Lerikin 80 kəndində işıq yoxdur

Lerikin 80 kəndində işıq yoxdur

31-10-2017 10:51 / Bu xəbər 2261 dəfə oxundu

Oktyabrın 30-u səhər saatlarından etibarən ölkənin cənub bölgəsində əsən güclü cənub-qərb küləyi yaşayış məntəqələrində bir sıra problemlər yaradıb.

Məlumata görə, ağaclar aşıb, elektrik naqilləri qırılıb, elektrik enerjisinin verilməsində fasilələr yaranıb. Bundan əlavə, meyvə bağlarına və bir çox tikililərin dam örtüklərinə ziyan dəyib.

Güclü küləyin daha çox Astara və Lerik rayonlarında fəsadlar törətdiyi bildirilir.

Astara rayonunun kəndlərində Şəfa Əliyeva və Etibar Bağırovun üstlərinə ağac aşdığı, onların ağır bədən xəsarəti aldıqları bildirilir. Hər iki şəxsin Lənkəran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirildiyi açıqlanıb.

Lerik rayonunun elektrik təsərrüfatına daha ciddi ziyan dəydiyi bildirilir. Verilən məlumata görə, rayonun 80 kəndində işıq yoxdur.///AZƏRTAC