İranda təyyarə qəzasında 15 nəfər həlak olub

İranda təyyarə qəzasında 15 nəfər həlak olub

14-01-2019 15:41 / Bu xəbər 1397 dəfə oxundu

Qırğızıstandan gələn yük təyyarəsi İran paytaxtı yaxınlığında qəzaya uğrayıb, təyyarədəki 16 nəfərdən bircə nəfəri salamat qalıb.

Boeing 707 təyyarəsinin eniş zolağından çıxdığı, divara dəydiyi bildirilir. 

Hadisə Tehrandan 40 kilometr qərbdə yerləşən Kərəc şəhəri yaxınlığındakı Fath aeroportundan pis hava şəraiti üzündən baş verib.

Təyyarədəki 16 nəfərdən yalnız uçuş mühəndisi salamat tapılıb, xəstəxanaya aparılıb. 

Məlumatı İran ordusu yarırəsmi Fars xəbər agentliyi vasitəsilə yayıb.

"Qırğızıstanın Bişkek şəhərindən ət daşıyan Boeing 707 təyyarəsi bu gün Fath aeroportunda fövqəladə eniş edib... uçuş mühəndisi xəstəxanaya yerləşdirilib”, – bəyanatda deyilir.

Təyyarənin eniş zamanı zolaqdan çıxaraq divara dəydiyi, zolağın qurtaracağında alovlandığı qeyd olunur.

Hadisə yeri

İlkin məlumatlarda təyyarənin hansı ölkəyə məxsus olması barədə məlumat qarışıq idi.

İran ordusunun sözçüsü, general Shahin Taghikhani dövlət televiziyasına təyyarənin və heyətinin İrana məxsus olduğunu deyib.

***

İçərisində azı 9 nəfər olan yük təyyarəsi İran paytaxtı Tehran yaxınlığında qəza edib.

Hələlik, itkilər barədə məlumat verilmir.

Təyyarənin yanvarın 14-də Alborz vilayətində Fath aeroportuna enməyə çalışarkən binaya dəydiyi bildirilir. Məlumatı IRIB dövlət televiziyası yayıb.

İranın aviasiya təşkilatının sözçüsü Reza Jafarzadeh təyyarənin Boeing 707 olduğunu, eniş zolağından kənara çıxdığını bildirib.

Dövlət televiziyası təyyarənin Qırğızıstana məxsus olduğunu xəbərləyib.

Fath aeroportu Tehranın şərqindəki Kərəc şəhərinin yaxınlığında yerləşir.

Dövlət televiziyası hadisə yerindən tüstü qalxdığını göstərən görüntülər yayıb.

***

İranın fövqəladə departamentinin rəhbəri Pirhossein Kolivand dövlət televiziyasına yeddi cəsədin aşkarlandığını, axtarışların davam etdiyini bildirib.

Dövlət televiziyası təyyarənin Qırğızıstana məxsus olduğunu desə də, Qırğızıstan paytaxtı Bişkek yaxınlığındakı Manas aeroportunun sözçüsü onun İranın Payam Air şirkətinə aid olduğunu deyib.

Sözçü Manas aeroportundan çıxan təyyarənin İranda qəza etdiyini sözlərinə əlavə edib.///azadliq.org