Mehman Hüseynov: ''Prezidentə müraciəti özüm yazmışam''

Mehman Hüseynov: ''Prezidentə müraciəti özüm yazmışam''

05-03-2019 13:49 / Bu xəbər 1503 dəfə oxundu

"Qardaşımın fikirlərinə görə məsuliyyət daşımıram"

Anam vəfat edəndən sonra vəziyyətimin ağır olacağını, hətta mənəvi cəhətdən çökəcəyimi düşünürdüm.

Bunu bloger Mehman Hüseynov martın 5-də yaşağıdı mənzildə keçirdiyi mətbuat konfransında deyib.

Bloger martın 2-də həbs müddətinin bitməsi ilə əlaqədar olaraq azadlığa çıxıb: "Həbs müddətinin başa çatmasına 2 ay qalmış hökumət mənə qarşı yeni cinayət işi açarkən çox çətin vəziyyət yaranmışdı, mətbuata çıxışım yox idi, telefon əlaqələri mümkün deyildi”.

Onun fikrincə, Penitensiar Xidmətin işçisinə qarşı əl qaldırmayıb, bu, təxribat idi: "Ümumiyyətlə, elə hadisə olmamışdı. Məni "karser”ə saldılar. Sonra prokurorluğun rəsmisi gəlib ittihamı elan etdi. Əvvəl də belə hallar olmuşdu. AXCP üzvü Məmməd İbrahim və sabiq nazir Əli İnsanovun adını çəkə bilərəm. Bütün bunları nəzərə alıb quru aclıq aksiyasına başladım. Çünki qarşıma məqsəd qoymuşdum ki, kimsə qurban getməlidir ki, gələcəkdə belə hallar təkrarlanmasın. Qərarım qəti idi. Dekabrın 26-da aclıq aksiyasına başladım. Dekabrın 30-da vəziyyətim pisləşdi, huşumu itirmək üzrəydim. Bakı İstintaq Təcridxanasında həkimlər bildirdi ki, qida qəbul etməlidir. Təcridxana rəhbərliyi istəyirdi ki, mən qida qəbul edim və bunu çəkib televiziyalarda yaysınlar. Amma mən martın 2-nə qədər aksiyanı davam etdirmək istəyirdim, ona görə 30 dekabrdan su içməli oldum”.

M.Hüseynov deyib ki, əsas məqsədi olayın ictimailəşməsi idi və o, buna nail olub: "Bəzi media orqanlarında yazılıb ki, guya mən bir gün aclıq aksiyası keçirmişəm, əlbəttə bu yalandır. Yanvarın 7-nə qədər su içirdim, ondan sonra bir sıra dəyişikliklər olduğundan süd və yoqurt yedim. Əgər hökumət süd qəbul etməyi qida qəbulu kimi sayırlarsa, qoy, olsun. Amma yemək yeməmişəm. Penitensiar Xidmətin aclıq aksiyasını dayandırmağım barədə məlumatları təbiidir. Onlar başqa nə deməli idi? Həm də aclıq aksiyasını dayandırmağım barədə akt olmayıb ki, imzalayım. Mən bu gün kiçik həbsxanadan böyük həbsxanaya çıxmışam”.

M.Hüseynov bildirib ki, həbsxanada onun sözçüsü vəkilləri və qardaşı Emin Hüseynov olub.

Mehman Hüseynov prezidentə müraciəti özü yazdığını söyləyib: "Amma şərtlərim olub. Peşman olduğumu yazmadım, hadisə olmadığını söyləmişəm. Hökumət nümayəndələrinə demişəm ki, bu məsələ mənim üçün prinsipialdır. Demişəm ki, Əli Abdalovu vurmamışam, bu, təxribatdır. Ona görə istəmişəm ki, prezident məsələni bilsin və haqsızlığı aradan qaldırsın”.

O deyib ki, hökumətyönlü hüquq müdafiəçilərini qəbul etməkdə düz hərəkət edib. M.Hüseynov bildirib ki, fərq qoymadan, hamını qəbul edib söhbətləşməyə hazır olub: "İstəyirdim ki, məsələni tam bilsinlər, həm də digər siyasi məhbusların vəziyyətini bilsinlər və onların da oxşar vəziyyətlə üzləşməməsini istəyirdim. Bu gün istəyirəm ki, həbsxanada əziyyət çəkən digər siyasi məhbuslar azad olunsunlar. Proses bitməyib və ümid edirəm ki, hökumət yaxşılığa doğru addım atırsa, hansısa jestilə Gözəl Bayramlı, Seymur Həzi, İlkin Rüstəmli, Əfqan Muxtarlı və ümumiyyətlə, 127 siyasi məhbusun hamısı azad olunmalıdır. Prezidentə də müraciət edirəm ki, bütün siyasi məhbusları azad etsin, çünki azadlıq onların haqqıdır”.

