''Məktəbəqədər müəssisələr Təhsil Nazirliyinin tabeliyinə qaytarılsın''

''Məktəbəqədər müəssisələr Təhsil Nazirliyinin tabeliyinə qaytarılsın''

24-04-2018 19:58 / Bu xəbər 2570 dəfə oxundu

Ombudsman parlamentdə illik məruzəni təqdim etdi

"Müvəkkil tərəfindən aidiyyatı dövlət qurumlarına göndərilən sorğulara bəzi hallarda Konstitusiya qanunu ilə müəyyən edilən müddətdə və mahiyyəti üzrə cavab verilməyib. Bu da vətəndaşların hüquqlarının pozulmaqda davam etməsinə, habelə Müvəkkilə və digər mərkəzi dövlət qurumlarına təkrar şikayətlərinə səbəb olub”.

Bunu Ombudsman Elmira Süleymanova Azərbaycanın İnsan haqları üzrə Müvəkkilinin illik məruzəsini təqdim edərkən deyib.

O qeyd edib ki, hər bir vəzifəli şəxs və məmur öz işini müasir çağırışlara, yeni tələblərə və innovativ yanaşmalara uyğun qurmalıdır. Bütün səylər insan rifahının yüksəldilməsinə və sosial proqramların icrasına yönəldilməlidir".

E.Süleymanova vurğulayıb ki, sahibkarlığın inkişafına real təminatlar verilməsi üçün haqsız rəqabətə və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə xidmət edən tədbirlər davam etdirilməlidir:

"İnhisarçılığa və haqsız rəqabətə qarşı mübarizənin, habelə istehlak qiymətlərinə nəzarətin gücləndirilməsi və süni bahalaşma meyllərinin qarşısının alınması üzrə tədbirlər də ciddiləşdirilməli və davamlı xarakter daşımalıdır. Vətəndaşların dövlət orqanlarına müraciətlərinə diqqətlə yanaşılması, məmurların öz səlahiyyətlərindən sui-istifadə etməsi hallarına son qoyması, insanların problemlərinin həllinə istiqamətlənmiş tədbirlər görülməsinə səy göstərilməsi, vətəndaşlarla münasibətdə etik davranış qaydalarına riayət edilməsinə diqqət gücləndirilməlidir".

İnsan Hüquqları üzrə Müvəkkil bildirib ki, 2017-ci ildə Ombudsman Aparatına daxil olan bir sıra müraciətlərdə özəl tibb müəssisələrində müalicə və müayinənin təşkilində yol verilmiş ciddi pozuntular, qiymətlərin olduqca baha olması, müalicənin nəticəsiz qalması kimi hallar öz əksini tapıb. O vurğulayıb ki, həkim-xəstə münasibətlərinə ciddi yanaşılmalı, xəstələrin, o cümlədən, həkim müalicəsindən ziyan çəkən pasiyentlərin hüquqlarının təmin edilməsi üzrə yeni qanunvericilik aktlarının qəbul edilməsi lazımdır.

Məktəbəqədər təhsil müəssisələrinin Təhsil Nazirliyinin tabeliyinə qaytarılmasını da zəruri hesab etdiyini deyən Ombudsman bildirib ki, uşaq bağçalarında mövcud olan yerlərin sayı müvafiq ərazidə yaşayan məktəbəqədər yaşlı uşaqların sayına uyğunlaşdırılmalıdır.///meydan.tv