"Ölkəni böyük iddialar və tamahlar bu hala saldı"

18-12-2016 01:26 / Bu xəbər 3589 dəfə oxundu

Jurnalist Alya (Nailə Yaqublu) öz yubileyi ərəfəsində Novator.az-ın suallarını cavablandırıb.

Arqument.Az həmin müsahibəni təqdim edir: 
 
1966-cı il dekabrın 21-də doğulan Alya Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. 1993-cü ildən jurnalistika ilə məşğuldur. "Yeni Müsavat”, "525-ci qəzet”, "Rezonans”, "Avropa” qəzetlərində, Mediaforum.az saytında, Qafqaz Media Mərkəzində işləyib, "Azadlıq” qəzetinin yazarı, "İntibah” qəzetinin baş redaktoru olub.

– Geniş ictimaiyyətin tanıdığı, çoxdan bəri üzdə olan bir xanım kimi yaş mövzusunda kompleksiniz yoxdur güman ki…

– Yox, belə bir kompleksim yoxdur. Sosial şəbəkədə profil açdığım ilk gündən, yəni 7 il bundan əvvəl doğum tariximi yazmışam. Həm də guya yazmasam nə olacaqdı, yaş üzümüzə öz cizgilərini çəkir…

– Siz yubiley yaşınızın yarısını SSRİ dövründə, yarısını müstəqil Azərbaycanda keçirmisiniz. Ancaq yaşanmış illəri yalnızca ikiyə bölüb dəyərləndirmək maraqsız olar. Necə keçdi bu illər? 50 ili bölmək lazım olsa, neçəyə bölərdiniz?

– Əslində həyat elə iki hissədən ibarətdir: uşaqlıq və sonrası. Sonrası seçimlərimizin və qərarlarımızın başlandığı, onların məsuliyyətini daşıdığımız və nəticələrinə qatlandığımız dövrdür. Yəni "günəşin altında yer” üçün əmək sərf eləməyə, əziyyət çəkməyə başlayırıq. Düzdür, bu savaşa uşaqlıqdan qoşulmaq məcburiyyətində qalanlar da çox olur, amma mən ömrün o hissəsini şən, xoşbəxt keçirənlərdənəm. Tək qayğım dərs oxumağıydı, onun da öhdəsindən çox tez gələ bilirdim, həyətdə oynamağa, voleybol, tennis, xalçaçılıq, rəsm dərnəklərinə getməyə vaxtım çatırdı. Əyləncə, gülüş, sevinc dolu illəriydi, ailəmizdən, dostlardan heç kimi itirməmişdim, ölüm acısı çəkməmişdim..

Sonrası ağır gəldi, həm şəxsi, həm ictimai baxımdan – vaxtsız ölümlər, erməni təcavüzüylə başlayan Qarabağ "sürprizi”, meydan hərəkatı, milli azadlıq hərəkatı, demokratik ölkə quruculuğunu yarımçıq qoyan hakimiyyət çevrilişi, rayonlarımızın ildırım sürətiylə işğal olunması, ağır iqtisadi böhran, pulsuzluq, çörək növbələri, siyasi təqiblər, həbslər, ölümlər, seçki saxtakarlıqları… Qısası, bitmək bilməyən qara bir zolaq.

– Bu qara zolağı sonsuz sayırsızmı? "Sonrası” dediyiniz hissənin "sonrası” yoxdurmu?

– Var, əlbəttə. Mütləq var. Bir ölkəni, bütöv bir xalqı sonsuza qədər qara zolaqda saxlamaq hələ heç bir taxt sahibinə müyəssər olmayıb. Bir gün hansısa formada o zolağın sonu gəlib çatır. O sondan sonrasının necə olacağı həmin formadan asılıdır. Ciddi iqtisadi böhran başlayıb ölkədə, situasiya hakimiyyətin nəzarətindən çıxmaq üzrədir, artıq hər kəs görür və dərk eləyir ki, indiki iqtidar mövcud vəziyyətə adekvat addımlar atmaq iqtidarında deyil. Ən doğru variant o olar ki, bunu "yuxarılar” özləri də anlayıb geri dursunlar, demokratik seçkiylə hakimiyyət dəyişikliyinə imkan versinlər, ölkəni böyük kataklizmlər təhlükəsindən uzaqlaşdırsınlar. Amma bu, qətiyyən real görünmür, bu variantı bizdə ancaq fantastika janrına aid eləmək olar.

