''Maxinasiyalar olmasaydı elektrik enerjisinin qiyməti aşağı olardı''

''Maxinasiyalar olmasaydı elektrik enerjisinin qiyməti aşağı olardı''

31-10-2018 14:58 / Bu xəbər 1912 dəfə oxundu

Nazim Bəydəmirli: ''Azərenerji'' ASC üzərində ictimai nəzarət olmalıdır''

Prezident İlham Əliyev "Azərbaycan” İstilik Elektrik Stansiyasının infrastrukturunun təkmilləşdirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi haqqında sərəncam imzalayıb. 

Qərarın əhalinin və iqtisadiyyatın elektrik enerjisi ilə təchiz olunmasında və ölkənin elektrik enerjisi sistemində xüsusi yer tutan "Azərbaycan” İstilik Elektrik Stansiyasında baş vermiş qəza ilə bağlı aparılmış araşdırmalar nəticəsində stansiyanın fəaliyyətində aşkar edilmiş nöqsanların aradan qaldırılması və infrastrukturunun təkmilləşdirilməsi məqsədilə verildiyi bildirilib.

Sənədə əsasən "Azərbaycan” İstilik Elektrik Stansiyasında və yarımstansiyalarında əsaslı təmir-quraşdırma işlərinin görülməsi və zəruri avadanlıqların tədarük edilməsi məqsədilə 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan "Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə (ASC) nizamnamə kapitalının artırılması üçün ilkin olaraq 48 milyon manat ayrılıb.

İqtisadçı-alim Nazim Bəydəmirli Meydan TV-yə deyib ki, "Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin istehsal etdiyi enerjinin maya dəyəri qonşu respublikalarla müqayisədə baha olurdu. O xatırladıb ki, Tarif Şurası əhaliyə satılan enerjinin qiymət artımını onunla əlaqələndirirdi ki, "Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə baha başa gəldiyindən rentabelli işləmir. Tarif Şurası da cəmiyyətin rentabelli işləməsi üçün bir neçə dəfə qiyməti artırıb.

"Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin Mingəçevir "Azərbaycan İstilik Elektrik Stansiyası”, "Şirvan”, "Şimal-Dress” və bir çox bölgələrdəki modul tipli elektrik stansiyaları mazut və qazla işləyir. Sadaladıqlarımla onu demək istəyirəm ki, qaz və nefti özümüz istehsal etdiyimiz üçün əhaliyə satılan elektrik enejisinin maya dəyəri daha aşağı olmalıdır. Həm də ölkənin təbii şəraiti şimal ölkələrindən sərt deyil ki, elektrikin 1 kilovatının istehsalı Ukraynadan, Rusiyadan, Qazaxıstandan daha baha başa gəlsin”.

Onun sözlərinə görə, opponentlər deyə bilərlər ki, həmin ölkələrdə atom elektrik stansiyası var, istehsal olunan elektrikin qiyməti ortalama olaraq ucuz başa gəlir.

"Baxmayaraq ki, son istehlakçılara elektriki satan "Azərişıq” SC-dir və əsas qiymət artımını da onlar edirlər. Hamı da elektrik kəsintilərində bu paylayıcı şirkəti günahlandırmaqdansa elə həmişə "Azərenerji” hədəfdə idi. Həm qiymət artımında, həm kəsintilərdə birbaşa günahı olan "Azərişıq” SC-nin sədrini də "Azərenerji” SC-nə rəhbər qoymaq mənim və çoxlarının fikrincə bir növ günahkarı mükafatlandırmaq anlamına gəldi.
Baxaq görək milyardlarla vəsaiti "Azərişıq” SC-nə alıb, heç bir dönüş yaratmayan menecerlər "Azərenerji”də nə edəcəklər? Bizim işimiz kənardan müşahidə etməkdir”.

N.Bəydəmirli hesab edir ki, əgər mazut və qazla bağlı kağız üzərində maxinasiyalar olmasaydı, satınalmalarda müxtəlif şirkətlər tender vasitəsilə vəsaitləri mənimsəməsəydi, istehsal edilən elektrik enerjisinin kilovatının qiyməti aşağı olardı.

"Azərenerji”Açıq Səhmdar Cəmiyyətinin problemləri yalnız sadaladıqlarım, yaxud köhnəlmiş avadanlıqlarla bağlı yaranmayıb. Sadəcə, görülən işlərin keyfiyyətsizliyi, ya da tenderi udan şirkətə nəzarətin olmaması qəzanı yaratdı. Söhbət effektiv idarəetmənin olmamasından gedir”.

Ekspertin sözlərinə görə, effektiv idarəetmə tətbiq olunmayacaqsa, "Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin üzərində paritet əsaslarla deputatların, məmurların, vətəndaş cəmiyyətinin iştirakı ilə Müşahidə Şurası yaranmayacaqsa, problemlər həll ediləməyəcək.

"Ümumiyyətlə, SOCAR, AZAL da daxil iri şirkətlərin hamısında bu cür müşahidə şuraları yaraılmalıdır. Əslində, səhmdar cəmiyyətidirsə, onların menecerləri əsassız xərcləmələrə getməsinlər, dövlətin, parlamentin və ictimaiyyətin nəzarəti olsun. Çünki əksəriyyəti müxtəlif formalarda xroniki olaraq dövlət büdcəsi qarşısındakı öhdəliklərini yerinə yetirmirlər, böyük dotasiyalar alırlar və qarşılıqlı borcları silinir. Nazirlər Kabineti də iri dövlət şirkətlərinin problemlərini ictimai vəsaitlər hesabına "həll etməli” olur. Ona görə effektiv idarə olunan müşahidə şuraları yaranmalıdır”.

İyulun 2-də və 3-də Mingəçevir "Azərbaycan İstilik Elektrik Stansiyası”nda baş verən qəza nəticəsində ölkə ərazisinin əksər hissəsi bir neçə saat elektrik enerjisiz qaldı.

Hadisədən sonra Prezident tərəfindən yaradılan Dövlət Komissiyasının rəyinə görə Mingəçevir qəzasında əhaliyə və iqtisadiyyata 276 milyon dollar (469,2 mln. manat) ziyan dəyib. 

Qəza ilə bağlı iyulun 4-də Prezident yanında keçirilən müşavirədə Baş prokuror Zakir Qaralov və fövqəladə hallar naziri Kamələddin Heydərov "Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyevin fəaliyyətini tənqid etdilər. Prezident İlham Əliyev Etibar Pirverdiyevə utanmalı olduğunu deyib və tənqid edib. 

Ölkə başısı sentyabrın 4-də komissiyanın rəyinə əsaslanaraq Etibar Pirverdiyevin "Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsindən azad edilməsi haqda sərəncam imzaladı. Digər sərəncamla Balababa Rzayev "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad olunara "Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti təyin edildi.