“Ölkə adı 22” oxucuya təqdim olundu – FOTOLAR

“Ölkə adı 22” oxucuya təqdim olundu – FOTOLAR

11-06-2016 23:57 / Bu xəbər 3604 dəfə oxundu

Yazıçı Zümrüd Yağmurun yeni çapdan çıxmış "Ölkə adı: 22” romanının təqdimat mərasimi keçirilib. Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) qərargahında baş tutan tədbir saat 13.00-da başlayıb, 15.30-a kimi davam edib.

Təqdimat mərasimində ölkənin tanınmış ədəbiyyat adamları, ictimai-siyasi xadimləri iştirak edib.

Tədbir müəllifin roman haqda məlumatı ilə başlayıb.

Təqdimat mərasimində ilk çıxışçı Mİlli Şuranın sədri, professor Cəmil Həsənli olub. O, çıxışında ədəbiyyatımızın hazırkı vəziyyətinə toxunaraq bildirib ki, zəmanəmizdə ən çox əziyyət çəkən ədəbiyyatdır . Nə baş verənləri olduğu kimi təsvir edə bilir, nə də susa bilir. Bir neçə ədəbiyyat nümunəsi var ki, dövrümüzün reallıqlarını ifadə edir. Zümrüd Yağmurun bu romanı belə əsərlərdən biridir.

Cəmil Həsənli müəllif haqqında da fikirlərini bildirib. Cəmil Həsənli Zümrüd Yağmurun əvvəlki əsərlərini də xatırladaraq onun yaradıcılığı haqda yüksək fikirlər səsləndirib. O bildirib ki, hazırda ədbiyyata maraq ümumən azalsa da, "Ölkə adı: 22” maraqla qarşılanıb.

Həyatdan kənar ədəbiyyat yoxdur deyen Cəmil Həsənli bildirib ki, "Ölkə adı: 22”-də ədəbi labaratoriya kimi götürülmüş "ada cəmiyyət” elə Azerbaycandır. Cəmil Həsənli müəllifi təbrik edərək, onun başqa əsərləri kimi bu romanının da xarici dillərə tərcüməyə layiq olduğunu deyib, müəllifdən yeni əsərlər gözlədiyini ifadə edib.
Təqdimat mərasiminə qatılan AXCP sədri Əli Kərimli də müəllif və yeni romanı haqda xoş sözlər işlədib. O, Zümrüd Yağmurun əvvəlki əsərlərdən yaxşı tanındığını da ifadə edib:

"Onun əsərlərində tanıdığımız adamlar ümumiləşdirilmiş obrazlarla əbədiləşdirilib, onları unutmaq olmayacaq. Dövrümüzdə baş verənlərin belə ədəbi əsərlərlə arxivləşdirilməsi çox vacibdir və Zümrüd xanım bu boşluğu doldurur”.

"Zümrüd xanım əsərlərində təsvir etdiyi şərlə mübarizənin, günümüzün siyasi mübarizəsinin mərkəzində olduğu üçün bunu ən yaxşı təsvir edə bilir” deyən Əli Kərimli, yazıçının siyasi məhbus, AXCP-nin sədr müavini Fuad Qəhrəmanlının həyat yoldaşı olduğuna işarə vurub və Fuad Qəhrəmanlıya, eləcə də digər siyasi məhbuslara azadlıq arzulayıb.
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü İbrahim İbrahimli də təqdimat tədbirində çıxış edib.

O, bu romanının anti-utopik əsər olduğunu vurğulayaraq Corc Ourelinin "1984” və  "Heyvanıstan” əsərləri ilə müqayisə edib.

Tədbirə qatılan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev də müəllifi təbrik edib:

 "Söz Allahın insana hədiyyəsidir. Söz şam kimidir. Onu qorumaq lazımdır. Sözü ən yaxşı qoruyanlar, ürəyində qoruyanlardır. Zümrüd xanım sözü ürəyi ile yaşadanlardandır”.

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli də təqdbirə qatılanlar arasında olub.

Gültəkin Hacıbəyli romanı Corc Ourelinin "1984” romanı ilə müqayisə edib. Onun fikrincə, əsər reallıqdan çox da qopmadığı üçün ona tam anti-utopik dəmək də olmaz. "Bu əsəri yeni bir cərəyan, anti-utopik realizm də adlandırmaq olar” deyən Hacıbəyliyə görə əsərin ən gözəl cəhəti onun işıqlı sonluqla bitməsidir. Gültəkin Hacıbəyli əsər haqqında dolğun təhlil verib, müəllifə təkrar təşəkkürlə fikrini tamamlayıb.

Tədbirdə Qəhrəmanlıların ailə dostu kimi çıxış edən Mirfeyzulla Seyidov da əsərin günümüzün reallığını əks etdirməsindən danışıb və uğurlu romana görə müəllifi təbrik edib.

Daha sonra çıxış edən professor Nurəddin Məmmədli isə bu romanı Azərbaycanda yeni hadisə adlandırıb. Nurəddin müəlim də Zümrüd Yağmur yaradıcılığı barədə dolğun çıxış edib.

O, Zümrüd Yağmurun bu gün ədbiyyatımızdakı boşluğu aradan qaldırdığını, ədəbiyyatımızda müəllimlik etdiyini bildirirb.

Tədbirdə çıxış edən AXCP Yevlax şöbəsinin sədri Şəkər Şükürlü də müəllifi təbrik edib, yeni yaradıcılıq uğurları arzulayıb. O da əsəri oxuyanlardan biri kimi onun təhlilini verib, Azərbaycan reallıqlarını necə tesvir etməsindən danışıb.

Zümrüd Yağmurun ibtidai sinif müəllimə Əfruzə xanım da tədbirə qatılanlar arasında olub. O, çıxışına "Rəsulzadə əsgərləri ilə görüşməkdən çox məmnunam” sözlərilə başlayıb. O, qısa şəkildə özünün ictima-siyasi proseslərə marağını və demokraik mübarizəyə rəğbətini ifadə edib.

"İnanıram ki, Zümrüd Yağmurun növbəti əsərləri daha işıqlı Azərbaycan haqda olacaq və o əsərin qəhrəmanları da bu zalda oturanlar olacaq”, – deyə Əfruzə müəllim arzusunu ifadə edib.

Sonda 0 Zümrüd Yağmur kimi yazıçının müəllimi oluduğuna görə özünü çox xoşbəxt hesab etdiyini bildirib.

Sonda Zümrüd Yağmur minnətdarlıq çıxışı ilə tədbirə yekun vurub.///azadliq.info