– Bayaq ictimai-siyasi baxımdan bir neçə problem sadaladınız. Gənc və ərazicə o qədər də böyük olmayan bir ölkə üçün çox böyük problemlər deyilmi bunlar? Müstəqilliyin çıxarı niyə bu qədər ağır oldu? İllərin jurnalist müşahidəsi "niyə” sualına cavab tapa bilibmi?

– Ərazicə o qədər də böyük olmayan ölkəni böyük iddialar və tamahlar bu hala saldı. Əvvəl millətçiliyi dövlət siyasəti səviyyəsinə qaldırmaqla müstəqilliyi müştəbehliyə çevirib böyük dövlətləri demokratik hakimiyyətə qarşı çevirmək kimi ciddi yanlışlığa yol verildi və bu, 1993-cü ilin 4 iyun qiyamına xaricdən dəstək verilməsiylə nəticələndi. Sonra da müstəqilliyimizin və rifahımızın böyük tamahlara qurban verilməsi dövrü başladı – neft müqavilələri yenidən yazıldı, Əliyev hakimiyyəti Elçibəy hakimiyyəti dönəmində imzalanmış memorandumlarda Azərbaycanın maraqlarına uyğun olan şərtləri dəyişdirdi, ölkəmizin neft gəlirlərindən payı qat-qat azaldıldı. 1993-cü ilin yanvarında Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevin ABŞ prezidenti Bill Klintona göndərdiyi təbrik məktubunda bu haqda da bir şeylər yazılmışdımı, bir ay sonra Riçard Armitacın (sonralar ABŞ dövlət katibinin birinci müavini işləmiş amerikalı siyasətçi – red.) məktubuyla birlikdə ordan Naxçıvana humanitar yardım təyyarəsini uçurtmağa ABŞ-ı həvəsləndirən başlıca səbəb bu ola bilərdimi – bunlar hələ ki, tərəqqipərvər bəşəriyyətə açıqlanmamış məsələlərdir. Amma hətta belə sirləri bilmədən də aydın görünür ki, böyük siyasətdəkilərin tamahı passiv əhaliyə malik kiçik ölkələrin taleyini həll eləyən əsas faktorlardan biri, bəlkə də birincisidir.

– Ürəyiniz doludur, amma az yazırsınız. Facebook-da yazdıqlarınızı demirik. Facebook-da tez-tez görünürsünüz, ancaq yeni məqalələrinizə az-az rast gəlinir. Sosial şəbəkə müəlliflərin məqalə, iri əsər yazmaq şövqünü, belə demək mümkünsə, "öldürürmü”? Sosial şəbəkələrin xeyir-şəri son vaxtlar çox müzakirə olunur. Əlbəttə, bu geniş mövzudur, biz sosial şəbəkənin sırf yaradıcı insana xeyrindən və ziyanından söz açaq… Şəxsi təcrübənizə əsaslanıb bu haqda – şəbəkənin konkret sizə xeyri və ziyanı haqda nə deyə bilərsiz?

