İlqar Məmmədovun vəkilinə məhkəmə protokolları verilmir

İlqar Məmmədovun vəkilinə məhkəmə protokolları verilmir

08-10-2018 18:29 / Bu xəbər 173 dəfə oxundu

Fuad Ağayev: ''Azərbaycan məhkəməsi qanunvericiliyin tələbinə riayət etmir''

Şəki Apelyasiya Məhkəməsi ReAL Partiyasının sədri İlqar Məmmədovun prosesinin protokollarını vəkilə təqdim etməkdən imtina edib. 

Məhkəmədən bildiriblər ki, sənədləri yalnız gəlib məhkəmədə oxuya bilərlər.

Bu barədə vəkil Fuad Ağayev "Facebook” səhifəsində məlumat paylaşıb.

Vəkil deyib ki, məhkəmə rəhbərliyinə məhkəmə baxışının gedişatını əks etdirən protokolun əsas sənəd olduğunu izah etsə də, heç bir reaksiya yoxdur: "Bütün qonşu ölkələrdə onun surətini verirlər, amma Azərbaycan məhkəməsi qanunvericiliyin tələbinə riayət etmir. İndi məcburuq gedək Şəkidə oxuyaq bu protokolu. İşi də qaytarıblar Şəki Ağır Cinayətlər Məhkəməsinə. Həmin məhkəmənin təmsilçilərinə İzah edirəm: mənim vəkil orderim Apelyasiya Məhkəməsinə verilib və əlavə orderə ehtiyac yoxdur”.

Avqustun 13-də Şəki Apelyasiya Məhkəməsi ReAL Partiyasının lideri İlqar Məmmədova iki il sınaq müddəti ilə şərti cəza kəsməklə məhkəmə zalından azadlığa buraxıb.

İlqar Məmmədov 2013-cü ildə İsmayıllı iğtişaşlarının təşkili ittihamı ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Avropa İnsan Haqları Məhkəməsi iki dəfə bunun əsassız olması haqqında qərar qəbul edib.

Azərbaycan Ali Məhkəməsinin plenumu iyunun 29-da yerli məhkəmələrin əvvəlki qərarlarını ləğv edib və iş yenidən baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib.///meydan.tv