Jurnalisti doğrayan şəxs musiqiyə qulaq asmağı məsləhət görüb

Jurnalisti doğrayan şəxs musiqiyə qulaq asmağı məsləhət görüb

18-10-2018 14:38 / Bu xəbər 208 dəfə oxundu

Camal Qaşıqçının cəsədinin 7 dəqiqəyə doğrandığı deyilir

Hazırda dünyanın diqqəti oktyabrın 2-də Səudiyyə Ərəbistanı Krallığının İstanbuldakı konsulluğunun binasına daxil olduqdan sonra itkin düşən "The Washington Post” jurnalisti Camal Qaşıqçı olayına yönəlib.

Oktyabrın 17-də ABŞ-ın dövlət katibi Maykl Pompeo Ankaradakı rəsmi görüşdə C.Qaşıqçı hadisəsinin araşdırılmasında Türkiyəyə yardım edəcəklərini bildirib.

Səudiyyə Ərəbistanının Türkiyənin İstanbul şəhərindəki baş konsulu Məhəmməd Uteybi isə vəzifəsindən azad olunub.

Məlumatı "Reuters" yayıb.

Bildirilir ki, keçmiş baş konsul Məhəmməd Uteybi haqda istintaq araşdırmalarına başlanılıb.

Eyni zamanda, Səudiyyə Ərəbistanının 11 dövlət məmuru hazırda Türkiyədədir.

Digər məlumata görə, baş konsul Məhəmməd Uteybi jurnalist C.Qaşıqçının konsulluğun binasından kənarda öldürülməsini istəyib. Bu, Krallığın İstanbuldakı Baş konsulluğunda jurnalist Camal Qaşıqçının qətlə yetirilməsi zamanı qeydə alınan səs yazısında aşkar edilib:

"Konsulluğa sənəd almaq üçün gedən C.Qaşıqçının orada sorğu-sual zamanı işgəncə verilərkən əvvəlcə barmaqları qoparılıb, ardından isə başı kəsilərək öldürülüb. Səs qeydinə görə, işgəncə verilərkən baş konsul Məhəmməd Uteybi buna etiraz edib. Deyib ki, bunu konsulluqdan kənarda edin, mənim başıma iş açacaqsınız. Başqa bir səs qeydində isə kimsə baş konsulu hədələyir: "Səudiyyə Ərəbistanına gələndə yaşamaq istəyirsənsə, sus””.

"Al-Jazeera” telekanal bildirib ki, C.Qaşıqçı baş konsulun otağında öldürülüb və meyiti 7 dəqiqədə parça-parça edilib. Meyitin parçalanmasını Səudiyyə Ərəbistanının patoloji antomiya mütəxəssisi Salah Mohammed al-Tubaigy həyata keçirib. O, bu işi icra edərkən yanındakılara musiqi dinləməyi tövsiyə edib. Salah Mohammed al-Tubaigy vəliəhd şahzadə Məhəmməd ibn Salmanı ABŞ-a səfəri zamanı müşayiət edib.