– Sosial şəbəkənin zərəri də var, əlbəttə. Asılılıq yarada bilir. Elə adamlar var ki, vaxtının çoxunu orda keçirdir, həm də ən səmərəsiz şəkildə, yeni tanışlıqlar və yazışmalar aqoniyasında. Halbuki ora bir mübadilə platformasıdır – fikir mübadiləsi. Facebook-dakı "Nə düşünürsən” sualı buna hesablanıb, insanları o cür mübadiləyə təşviq etmək üçün düşünülüb. Hamının özünü məhz bu çərçivədə ifadə etməsi gözəl olardı, amma hətta belə deyilsə də, belə bir platformanın mövcudluğu yaxşıdır. Ələlxüsus söz azadlığının, polemika imkanlarının Azərbaycan kimi çox məhdud olduğu ölkələrdə. Bizim ölkəmizdə sosial şəbəkə ictimai rəyin görünə bildiyi tək məkandır və təkcə buna görə zərərlərini ona bağışlamaq olar.

Konkret mənə olan xeyrinə və zərərinə gəlincə, etiraf eləyim ki, orda olmaq mənim də zamanımı alır, hətta yorur da məni, amma olmaq məcburiyyətindəyəm. Əvvəla, ona görə ki, ölkədə baş verənlərə bir vətəndaş olaraq mövqe bildirməyi vacib hesab eləyirəm, bunu etməsəm, susqun çoxluğun sayını bir nəfər də artırmış olaram.

İkincisi, insanların ətrafımızda baş verənlərə necə reaksiya verdiyini bilmək mənə həm maraqlıdır, həm də lazımdır. Çünki ictimai rəy ölkənin taleyini həll edən ən önəmli faktorlardan biridir, xalqımızın sevimli "bu işlərin axırı nolacaq” sualının cavabı bu və ya digər şəkildə Facebook-da, oradakı statusların analizində var.

O ki qaldı yaradıcılığa… Məsələ bundadır ki, mənim məqalə yazmaq həvəsim sosial şəbəkə istifadəçisi olmazdan əvvəl ölmüşdü. Siyasi proseslərin bu qədər vaxt sadəcə imitasiya olunduğu ölkədə – normal siyasi fəaliyyətə və həqiqi seçkilərə qadağa qoyulmuş ölkədə siyasi analizlə məşğul olmaq çox darıxdırıcı, hətta bezdirici məşğuliyyətdir. Mən bezib ara vermişdim yazmağa. Düzdür, bir müddət sonra "ilham pərisi” geri döndü, amma mənim mövqeyimə uyğun mediada maliyyə problemi olduğundan "küsüb” geri qayıtdı. Bu problem bu gün də aktualdır – məndən yazı istəyən dostlarda qonorar üçün pul yoxdur, məndə də ödənişsiz yazacaq qədər maraq. Yaradıcılıq həvəsimi öldürən əsas səbəb maaşsızlıqdır yəni, Markın (Facebook sosial şəbəkəsinin təsisçisi və baş direktoru Mark Suxerberq nəzərdə tutulur – red.) günahı yoxdur. Tam tərsinə, o mənə fikrimi heç olmasa o şəkildə çatdırmaq imkanı yaradıb, sağ olsun.

– Facebook-da gənclərin fikirlərinə daha çox reaksiya verirsiniz. Bu, özünüzü ruhən indikindən də gənc duymağınızın, yoxsa gənclərlə polemikanı daha əhəmiyyətli saymağınızın nəticəsidir?

– Düzü, belə bir ayrı-seçkilik yapdığımın fərqində deyiləm. Əgər bu cürdüsə, demək gənclər daha məsum statuslar və ya rəylər yazırlar. Amma bunun daha əhəmiyyətli ola biləcəyi fikrinə qatılıram, çünki müstəqillik tariximiz və ondan sonra baş vermiş olaylarla bağlı gənclərdə ciddi səviyyədə məlumatsızlıq var, bunları bilsələr, analizləri və hökmləri daha obyektiv olar. Bunun xaricində mən özümü həqiqətən də yaşımdan gənc hiss eləyirəm, kənardan xatırladan olmasa, çoxdan yaşadığım heç yadıma da düşməz. Məktəb illərindəki oyunlarımıza, əyləncələrimizə eyni həvəslə qatıla bilərəm..

