Mehman Hüseynov onun haqqında mənfi rəy verəni tələb edir

Mehman Hüseynov onun haqqında mənfi rəy verəni tələb edir

10-10-2018 14:47 / Bu xəbər 228 dəfə oxundu

Məhkəmə blogerin şəxsi işini araşdıracaq
 
Oktyabrın 10-da Bakı Apelyasiya Məhkəməsində hakim Elşad Şamayevin sədrliyilə bloger Mehman Hüseynovun şikayəti üzrə ilkin iclas keçirilib.

M.Hüseynov vaxtından əvvəl şərti azadlığa buraxılması barədə ərizəsini təmin etməyən Qaradağ Rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti verib.

Məhkəmədə M.Hüseynov özü, vəkili Şəhla Hümbətova, onun saxlandığı 14 saylı Cəzaçəkmə Müəssisəsinin nümayəndəsi Elgiz Murquzov iştirak edib.

Vəkil cəzaçəkmə müəssisəsinin dəstə rəhbəri Təbriz Əzizovun məhkəmədə dindirilməsi haqda vəsatət qaldırıb. Bildirib ki, bu şəxs bloger haqqında mənfi rəy verib. Birinci instansiya məhkəməsi də o mülahizəni əsas götürüb, M.Hüseynovu azadlığa buraxmaqdan imtina edib: "Düzdür, müəssisənin nümayəndəsi iştirak edir. Amma bizim o adama veriləsi suallarımız var".

M.Hüseynov da vəkili ilə razılaşdığını söyləyib və vəsatətin təmin edilməsini istəyib.

Lakin məhkəmə vəsatəti təmin etməyib. Hakim Elşad Şamayev bildirib ki, blogerin şəxsi işini müəssisədən alıb araşdıracaqlar.
Məhkəmə oktyabrın 17-nə təyin edilib.

M.Hüseynov ötən il martın 3-də Suraxanı Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə təqsirli bilinərək, 2 il azadlıqdan məhrum edilib. O, Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin şikayəti əsasında məhkum edilib. M.Musayev iddia edib ki, Mehman onun rəhbərlik etdiyi idarənin əməkdaşları tərəfindən başına torba keçirilib oğurlandığını, idarədə işgəncəyə məruz qaldığını deməklə böhtan atıb.

M.Hüseynovun vəkilləri məhkəmədə bloger Nəsimi Rayon Polis İdarəsinə gətirildiyi gün binanın qarşısında və daxilində olan kameraların qeydə aldığı görüntülərin alınıb araşdırılması barədə vəsatət qaldırıblar. Bildiriblər ki, o görüntülər Mehmanın doğru danışdığını sübut edəcək. Lakin vəsatət təmin olunmayıb.

M.Hüseynov həbsini siyasi sifariş sayır, ölkədə korrupsiyanı, məmur özbaşınalığını ifşa edən video-materiallarına görə cəzalandırıldığını bildirir.///meydan.tv