Məhbus baş redaktorla bağlı yeni açıqlama

Məhbus baş redaktorla bağlı yeni açıqlama

12-02-2019 16:09 / Bu xəbər 1164 dəfə oxundu

Dövlət Təhlükəsizliyi Xidmətinin ictimai əlaqələr şöbəsindən Realliq.info saytının həbsdə olan baş redaktoru İkram Rəhimovla bağlı yeni açıqlama verilib.

İkram Rəhimov ötən il oktyabrın 26-da tutularaq Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-ci (qabaqcadan əlbir olan bir qrup  şəxsin təkrarən hədə-qorxu ilə tələb etməsi) maddələri ilə məsuliyyətə cəlb edilib.

Dövlət Təhlükəsizliyi Xidmətinin ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, İkram Rəhimovun hədə-qorxu ilə pul tələb etdiyi barədə ayrı-ayrı şəxslərin şikayətləri araşdırılıb: "Məhkəmə qərarı əsasında aparılan əməliyyat tədbirləri ilə onun müvafiq əməlləri qeydə alınıb. O, hədə-qorxu ilə tələb etmə cinayət əməllərində şübhəli şəxs kimi saxlanaraq məhkəmə qərarı əsasında həbs edilib. İkram Rəhimova elan edilən ittihama əsasən, o, 2017-ci ilin sentyabrında zərərçəkmiş Elxan Dadaşovdan mətbuatda sahibkarlıq fəaliyyəti zamanı qanunsuzluqlara yol verdiyinə dair məlumatlar yayacağı hədəsi ilə pul vəsaiti tələb edərək alıb.

İttihama əsasən, İkram Rəhimov zərərçəkmiş Zakir Hüseynovdan barəsində mətbuatda şəxsi və işgüzar nüfuzuna xələl gətirən rüsvayedici məlumatlar yayacağı hədəsi ilə 2016-2018-ci illər ərzində müxtəlif vaxtlarda mütəmadi olaraq pul tələb edərək alıb.

2017-ci ilin sentyabrında İkram Rəhimov zərərçəkmiş Rafiq Ədilovdan davamlı olaraq mətbuatda rüsvayedici məlumatlar yayacağı hədəsi ilə pul tələb edərək alıb.

Daha sonra İkram Rəhimov 2017-ci ilin dekabrında fərdi sahibkar Cabir Cəfərovdan fəaliyyətində qanunsuzluqlara yol verdiyi barədə mətbuatda məlumatlar yayacağı hədəsi ilə pul vəsaiti tələb edib. O, həmin şəxsdən də pul almağa nail olub.

İkram Rəhimov 2018-ci ildə zərərçəkmiş Azər Mirzəyevdən guya müxtəlif qanunsuz əməllərə yol verdiyinə dair mətbuatda məlumatlar yayacağı hədəsi ilə müxtəlif tarixlərdə pul tələb edərək alıb”.

Novator.az