– Jurnalistikada, siyasətdə, ümumən həyatda möhkəm azarkeşlik elədiyiniz, bənzəmək istədiyiniz kimsə varmı?

– Vətəndaş mövqeyinə, istedadına və cəsarətinə, siyasi dürüstlüyünə görə çox hörmət bəslədiyim, siz demiş, azarkeşlik elədiyim şəxslər, şəxsiyyətlər var. Amma kiməsə bənzəmək bir az qəliz məsələdir, bunu istəsəm də bacarmaram, çünki mənim daxili konstitusiyamın öz "olar”ları, "olmaz”ları var, onların hökmü mənə ancaq özüm kimi olmağa icazə verir.

– "Olar-olmaz”ın diktəsi həmişə məmnunluq yaradır?

– Həmişə yox, çünki insanlara münasibətimi də onlar formalaşdırır. Belə sərt "süzgəc”lə yaşamaq çətindir, tez qırılıram insanlardan, hətta bəzən özümü dünyanın ən kimsəsiz adamı hiss eləyirəm. Onda özüm özümə gülüb-hirslənib "sən güclü qızsan, burax bu sentimentləri, dünyada nə dərdlər var” deyirəm.

– Alya xanım, siz Müsavatçı Qadınlar Təşkilatının sədrisiniz. Qadınlarla işləmək çətindirmi?

– Müşahidələrimə əsasən deyə bilərəm ki, kişilərlə işləmək qədər yox. Qadınlar ictimai-siyasi fəaliyyətlərində fikirlərini, nəyəsə, kiməsə münasibətlərini gizlətmirlər, dostdurlarsa dost, düşməndirlərsə düşməndirlər. Hər ikisində onların səmimiyyətinə etibar eləmək olar. Kişilərdə vəziyyət daha qəlizdir.

– Ancaq dediyiniz xüsusiyyətlərdən ikisi – dostluq və düşmənçilik bizim cəmiyyətimizdə, yəqin ki, başqa cəmiyyətlərdə də daha çox "kişi xüsusiyyəti” kimi tanınır. Səmimiyyəti çıxaq, burda qadınların kişilərdən üstün olduğunu yəqin kişilərin özləri də inkar etməzlər. Həm də siz burda səmimiyyəti konkret anlamda – dostluğu, düşmənçiliyi gizlətməmək mənasında işlətdiniz. Bir-birinə şəxsi münasibətini, o cümlədən dost-düşmənçiliyini gizlətməyənlərlə bir yerdə işləmək doğrudanmı asandır? İş naminə bunları gizlətmək, yəni bunları işə qatmamaq daha yaxşı olmazdımı?

– İşə qatmırlar əslində. Çünki ümumi məqsədin içində hər kəsin həm də şəxsi bir hədəfi var. Ömrünün böyük hissəsini o hədəfə doğru irəliləmiş, bu yolda xeyli çətinlikdən, məhrumiyyətdən keçmiş qadınlar şəxsi antipatiyalarını siyasi fəaliyyət müstəvisindən kənarda saxlamağı da bacarırlar. Əlbəttə, yaxşı olardı ki, belə durumlar heç olmasın, hər kəs hamıyla dost olsun. Amma belə həyat yoxdur, təkcə bizdə yox, dünyanın heç bir yerində yoxdur. İnsanlar müxtəlifdirlər, hərənin bir xasiyyəti, eyni olaya fərqli emosiyaları var. Ümumi işə ziyan vurmadığı müddətcə mən bu fərqliliyi normal qarşılayıram, insanların olduqları kimi görünməsini saxta təbəssümlərdən üstün hal hesab eləyirəm. Kimdən nə gözləməli olduğunu bilmək gözəldir, ələlxüsus siyasətdə.

