İqtisadçı: "Sosial evlərin qiyməti aşağı deyil"

İqtisadçı:

06-04-2018 16:49 / Bu xəbər 3310 dəfə oxundu

MİDA mənzillərin güzəştli satışına başlayır

"Mənzil İnşaatı Dövlət Agentliyinin ( MİDA) satışa çıxardığı mənzillərin qiyməti heç də aşağı deyil və Sosial Ev statusuna cavab vermir”.

Bu sözləri iqtisadçı Samir Əliyev öz "Facebook” səhifəsində yazıb. 

MİDA-nın satışa çıxardığı mənzillərin 1 kvadratmetri 940-950 manat arasındadır. İqtisadçı deyir ki, bu, ancaq nisbətən ucuz ev statusuna uyğun gəlir. "Hansısa özəl şirkət bu qiymətə satış etsəydi, bunu normal qarşılamaq olardı. Amma əlində dövlətin resursları olan, özəl şirkətlərdən fərqli olaraq əlavə qeyri-rəsmi ödənişlərdən azad olan MİDA-nın evləri daha ucuz olmalı idi”, – Samir Əliyev vurğulayıb.

MİDA ilk layihəsi olan Yasamal yaşayış kompleksində mənzillərin güzəştli satışı ilə bağlı elan verib.  

Elanda bildirilir ki, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin 1, 2, 3 və 4 saylı binalarında mənzillərin satışı bu il mayın 7-dən avqustun 7-dək davam edəcək.

Samir Əliyev

Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2016-cı il tarixli 1113 nömrəli Fərmanına əsasən MİDA-nın sərəncamında olan mənzillərin əldə edilməsi "Elektron hökumət” portalında (www.e-gov.az) yaradılmış "Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

Yalnız "Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir.

Satışa 260 mənzil çıxarılır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.

Qurumun saytında yazılıb ki, bütün binalar Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarına (AzDTN) uyğun layihələndirilib və inşa olunur. Bununla bağlı Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin rəyləri var.