"Ölkənin işıqsız qalmasında günahkar Pirverdiyevdir"

03-07-2018 15:40 / Bu xəbər 1643 dəfə oxundu

İyulun 3-nə keçən gecə Mingəçevir İstilik Elektrik Stansiyasında (İES) qəza baş verib. 

Nəticədə stansiyanın enerji bloklarından birinin fəaliyyəti dayanıb və ölkə ərazisində ciddi enerji problemi yaranıb. Hazırda qəzanın səbəbləri araşdırılır.

Energetika Nazirliyi və "Azərenerji” ASC Mingəçevir İES-də baş verən hadisə ilə bağlı birgə rəsmi məlumat yayıblar. 

Rəsmi məlumatda bəyan edilib ki, qəza havaların kəskin isti keçməsi ilə əlaqədar olaraq elektrik enerjisinə tələbatın ciddi şəkildə artması (təqribən 40 faiz) və elektrik avadanlıqlarının istismarında açılmalar nəticəsində baş verib.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Unikal.org-a açıqlamasında bildirib ki, baş verən hadisədənin birbaşa məsuliyyətini "Azərenerji”nin sədri Etibar Pirverdiyev daşıyır:

"Əlbəttə ki, baş verən hadisə hər kəs kimi, məni də təəssüfləndirir. Hazırda əksər rayonlarda işıq yoxdur. İnsanların kasıbçılıqla aldıqları ərazq məhsulları soyuducularda qalaraq yararsız vəziyyətə düşüb. Baş verən hadisədə birbaşa məsuliyyəti "Azərenerji”nin sədri Etibar Pirverdiyev daşıyır. Onun səhlənkar münasibəti, yalançı məlumatları ölkəni işıqsız qoyub. Necə olur ki, ərəb dövlətlərində ilin 12 ayı 45 dərəcə isti olur. Ancaq belə hadisələr baş vermir? Ona görə də baş verən hadisəni pis qiymətləndirirəm. Bu ölkəmizin imicinə ciddi zərbə vuran hadisədir. Hər il belə hadisələrin təkrarlanmaması üçün "Azərenerji” rəhbərliyi istefaya getməlidir və bu dövlətə xəyanətdir. Mən hər zaman ölkə başçısını müdafiə edən və onun yolunda həyatını qoymuş bir insanam. Ona xəyanət edən hər kəsi lənətləyirəm. Gecədən mənə insanlar zəng edir. Deyirlər ki, Hafiz bəy kasıbçılıqla bir toyuq almışdıq, o da soyuducuda xarab oldu. Millət ah-nalə içindədir. Düşünürəm ki, biz təmkinli olmalıyıq. Hər kəs güahı qədər cəzasını alacaq”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov bildirib ki, Mingəçevir İstilik Elektrik Stansiyasında baş verən qəza ilə bağlı ciddi araşdırma aparılmalı və buna reaksiya verilməlidir: "Bu məsələ ölkə başçısının nəzarətindədir. Düzdür, son illər Azərbaycanda elektrik enerji təchizatına xeyli irəliləyişlər olub. Lakin dünən gecə ölkə ərazisində işıqların olmaması ciddi hadisədir. Araşdırıldıqdan sonra günahkar qurumlar cəzalandırılmalıdırlar ki, bir daha belə xoşagəlməz hallar təkrar olmasın”.

V.Əhmədov həmçinin qeyd edib ki, ölkə üzrə elektrik enerji təchizatının dayanması iqtisadi tərəfdən də itkilərə məruz qalmasına gətirib çıxarıb: "İqtisadi tərəfdən itkiləri də hesablamaq lazımdır. Çünki hər dəqiqənin bir hökmü var. Bəzi müəssisələrin alternativ enerji mənbələri var. Buna baxmayaraq istənilən halda iqtisadi itkilərin olması da istisna edilmir”.

Deputat Fazil Mustafa da həmçinin əlavə edib ki, ərazilərimizin 20 faizindən çoxu düşmən tapdağı altındadır və ölkəmiz müharibə aparan tərəf kimi belə bir hadisənin baş verməsi təəssüfləndiricidir:

"İşıq sahəsində ölkəmizdə xeyli irəliləyişlər olub. Əvvəlki illərdən fərqli olaraq bəlkə də problem olmayan sahə bu idi. Amma gecə baş verən hadisə bu sahədə də problemin hələ də olmasından bizi bir daha xəbərdar etdi. Hər halda, bunu araşdırmaq lazımdır. Bütün sahələrdə olduğu kimi, enerji sahəsində də məsuliyyətlə yanaşılmalıdır. Biz müharibə aparan dövlətik. 7-8 saat işığın olmaması ciddi siqnaldır. Araşdırıldıqdan sonra günahkarlar cəzalandırılacaq. Düşünürəm ki, bundan sonra belə hallar olmayacaq”.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı baş verən hadisənin araşdırıldığını dilə gətirib: "Əminəm ki, aparılan araşdırmalar buna tam aydınlıq gətirəcək. Hadisədə "Azərenerji” ASC məsuliyyət daşıyır və bu qurum günahkardır. Araşdırmalardan sonra isə ciddi addımlar atılmalıdır. Belə halların növbəti dəfə təkrarlanmaması üçün kimsə və ya hansı məmurun günahı varsa, ona güzəştə gedilməməlidir. Çünki İstilik Elektrik Stansiyası olduqca strateji əhəmiyyət daşıyan mühüm dövlət əhəmiyyətli obyektlərdən biridir. Belə halların baş verməməsi üçün vacib tədbirlər görülməlidir. Baş verən hadisə məni çox təəssüfləndirir”.

Qeyd edək ki, "Azərenerji” ASC-nin sədri Etibar Pirverdiyevdir.