– İctimai-siyasi proseslərin sönükləşdiyi, medianın solğunlaşdığı bir dövrdə çox qəribə bir əks proses də gedir: ədəbi mühitdə canlanma davam edir. Bədii ədəbiyyatdan istər oxucu, istərsə də yazar kimi uzaq düşənlər sanki yenidən ona qayıdırlar. Bizim müşahidəmizlə razısınızsa, bunun səbəbini necə izah edərdiniz? Yeri gəlmişkən, bədii ədəbiyyatdan uzaq düşdüyünüz dövr olubmu? Olubsa, qayıdışınız da varmı?

– Doğrusu, mən ədəbi mühitdə həmişəkindən fərqli bir proses getdiyini düşünmürəm. Bir az yaxşı və ya bir az pis əsərlər həmişə yazılıb, indi də yazılır. Kitab oxuyanlar və oxumayanlar həmişə olub, indi də var. Sadəcə sosial şəbəkə sayəsində indi bunu ictimailəşdirmək imkanı əvvəlkinə nisbətən çoxdur, yəni yazıçılar nəsə yazdıqlarını, oxucular da nəsə oxuduqlarını təkcə yaxın ətraflarına yox, nisbətən geniş dairəyə xəbər verə bilirlər. Mənə görə, ədəbi prosesin canlandığını göstərən əsas amil cəmiyyətin diqqətinə və müzakirəsinə səbəb olan əsərlərin ortaya çıxmasıdır – ilk növbədə məzmununa, bir az da üslubuna görə insanlarda ciddi emosiyalar doğuran, necə deyərlər, onları silkələyən, beyinlərində hansısa nöqtələri oyadan əsərlərin. Düzdür, şəxsən özüm bizim yeni dövr yazıçılarını oxumuram – ölkədə baş verənlərə vətəndaş mövqeyi sərgiləməyən, insan haqlarının, öz haqlarının pozulmasına sıradan bir obıvatel səviyyəsində dözümlü yanaşan yazıçının kağız üzərində nə düzüb-qoşduğu mənə maraqlı deyil. Hər halda dediyim o qəliz mətləblərdən, ətrafımızdakı gerçəkliklərdən yazmış olsaydılar, səsi çıxardı və mən də eşidib oxuyardım mütləq.

Bu gün ölkədə yüz minlərlə insan bir-birinə kiminsə yeni əsərindən yox, Samiraldonun "Yutub”dakı "yaradıcılığından” danışırsa, ona azarkeşlik eləyirsə, istedad nümayişi sahəsində ölkənin ən məşhur gündəm mövzusu o şəxsdirsə, demək ki, bizdə ədəbi proses deyilən şey sadəcə fiksiyadır. Halbuki nə olaylar, nə dramlar yaşanıb bu illər ərzində. 2003-cü ilin prezident seçkisində döyülüb türmədə ölən 19 yaşlı Alqayıtın, siyasi intriqaların düşmənə çevirdiyi Qarabağ qəhrəmanlarının, qul olmaq istəmədiklərinə görə uzun müddətə həbsə atılan Qiyasın, Bayramın faciəsindən bəhs eləməyən ədəbiyyat, mənə görə, uydurma ədəbiyyatdır, daha dəqiqi, ölü ədəbiyyatdır, nə vaxtsa, haralardasa artıq çoxdan yazılmış olan əsərlərin zəif surətidir. Barı Qorki kimi, əvvəlcə realizmi qan donduran hekayələr yazandan sonra lirik-poetik qəhrəmanlar uyduraydılar bizim yazıçılar. Ölkənin bərbad gününü görməzliyə vurmaqla, hakimiyyətin talançılığına və saxtakarlığına qarşı mübarizə aparanları aşağılamaqla böyük yazıçı olmaq olmaz ki.

