Keçmiş deputat Gədəbəydə İdman Kompleksinin dövlətə qaytarılmasını tələb edir

Keçmiş deputat Gədəbəydə İdman Kompleksinin dövlətə qaytarılmasını tələb edir

05-10-2018 15:51 / Bu xəbər 444 dəfə oxundu

Nazim Bəydəmirli müvafiq nazirliklərə müraciət edib

Milli Məclisin keçmiş üzvü Nazim Bəydəmirli Gədəbəydə İdman Kompleksinin taleyi ilə bağlı müvafiq nazirliklərə sorğu ilə müraciət edib.

Meydan TV-ə danışan N.Bəydəmirli bildirib ki, 2006-cı ildə tikilən bu obyekt, o zaman vergilər naziri, həmin rayonun kuratoru olan Fazil Məmmədovun, nazirlikdə çalışan qohumunun adına özəlləşdirilib.

"Elə 2010-cu ildə Milli Məclisə seçkilərdən məcburi kənarlaşdırılmasının səbəblərindən biri də budur. Mən necə və kim tərəfindən özəlləşdirilməsi haqqında Əmlak Komitəsi və Gənclər və İdman Nazirliyinə deputat sorğusu ünvanladım, cavab vermədilər. Təkrar sorğu verdim və hökumətin büdcə müzakirəsi zamanı birbaşa mikrofonla soruşdum ki, Gədəbəy kimi dağ rayonunda stadion bir balaca ev qiymətinə niyə satılıb?”

İndiki zamanda isə keçmiş deputat, Fazil Məmmədov vəzifədən gedəndən sonra İdman Kompleksinin taleyinin necə olması barədə sual edir.

"Fazil Məmmədov işdən çıxarılıb. Ay, Gənclər və İdman Nazirliyi, Əmlak Komitəsi və Gədəbəy rayon İcra Hakimiyyəti stadionu geri, dövlətə qaytarmaq lazım deyilmi?”

Gədəbəydə İdman Kompleksi Gənclər və İdman Nazirliyi tərəfindən tikilib və 2006-cı il noyabrın 1-də açılışı olub.

Açılışında Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib.