"Maliyyə siyasəti dəyişməsə, ölkə böyük problemlərlə üzləşəcək" - VİDEO

07-10-2017 21:00 / Bu xəbər 4074 dəfə oxundu

Arqument.az-ın "Bizim ekspert" rubrikasının 3-cü buraxılışının qonağı iqtisadçı ekspert Toğrul Maşallıdır. Onunla gündəmin aktual mövzularını - Azərbaycan iqtisadiyyatının mövcud durumu, postneft dövründəki vəziyyət, qeyri-neft sektoru, milli iqtisadiyyatın Strateji Yol Xəritəsi və digər mövzuları müzakirə etmişik. 

- Toğrul bəy, Azərbaycan iqtisadiyyatının mövcud durumunu necə xarakterizə edərdiniz? 

- Azərbaycan iqtisadiyyatının mövcud durumu ilə bağlı danışarkən qeyd etmək lazımdır ki, indiyə qədər neft ölkəsi olaraq qalıb. Hətta bu yaxınlarda Statistika Komitəsinin açıqladığı rəqəmlərə görə istehsalın 70 faizi neftdən asılıdır. Yəni mövcud vəziyyət onilliklər ərzində dəyişməyib. Eyni zamanda bizdə mövcud problemlər bir sıra sahələrlə, yəni kənd təsərrüfatı, istehsal, sənaye  və digər sahələrlə bağlıdır. Mövcud vəziyyəti xarakterizə edərkən qeyd etmək lazımdır ki, indi müəyyən islahatların aparılmasına çalışılır. Hansı ki kənd təsərrüfatı və turizm sahəsində cəhdlər edilir. Amma dəyişikliklər bir sıra maneələrlə üzləşir və birinci devalvasiyadan iki il keçməsinə baxmayaraq, bu maneələr də aradan qalxmır. Yəni ümumi olaraq, Azərbaycan iqtisadiyyatını belə xarakterizə edərdim və eyni zamanda qeyd edim ki, Azərbaycan iqtisadiyyatında çox böyük maliyyə problemləri mövcuddur. Banklar və maliyyə sahəsində elə bir vəziyyət yaranıb ki, heç kəsin maliyyə sektoruna inamı qalmayıb. Bunun əsasında da Azərbaycan iqtisadiyyatında baş verən proseslər dayanır. 

- Artıq hökumət iqtisadiyyatın postneft dövrünə keçdiyini açıqlayıb. Bəs postneft dövründə Azərbaycan iqtisadiyyatını nə gözləyir? 

- Postneft dövründən danışarkən, buna iki cür yanaşmaq olar: baş verənləri mən necə görürəm və əslində,  mövcud vəziyyət, reallaşan tədbirlərin nəticəsi necədir? Hökumətə gəlincə, onlar gələcək iqtisadiyyatın əsas sahələrini turizm, kənd təsərrüfatı və yeni növ sənayenin inkişafında görürlər. Məsələn, bu yaxınlarda Neftçalada avtomobil zavodu açıqlacaq. Başqa rayonlarda sənaye zonaları yaratmaq istəyirlər. Eyni zamanda istəyirlər ki, kənd təsərrüfatı mənfəətli bir sahəyə çevrilsin. Pambıqçılıq və tütünçülüyü mənfəətli sahəyə çevirib demək istəyirlər ki, biz ixracatla məşğul olub, mənfəət qazanırıq. Ölkənin gələcəyi belə görünür; biz ya xidmətlərdən, misal üçün turizmdən pul qazanacağıq, ya da ölkə tranzit ölkəyə, Bakı tranzit xaba çevriləcək ki, başqa ölkələrdən, məsələn, Orta Asiyadan, Mərkəzi Asiyadan, Avropadan gələn mallar tranzit mərkəz kimi burada bölüşdürülsün. İlk məqsədləri də məhz budur. İkinci isə sənayedir. Sənaye də əsasən qida məhsulları və kənd təsərrüfatı ilə bağlıdır. Yəni bu iki əsas amil istiqamət kimi düşünülür. Məncə, bu amil gələcək üçün o qədər də geniş imkanlar açmır, çünki 21-ci əsr texnoloji baxımdan fərqli bir əsrdir. Ona görə də köhnə növ sənaye sahələrinin inkişafı o qədər də effektiv olmur, yeni heç nə vermir, mənfəət gətirmir, əlavə dəyər yaratmır. Məncə, postneft dövrü olsa, onda ölkə iqtisadiyyatını inkişaf etdirmək üçün yeni bir baxış lazımdır. 

- 2016-ci ilin dekabrında ölkə başçısının imzaladığı Strateji Yol Xəritəsində qeyd olunur ki, 2011-2014-cü illərdə investisiya əsasən kənd təsərrüfatına yönəldilib. Bu sahədə durum necədir? 

- Bu yaxınlarda açıqlanan statistik məlumatlara görə cari ilin səkkiz ayı üzrə təkcə pambıqçılıq və pambıq məhsulları üzrə artımın 5 dəfədən artıq olduğu bildirilir. Eyni zamanda qida və yüngül sənaye üzrə istehsal bir neçə dəfə artıb. Artıq yerli xammal da var və istehsal olunur. Amma biz burada da maneə ilə üzləşirik ki, bu da istehsal olunmuş malın satışı ilə bağlıdır. Misal üçün bizdə bəzi rayonlarda xalçaçılıq müəssisələri açılır və xalça istehsalı ildən-ilə artır. Amma rəsmi statistikaya görə bu xalçalar satılmır və anbarlarda qalırlar. Eyni problem digər sahələrlə də bağlıdır. Yalnız qida məhsulları sahəsində artım və satış var, bu sahədə inkişaf görsənir. Amma ümumi baxanda əsas sənayelərdə inkişaf yoxdur. 

Strateji Yol Xəritələrinə gəlincə, bu yol xəritələrinin yaxşı bir cəhəti ondadır ki, iqtisadiyyatın 2016-ci ilə qədərki durumunu düzgün təsvir edir. Yəni orada göstərilib ki, bir çox dövlət proqramları normal relallaşdırılmayıb. Vəziyyət də rəsmi göstəricilərdə qeyd olunduğu kimi o qədər də yaxşı deyil. Yəni planlar strateji olaraq nisbətən düzgündür, amma onların reallaşması yolları dəqiq göstərilməyib. Düzdür, orada yazılıb, bizə nə qədər sərmayə, investisiya lazımdır, amma onun necə xərclənməsi və kim tərəfindən yerinə yetirilməsi göstərilmir. Yenə də məsələ dövlətə gedib çıxır. Əgər strateji xəritəyə diqqət etsəniz, görəcəksiniz ki, mərkəzdə yenə dövlətdir. Baxmayaraq, 2015-ci ildə deyilib ki, özəl sektor inkişaf etməlidir. Hətta bu yaxınlarda o strateji xəritənin reallaşması barədə hesabat verilmişdi. Orada da konkret göstərilib ki, dövlət qurumları bir çox məsələləri  yerinə yetirməyib. Baxın, yenə məsuliyyət dövlətin üzərində qaldı, yə yenə də dövlətə qayıdırıq. Bu da inkişaf üçün maneələr yaradır. Yəni göründüyü kimi özəl sektora imkanlar verilmir. 

- Əgər dediyldiyi kimi qeyri-neft sektoru inkişaf etsəydi, milli valyuta iki dəfə devalvasiyaya məruz qalmazdı. Aydın görünür ki, ölkə iqtisadiyyatı hələ də neftdən asılıdır. Bəs siz artım deyəndə nəyi nəzərdə tutursunuz? 

- Bu sahələrin inkişafının göstəricisi ondadır ki, bizi müəyyən qədər idxaldan azad edib. 2003-2013-cü illərdə Azərbaycan idxaldan xeyli asılı olub. Düzdür, hökumət tərəfindən qoyulan xətt ixracatın artırılmasına heablanıb, amma məncə, məqsəd tamamilə başqa qoyulmalıdır, yəni ölkə iqtisadiyyatının təmin edilməsi... Çünki hətta bu gün biz kənd təsərrüfaı mallarını - soğandan tutmuş pomidora kimi idxal etməyə məcburuq. Bu sahələrdə biz özümüzü təmin edə bilmirik və nəticədə xarici valyutadan çox asılı oluruq. Valyuta da Azərbaycana yalnız neft vasitəsilə gəlir. Bunlar istəyirlər ki, neftə qarşı yeni istiqamətlərdə islahatlar etsinlər, amma bu da düzgün aparılmır. Əgər biz daxildə iqtisadiyyatı tarazlaşdırsaq, o zaman biz xaricdən gələn vayutadan o qədər də asılı olmayacağıq. Əsas məsələ budur. 

- Mövcud makro-iqtisadi durum, məsələn, həm ümumi daxili məhsul, həm sənaye, həm də digər sahələrdə göstəricilər necədir? 

- Əhali üçün əsas göstərici inflyasiyadır. Bu sahədə ciddi problem var. Hazırda inflyasiya 14-15 faizdir. Hətta bəzi sahələrdə bu, 26 faiz civarındadır. Bu da ümumi olaraq, vəziyyətə çox pis təsir edir. Mövcud makro-iqtisadi duruma mənfi təsir edən amillərdən biri də odur ki, Mərkəzi Bankın faiz dərəcələri çox yüksəkdir, təxminən 15 fazidir. Ona görə də kreditlərin faizi çox yüksəkdir, insanlar kreditləri götürə bilmirlər. Kreditlərin götürülməməsi də bazarda maliyyə qıtlığı yaradır. Bu ÜDM-i də azaldır, insanların gəlirlərini də. Yəni bu sahədə çox böyük eniş olub, əslində, indi bir çox sahələrdə bərpa işləri görməyə çalışır, 2015-2016-ci illərdəki səviyyəyə qayıdırlar. Yəni neftin qiymətinin aşağı düşməsi mənfi təsir edib, ciddi artım yoxdur,  ÜDM-də də 1-2 faiz artım müşahidə oluna bilər. 

- Yaxın 5 ildə gözləntiləriniz nədir? 2050-ci ilə qədər müddəti uzadılan Azəri-Çıraq-Günəşli" layihəsi ölkəyə təxminən nə qədər gəlir gətirəcək? 

- Gəlir barədə Rövnəq müəllim çox danışıb, deyib ki, ölkəyə nə qədər gəlir gələcək. Mən qeyd etmək istəyirəm ki, əgər yaxın bir ildə Mərkəzi Bank və Maliyyə Nazirliyi maliyyə siyasətini dəyişdirməsələr, ölkə böyük problemlərlə üzləşəcək. Ölkədən kapital çıxacaq, artıq sahibkarlar da, iş adamları da maraqlı olmayacaqlar ki, ölkədə kapital qalsın. Bu halda da ölkədə problemlər yaranacaq və eyni zamanda mən bu yeni layihəni də neqativ qəbul edirəm. Çünki bu bir daha göstərdi ki, biz neftdən asılıyıq və başqa sahələrdə inkişaf yoxdur. Yəni yaxın on ildə də ölkənin neft və qazdan asılı olacağı aydın görünür. 

Şəmşad Ağa
Arqument.Az

P.S. Müsahibə sentyabrın 29-da Arqument.Az saytının feysbuk səhifəsində - Arqument.az-da canlı yayımlanıb.