İt dişləməsinə məruz qalan uşağın atası: ''Vəziyyəti kafidir''

İt dişləməsinə məruz qalan uşağın atası: ''Vəziyyəti kafidir''

22-04-2019 17:20 / Bu xəbər 1114 dəfə oxundu

Səhiyyə Nazirliyi: ''2018-ci ildə 20 mindən artıq insan heyvan dişləməsindən zərər çəkib''

İt dişləməsi diaqnozu ilə aprelin 16-da xəstəxanaya yerləşdirilən 2015-ci il təvəllüdlü Hüseyn Məmişovun hazırkı vəsiyyəti stabildir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən "ONA” saytına verilən məlumata görə, onun müalicəsi Kliniki Tibbi Mərkəzdə davam edir, xəstə peşəkar tibb işçilərinin nəzarəti altındadır.

Uşağın atası Qismət Məmişov "Report” saytına hadisə ilə bağlı deyib ki, həmin zaman uşaq şokda olub.

Hadisənin təfərrüatlarını danışan Q.Məmişov qeyd edib ki, evlərinin qarşısındakı küçədə oğlu qonşunun uşaqları ilə oynayarkən quduz it onu dişləyib: "Oğlum özü deyir ki, ata, oynadığım yerdə gəldi üzümdən yapışdı. Həmin anda uşağım şokda olub deyə hərəkətsiz qaldığından it uşağımı 3-4 metr sürüyüb. Ətrafda olan qonşular qışqırdıqdan sonra it uşağı buraxıb qaçıb. Həmin it də üç gündən sonra ölüb”.

Uşağın atası şikayət edir ki, Sulutəpə ərazisində sahibsiz itlərin sayı həddindən artıq çoxdur və bunun da qarşısını alan yoxdur: "Uşağımın vəziyyəti kafidir. Həkimlər deyirlər ki, hələ 40 gün gözləmək lazımdır. Peyvəndləri vaxtında vurulur. Əsas mənə uşağımın sağalması lazımdır. İnanıram ki, üzü də zamanla düzələcək”.

Səhiyyə Nazirliyi bildirib ki, respublika ərazisində 2018-ci il ərzində heyvan dişləməsi və cırmaqlamasından 20 mindən artıq şəxs zərər çəkib: "2019-cu ilin ilk üç ayı ərzində 5 minə yaxın şəxsdə bu cür hal qeydə alınıb. Heyvanlar tərəfindən cırmaqlama, zədə, dişləmə quduzluq kimi ağır infeksion xəstəliklə nəticələnə bilər. Quduzluq xəstəliyi zoonoz mənşəli, ölümlə nəticələnən yoluxucu xəstəlikdir. Bu xəstəliklə bütün istiqanlı heyvanlar, xüsusən canavar, tülkü, it, pişik və s. yoluxur. Xəstəlik insana dişləmə, cırmaqlanma və heyvanın ağız suyu vasitəsilə keçə bilər. Quduzluq xəstəliyinin törədiciləri süzülən viruslardır. Xəstəliyin törədiciləri əksərən baş və onurğa beyin sinirlərində və tüpürcəkdə tapılır. Quduz heyvan tərəfindən dişlənən və ya onların tüpürcəyi insanın dərisində təsadüf edilən sıyrılmış, zədələnmiş yerə düşən zaman xəstəlik baş verə bilər. Xəstəlik 100% ölümlə nəticələnir”.

Səhiyyə Nazirliyi mövzunun aktuallığını nəzərə alaraq vətəndaşlara ehtiyatlı olmağı, hər hansı bir heyvan tərəfindən dişləmə, tüpürcəklənmə və ya cırmaqlanma baş verdiyi halda dərhal həkimə müraciət etməyi və antirabik vaksinini vaxtında vurdurmağı tövsiyə edib.