Bununla belə bloger təəssüflənib ki, hökumətyönlü hüquq müdafiəçiləri onun dediklərini cəmiyyətə çatdırmadılar və yalnız dedilər ki, Mehman Hüseyov şəraitindən narazı deyil: "Mən özüm aclıq aksiyasını keçirməklə durumumu pisləşdirmişəmsə şəraitimdən razı olub-olmamağım əsas sual deyildi. Əsas məsələ həbsxanada saxta cinayət işi və digər siyasi məhbusların vəziyyəti idi. Mən dəstək verənlərin ümidini doğrultmalıydım, çünki mənə görə Müsavat Partiyasında, rayonlarda aclıq keçirənlər var idi. Bu insanlara indi də təşəkkür edirəm”.

M.Hüseynov Əli Abdalovla görüşü barədə deyib ki, bu adam cinayət işində çox kiçik oyunçu, fiqur olduğundan qurban idi: "Mən aldığım tərbiyəyə görə Azərbaycan vətəndaşı olduğu üçün, ailəsi olduğu üçün onu bağışladım. Onun valideynlərinin, övladının, həyat yoldaşının günahı yoxdur. Mənə dedilər ki, sizin görüşünüzü gizlin çəkəcəyik, amma etiraz etdim ki, niyə, açıq çəkin və hamı bilsin ki, mənə qarşı tərbiyəsizlik və haqsızlıq edənə hansı münasibəti göstərdim. Qoy, hamı görsün ki, Mehman kişidir, onu bağışlamalıydım. Mənim Penitensiar Xidmətin işçiləri ilə heç zaman problemim olmayıb. Görüşdə də mesaj verdim ki, həmin gün onunla krosvord işləyirdim”.

Mehman Hüseynov onu da əlavə edib ki, qardaşı Emin Hüseynovun fikirlərinə görə məsuliyyət daşımır: "Ona görə məndən qisas almaq üçün həbsdə saxlamaq niyyəti vardısa, bu səhv idi. Bir sıra məmurların korrupsiya əməllərini açdığım üçün, onlar da azadlıqda olmağımı istəmirdilər”.

M.Hüseynov həmçinin ABŞ konqresmenlərinə, Avropa Şurası və Avropa Parlamentinin deputatlarına, yerli və beynəlxaq hüquq müdafiə təşkilatlarına, azad mediaya, siyasi partiyalara, sadə insanlara minnətdarlığını ifadə edib.

Mətbuat konfransında iştirak edən vəkil Fuad Ağayev deyib ki, Mehman Hüseynovun Avropa Məhkəməsində iki ərizəsi var, biri işgəncəyə məruz qalması, digəri isə ədalətsiz həbs olunması barədədir: "Biz bu işlərdə Penitensiar Xidmətdən müşahidə kameralarını istədik, bizə cavab verildi ki, müşahidə kameralarının yaddaşı yoxdur. Təsəvvür edirsiniz bu nə deməkdir? Əgər kameraların yaddaşı yoxdursa, onları niyə quraşdırıblar?!”

Mehman Hüseynov 2017-ci il martın 3-də 2 il azadlıqdan məhrum edilib. 

O, Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında cəzalandırılıb - polisə böhtan atmaqda təqsirli bilinib.

Ancaq Mehman Hüseynov həbsinin siyasi motivli, sosial şəbəkələrdə məmurlar haqda yaydığı videolarla bağlı olduğunu qeyd etmişdi. Həbsdə olan bloger Mehman Hüseynova qarşı 2018-ci il dekabrın 26-da yeni cinayət işi başlanılıb. O, 14 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşına xəsarət yetirməkdə ittiham olunub. Bloger ittihamın yalan və böhtan olduğunu bildirib.

Bloger etiraz olaraq 10 gündən çox aclıq aksiyası keçirib və onun aclıq aksiyasına geniş ictimai dəstək olub.

Yanvarın 22-də prokurorluq bloger barəsində qaldırılmış yeni cinayət işinə xitam verib. Prokurorluğun cinayət işinə xitam verməsi prezident İlham Əliyevə Mehman Hüseynovun yazdığı müraciətə reaksiya verməsindən bir gün sonraya təsadüf edib.///Meydan.Tv