Kafedə partlayış nəticəsində ölənlərin sayı üçə çatdı

Kafedə partlayış nəticəsində ölənlərin sayı üçə çatdı

22-05-2018 12:34 / Bu xəbər 5244 dəfə oxundu

Yaralılardan biri xəstəxanada keçinib

Bakıda kafedə partlayış nəticəsində ağır yanıq xəsarətləri alan 44 yaşlı Natiq İbrahimov müalicə aldığı xəstəxanada vəfat edib.

Bu barədə "Report”a Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının nəzdində fəaliyyət göstərən Yanıq şöbəsinin müdiri Şöhrət Məmmədov məlumat verib.

O bildirib ki, yaralı gecə saat 2 radələrində dünyasını dəyişib.

Digər yaralı 53 yaşlı Şəkər İbrahimovanın vəziyyəti isə ağır olaraq qalır: "Hazırda qadının müalicəsi reanimasiya şöbəsində davam etdirilir”.

Partlayışla bağlı bir nəfər vəzifəli şəxs tutularaq istintaqa cəlb edilib. Hüquq-mühafizə orqanlarının verdiyi məlumata görə, tutulan şəxs "Azərtransservis” ASC-nin təsisçisi Əyyub Haqverdiyevdir.

Faktla bağlı Cinayət Məcəlləsinin 314.3-cü (Səhlənkarlıq, iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. İstintaq davam etdirilir.

Mayın 21-də Bakı şəhəri, Binəqədi rayonunda ümumi sahəsi 25 m2 olan (10 m2 hissəsi daşdan, qalan hissəsi taxta konstruksiyalardan ibarət) kafenin içərisində propan qaz balonu partlayıb. Nəticədə tikilinin yanar konstruksiyaları yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1969-cu il təvəllüdlü İbrahimova Gülənaz Rəhim qızı və 1963-cü il təvəllüdlü Saatov Söhrab Yusif oğlunun yanmış meyitləri yanğınsöndürənlər tərəfindən aşkar edilib.