Maliyyə naziri devalvasiya anonsu verib? – TƏHLİL

Maliyyə naziri devalvasiya anonsu verib? – TƏHLİL

05-12-2018 14:08 / Bu xəbər 247 dəfə oxundu

Qadir İbrahimli
İqtisadçı 

Maliyyə naziri Samir Şərifovun "manatın məzənnəsinin kəskin möhkəmlənməsi ixraca da mənfi təsir edir. 

Bu xaricdən idxalın artmasına səbəb olur. Bir sözlə, Azərbaycan cəlbedici ölkəyə çevrilir. Ona görə də, biz bir sıra məsələlərin həllinə çalışmalıyıq" açıqlamasının devalvasiya anonsu kimi yozmaq düzgün deyil.

Əvvəla, 2015- cilin sonundan hökumət rəsmən "üzən məzənnə” rejiminə keçib və bu rejimdən hələ imtina etməyib. Bu baxımdan manatın devalvasiyası hər an gözləniləndir. 

Ümumiyyətlə, yerli valyutanın bir sektorun (bizim söhbətdə neft sektorunun) hesabına süni şəkildə "kəskin möhkəmləndirmək” praktikada özünü doğrulmur.

İkincisi, nazir manatın "möhkəmlənməsindən” yox, "kəskin möhkəmlənməsindən” narahatlığını ifadə edib. Bunlar fərqli anlayışlardır. 1994-cü ilin sonunda manatın məzənnəsi 4500 manat (denominasiyadan sonra 90 AZN) səviyyəsində sabitləşdi. Sonradan bu məzənnə daha da möhkəmləndirilərək 78 qəpik səviyyəsinə endirildi. 

Proses 2015-ci ilə qədər davam etdi və sonrada manat sərt devalvasiyaya – 122 faizlik devalvasiyaya məruz qaldı. Halbuki manat hər il təxminən 5-6 qəpik ucuzlaşsaydı, insanlar bir elə devalvasiya şoku da yaşamazdı. Və manatın kəskin möhkəmlənməsinə xərclənən pullar real sektorun dəstəkləməsinə xərclənsəydi, bu gün manatın taleyi neftin qiymətindən daha az asılı olardı.

Üçüncüsü, yerli valyutanın kəskin möhkəmlənməsi idxalın stimullaşdırılmasına, ixraca isə marağın azalmasına səbəb olması artıq iqtisadi nəzəriyyələrdə birmənalı təsdiqini tapmış məsələdir. Bu baxımdan maliyyə nazirinin açıqlamasına rasional yanaşmaq lazımdır. 

Real sektorun effektiv dəstəklənməsi yumuşaq devalvasiyanı (ildə 5-6 qəpik) istisna etmir. Ancaq konket indiki halda devalvasiya anonsundan söhbət getmir.