İradə Musayeva, o və mən…

İradə Musayeva, o və mən…

14-12-2018 18:24 / Bu xəbər 3175 dəfə oxundu

İradə Musayeva

(Ad günümə elegiya…)

Şəxsiyyət və yaradıcılıq məfhumlarını eyniləşdirməyi, bunların arasında hər hansı bir əlaqə axtarmağı heç cür qəbul etməyən U.Folkner Nobel mükafatı alanda "Bu mənə deyil, mənim yaradıcılığımadır” – demişdir. Onun çox maraqlı bir replikası var: "Mənim kitablarım üstəgəl  Bill Folkner adlı kənd sakini – deyəsən onların bir-birinə çox az bağlılığı var axı”…

Doğrudan da yaradıcı və fəaliyyəti ictimai auditoriya  üçün hesablanan insanların şəxsiyyətində ikiləşmə gedir daima.  Bəlkə də ikiləşmə yox, çoxalma… Məsələn, mən bir ailə-məişət insanı, valideyn, övlad, həyat yoldaşı, müəllim kimi bu çoxalmış obrazların – İradələrin arasında tənqidçi İradə Musayeva haqqında  daima düşünürəm və narahatam.Hərdən çox uzaqda, hərdən də lap yaxında dayanıb onun üçün kədərlənirəm…

Bir dəfə cavan yazarlardan biri söhbət əsnasında ərkyana və zarafatla  dedi ki, "İradə xanım, siz öz ləyaqətinizlə çox öyünürsünüz”… Bu  qənaət  mənə qəribə gəldi. Əvvəla, ləyaqəti ilə öyünmə pis bir iş deyil, o ləyaqət ki onun saxlanılması naminə çox şeylərdən, rifahdan, maddi rahatlıqdan, titullardan, vəzifədən keçirsən, niyə də öyünməyəsən? İkincisi isə mən özüm haqqında deyil, məhz o- üçüncü şəxs –tənqidçi İradə Musayeva üçün qürurlanıram.  O İradə Musayeva ki  hazırkı ədəbi tənqid sənətində var gücü ilə mücadilədədir.  Bütün həyatını oxuma və yazma peşəsinə həsr edib…  Ədəbiyyatşünas kimi ədəbiyyat tarixi, tənqidi və nəzəriyyəsinin müxtəlif, həlli vacib problemlərini düşündürücü elmi arqumentlərlə gətirir ədəbi gündəmə və bütün bunlar haqqında dəyərli kitablar yazıb ədəbi camiaya təqdim edir. O İradə Musayeva ki   klassik, müasir Azərbaycan ədəbiyyatı, dünya ədəbiyyatı, tərcümə problemləri, repressiya tarixi ilə bağlı fundamental və yeni baxış bucağında araşdırılmış silsilə məqalələr yazır, təhsil, tədris məsələləri ilə bağlı vəsaitlər çap etdirir, günün ədəbi prosesini mütəmadi olaraq oxuyub rəylər, resenziyalar yazır və s. Və o İradə Musayeva ki dostlarından çox rəqibləri və tənqid hədəfləri oxuyur onun məqalələrini…

On illərin  ən yaxşı ədəbi tənqid kitabı  sayılacaq məqalələr toplusunu  sətir-sətir oxuyan ədəbi  səlahiyyətlilər gizli bir həsəd, açıq nifrətlə az qala hər kəsi bu imzaya qarşı çevirmək istədi və çox hallarda nail oldu…

Bəzən deyirəm ki, həyatda çox çəkingən və qorxağam – inanmırlar. İnanmırlar ki, əlinə qələm alan andaca haqqında bəhs etdiyim adam nəinki bütün qorxuları, ehtiyatlılıq jestlərini, hətta mənim özümü, bu yazını yazan adamı da saya salmır, onun diqtələrinə əhəmiyyət vermir…

Bəzən isə həmin o İradə Musayeva haqqında  "Bu kimə arxayındır?”, "Onun arxasında kim dayanıb?”,  "Hamıdan fərqlənmək üçün belə yazır”, Öyrədiblər”    və s. bu kimi  mənasız, xırda hisslərlə ifadə edilən dedi-qodular  eşidirəm.  Halbuki orta məktəbdə yazdığı kəskin və həyəcan doğuran inşa mətnlərindəki həmin uşaqdır İradə Musayeva…   Bəzən onun – tənqidçi İradə Musayevanın həmkarlarının necə xoflu, paxıl, qərəzli və hiyləgər olduğunu onun özündən də aydın şəkildə görürəm, bəzən onun tənqid hədəfi olan ədəbi məmurların əlinin altında dayanıb riyakarcasına haqq-ədalət, ədəbiyyat, elm söhbətləri edən buqələmunlar tərəfindən necə vurulduğunu, kölgəyə atıldığını açıqca müşahidə edirəm… Hər səhifədə adının üstündən keçmək, hər səhifədə adını qaralamaq, mötərizəyə almaq, nida işarəsi ilə fərqləndirici mesajlar vermək…

Elə hey ayağının altını qazırlar…  O isə ayağının altına deyil, inandığı göylərə, səcdə etdiyi ədəbiyyat üfüqlərinə dikib  ümidsiz gözlərini…  Amma ümidsizliyini heç kimə yansıtmır, dimdiyində yanğına su daşıyır, "döyüş bayrağına ancaq "qələbə!”– sözünü yazıb”, ən ağır mübarizələrə də inamla atılır, insanlarda haqq, ədalət hissini ölməyə qoymayan əzmkarların yanında durur daima…İnanır ki,  R.Rövşənin "başı kəsik gözəl kötük” həqiqəti əbədidir:

Bu dünyada nə baltalar,
Nə bıçaqlar qalacaq.
Ucalıqdan yıxılsan da,
Yenə canın sağ olsun,
Bu dünyada
Sən yıxılan ucalıqlar qalacaq…

İnanır ki, N.Hikmətin "məsələ əsir düşməkdə deyil, təslim olmamaqdadır”-fəlsəfəsi ilə mübarizədə ölər əsil ləyaqətli insan… İnanır ki, bu məmləkətdə bütün arzuları, ümidləri ölən adamlara əl ağacı kimi də olsa,  dayaq olmaq lazımdır. Fərqi yoxdur, müəllim kimi, alim kimi, kimsəsiz gənc yazara  mənəvi stimul verən ədəbi söz,  ədəbi tənqid  kimi…

Onun sarsıntılarını, kədərini, mücadilə və mübarizəsini, zəhmətkeşliyini, məsuliyyətini də bəlkə mənim qədər dəqiq görən ikinci bir adam olmur…  Ədəbiyyat nəfəsliyində  bir udumluq təmiz hava sevdası ilə üz tutduğu qapıların arxasında zəhərli ilanlarla üzləşən,  dost bildiiyi adamlardan  satqınlıq, xəyanət görən bir yaradıcı insanın acısını  görmək, əslində  çox ağırdır və mən bunları görürəm…

Təm-təkdir…  Hər tərəfində adamlar və tam tək… İşdən yorğun gəlib bağladığı səhifələri açar, oxuyar, oxuyar və yazar… Yaxşı ki  bir də mən varam! Onu qoruyan, ona inanan və heç bir meydanda  onu tək qoymayan mən  – onun yeganə həqiqi dostu, bu balaca yazının müəllifi…

14.12.2018.