilər. Şikayət də, məlumat da əsassızdır. Bəli, şagirdlərə Bakı şəhərinə gəzinti-ekskursiya təşkil edilməsi ilə bağlı məlumat vermişdik”.

O deyib ki, gəzinti çərçivəsində Şəhidlər Xiyabanı, bir çox tarixi abidələr, dövlət idarələri və digər yerlərə aparmaq istəyirdik: "Əgər yerli təhsil idarəsi icazə verib, tədbirlər planını təsdiq etsəydi, gəzinti olacaqdı. Bu, sadəcə bir ideya idi. Lakin direktor polisə şikayət edib ki, mən icazəsiz şəkildə gəzinti təşkil etmək istəyirəm. Tamamilə iftiradır. Tarixi gəzinti ideyasına belə mane olurlar”.

Ziyafəddin Cavadov

Müəllim bildirir ki, indiyədək gördüyü bütün tədbirləri Təhsil Nazirliyinin, yerli təhsil idarəsinin icazəsi ilə edib: "Hətta fəaliyyətimə görə 2 fevral Gənclər günü ilə bağlı cənab nazir Ceyhun Bayramov tərəfindən təltif olunmuşam. Bu gün isə 2-ci Qrant müsabiqəsinin qalibi olmuşam”.

Müəllim deyib ki, məktəbdə baş verən bir çox problemlər və çatışmazlıqlar haqda çox vaxt yazmayıb: "Mümkün qədər həllinə çalışardıq. Direktordan özüm üçün deyil, məktəblə bağlı müəyyən istəklərim olub və beləliklə arzuolunmaz müəllim elan olunmuşam. Fikrimcə, artıq məktəbdə işləməyimi istəmirlər. Halbuki direktorun özünə belə işlərinə şəxsən kömək etmişəm. İndi isə direktor mənə iftira atır, məni ləkələyir. İndiyədək heç bir zaman polis orqanlarında şikayət edilən kimi iştirakım olmayıb, heç piyada kimi də qayda pozuntusu mənə yazılmayıb”.

Meydan TV məsələyə hələlik, Təhil Nazirliyi və Gəgiran kənd orta məktəbindən münasibət öyrənə bilməyib.