Ümumiyyətlə bədii ədəbiyyatdan uzaq düşməyimə gəlincə, ara-ara olur belə hallar. Gerçək həyatın olayları bəzən əsəblərimi o qədər çox gərir, o qədər ağır emosiyalar yaşadır ki, mənə, uydurma personajların "həyat təcrübəsini” öyrənməyə, onların acılarını yaşamağa gücüm qalmır. Ötən illərin birində Azər Qaraçənli belə bir söz demişdi – yazı yazandan sonra beynim o qədər yüklü olur ki, evə gedib televizorda çox sadə şeylərə, məsələn, bir hind filminə baxmaq istəyirəm. Məndə də eyni vəziyyət olurdu, yazı yazandan sonra məni də sadə, əyləncəli şeylər cəlb eləyirdi. İndi təkcə yazmaq yox, sadəcə bu ölkədə yaşamaq da böyük miqdarda güc, enerji sərf elətdirir adama, çox ciddi kitablar oxumaq belə çətin olur bəzən.

– Belə görünür ki, siz yazıçını ictimai missiyasız qəbul etmirsiniz. Ədəbiyyatı ictimai vəzifəylə bu qədər yükləsək, sevgi dastanlarını kim yazacaq?

– Amma bizim məşhur sevgi dastanlarımız ilk növbədə ictimai yükünə görə məşhur deyillərmi? O dastanlarda sevgidən qadın azadlığı problemi, milli mənsubiyyət faktoru, hətta siyasi intriqalar fonunda bəhs edilir. Aşiqləri bir-birindən ayıran səbəb xasiyyət uyuşmazlığı problemi deyil o dastanlarda, ictimai-siyasi əngəllərdir. Yəni bütün gözəl əsərlərin "xəmiri” dəyərlərdən yoğrulmuş olur, o əsərləri dəyərli edən əsas səbəb onların ictimai əhəmiyyətidir. Ümumiyyətlə, ətraf aləmdən, onun problemlərindən təcrid olunmuş sevgi olmur axı. Hətta kənardan son dərəcə bəsit görünən sevgiləri də yaşadığımız mühitin şərtləri idarə eləyir. Ona görə də gözəl sevgi dastanı həm də gözəl vətəndaş mövqeyi deməkdir.

– Hökmləriniz mübahisəlidir. Sizinlə razılaşmayan xeyli adam olacaq. Novator.az-da da belə adamlar var. Amma gəlin yubiley söhbətini mübahisəylə başa vurmayaq. Bu müsahibəni necə bitirək, Alya xanım? Bəlkə bir şeir deyəsiz… Sevgi şeiri olsa, lap əla olar.

– Etiraz doğuracağını bilirəm. Ən düzü mən deyəndi də demirəm. Amma əgər yazıçı mən də kütlədənəm demirsə, özünü ölkənin ziyalısı hesab eləyirsə, öz yerini seçilmişlər zümrəsində görürsə, onun susmaq, ölkənin taleyinə biganə qalmaq kimi lüksü yoxdur. Cəmiyyətdən, vətəndaşdan sayğı-sevgi gözləyən, kitabım çıxıb, alan azdı deyə umu-küsü eləyən yazıçı o sevgini əvvəlcə özü nümayiş elətdirməlidir. Məsələn, Almas İldırım kimi:

Nərdə məni gül qoynunda doğuran,
Xəmirimi göz yaşıyla yoğuran,
Beşiyimdə, lay-lay balam, çağıran,
Azərbaycan, mənim bəxtsiz anam, oy!
Neçə ildir həsrətinlə yanam, oy!..

Xəbər alsam, Muğanımdan, Milimdən,
Nazlı Bakım, o neft qoxan gülümdən,
Kim demiş ki, düşmüş adın dilimdən,
Azərbaycan, mənim eşsiz yurdum oy,
Ölməz eşqim, içimdəki dərdim, oy!..

Salam versəm, rüzgar alıb götürsə,
Ağrı dağdan göy Xəzərə yetirsə,
Xəzər coşub zəncirini qırsa oy,
Hökm etsə, bu sərsəm gediş dursa, oy.

Könlümə tək Kəbə yapdım səni mən,
Sənsiz neylim qürbət eldə günü mən?
Sənsiz neylim Allahı mən, dini mən,
Azərbaycan, mənim taxtım, tacım, oy.
Oyanmazmı kor olası baxtım oy!