Kimin pensiyası nə qədər artacaq?

Kimin pensiyası nə qədər artacaq?

09-01-2019 16:15 / Bu xəbər 496 dəfə oxundu

''Əmək pensiyalarında artım 4-7 manat intervalında dəyişəcək''

Əmək pensiyalarının indeksləşdirməsi Dövlət Statistika Komitəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yanvar ayı ərzində təqdim olunacaq rəsmi məlumatda 2018-ci il üzrə ölkədə orta aylıq nominal əməkhaqqının artım tempi göstəricisi əsas götürülməklə həyata keçiriləcək.

"Trend” agentliyinin yazdığına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib. 

Pensiyaların 2019-cu ilin 1 yanvar tarixinə olan məbləği həmin göstəriciyə uyğun şəkildə və cari ilin əvvəlindən indeksləşdirilərək artırılacaq. İlkin məlumata əsasən, bu ilin yanvar ayının 1-nə ölkədə pensiyaçıların sayı 1,3 milyon təşkil edir ki, indeksləşdirmə əsasında pensiyalarda artım onlardan, təxminən, 94 faizinə şamil olunacaq.

İqtisadçı Natiq Cəfərli "Facebook” sosial şəbəkəsindəli profilində bu barədə yazıb.

Onun sözlərinə görə, xəbəri oxuyanda elə təəssürat yaranır ki, 94 faiz təqaüdçü sevinəcək, onların təqaüdləri artacaq: "Amma sonradan məlum olur ki, artım 2018-ci il üzrə ölkədə orta aylıq nominal əməkhaqqının artım tempi göstəricisi əsas götürülməklə həyata keçiriləcək. Bəs yaxşı, 2018-ci ildə orta aylıq nominal əməkhaqqının artımı nə qədər olub? Rəsmi məlumata görə, 2018-ci ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,8 faiz artaraq 540 manat olub. Qısası, ilin sonuna maksimum 3 faiz göstərici olacaq, yəni təqaüdlər 3 faiz civarında artacaq”.

İqtisadçı yazıb ki, bu gün 150 manat alan yanvarın 1-dən 154 manat 50 qəpik, 200 manat alan 206 manat, 250 manat alan 257 manat 50 qəpik, 300 manat alan 309 manat alacaq.

İqtisadçı Qubad İbadoğlu öz növbəsində hesablayıb ki, aylıq artımla pensiyaçılar 1 ay ərzində 300-500 qram yerli mal əti və ya 200-300 qram xarici Zellandiya mənşəli kərə yağı ala biləcəklər:

"Facebook” sosial şəbəkəsindəki profilində o yazıb ki, 2019-cu ildə Azərbaycanda orta aylıq pensiyanın 240 manat və ya 141 dollar olacağı gözlənilir: "Müqayisə üçün qeyd edim ki, ötən il orta aylıq pensiya Qazaxıstanda 240 dollar, Rusiyada 209 dollar, Belarusda 181 dollar, Gürcüstanda 145 dollar olub”.