İqtisadçı: Siqaretin qiyməti arta bilər

İqtisadçı: Siqaretin qiyməti arta bilər

29-10-2018 16:29 / Bu xəbər 1774 dəfə oxundu

''Differensiallaşdırılmış vergi dərəcəsinin ləğvi və 2 faiz bazasında vahid dərəcənin tətbiqi gözlənilir''

"Həm idxal edilən, həm də daxildə istehsal olunan tütün məmulatlarına aksizlərin artımı gözlənilir”.

Bu proqnozu iqtisadçı Rövşən Ağayev verib. 

Öz "Facebook” səhifəsində bu barədə yazan iqtisadçı deyir ki, büdcə sənədlərindəki rəqəmlərə əsasən bu qənaətə gəlib:

"Büdcə sənədlərindən görünür ki, 2019-cu ildə idxal olunan tütün məmulatlarına aksizlər kəskin şəkildə artacaq. Bu mənbədən büdcəyə daxil olan vəsaitin həcminin 2018-ci ilə nisbətən 2.5 dəfəyə yaxın artırılması bunu söyləməyə əsas verir.

Belə ki, gələn il idxal olunan tütün məmulatlarından büdcəyə 248.6 mln. manat proqnoz edilir. 2018-ci il üçün həmin məbləğ 104 mln. manatdır

Yerli istehsala aksizlər üzrə də daxilolamalarda əhəmiyyətli dərəcədə artım var: 10.1 mln. manatdan 58.5 mln. manata artımla proqnozlaşdırılır”.

Rövşən Ağayev deyir ki, büdcə mədaxili ilə bağlı proqnozlara baxanda sıranın xeyli geniş olduğu diqqətdən qaçmır:

"Daha bir dəyişiklik ticarət fəaliyyəti ilə məşğul olan həm hüquqi, həm də fiziki şəxslərin 6 faizlə sadələşdirilmiş vergiyə cəlb olunmasının ləğvi ola bilər. Belə ki, büdcə sənədində hər 2 subyekt üzrə 6 faizlik sadələşdirmiş vergidən daxilolma üzrə proqnoz nəzərdə tutulmayıb. İctimai iaşədə 8 faizlə çalışanlar üçün isə proqnoz saxlanılıb”.

Rövşən Ağayev

Vergi Məcəlləsinin 218.1 və 220.1-1-ci maddələrinə görə, illik dövriyyəsi 200 000 manatdan yüksək olan həm ticarət, həm ictimai iaşə sektoru üzrə sahibkarlar da sadələşdirilmiş vergi ödəyici ola bilərdilər. Həmin normalara görə, bu halda dövriyyədən ticarətçilər 6 faiz, iaşə sahəsində çalışanlar 8 faiz vergi ödəməli idilər.

İqtisadçı deyir ki, yerdə qalan sahələr üzrə differensiallaşdırılmış vergi dərəcəsinin ləğvi və 2 faiz bazasında vahid dərəcənin tətbiqi gözlənilir. Hazırda isə Bakı şəhəri üzrə 4 faiz, yerdə qalan regionlar üzrə 2 faiz dərəcə qüvvədədir.

"Sadələşdirilmiş verginin tətbiq dairəsinin daraldılması ilə bağlı gözlənilən dəyişikliklərlə bağlı 2019-cu ildə bu vergi növü üzrə büdcəyə daxiolma proqnozu 58 mln. manat (15.3%) azaldılıb. Əvəzində rezident hüquqi şəxslərin mənfəət vergisi üzrə daxilolama proqnozu 136.9 mln. manat (22.4%) artırılıb”, - Rövşən Ağayev deyir.

İqtisadçı vurğulayır ki, daha bir dəyişiklik hüquqi şəxslərin mülkiyyətində olan avtomobil vasitələrinin əmlak vergisinə cəlb edilməsidir:

"Bu mənbədən 11.7 mln. manat daxilolma proqnozlaşdırılıb. Hər halda görünən odur ki, 2019-cu il hüquqi şəxs kimi fəaliyyət göstərən biznes üçün vergi yükünün artımı baş verəcək”.