İlkin Rüstəmzadədən xəbər var

İlkin Rüstəmzadədən xəbər var

26-01-2019 00:31 / Bu xəbər 1577 dəfə oxundu

"Biz bloqer Mehman Hüseynovun və ya özümüzün azadlığımızdan ötrü aclıq aksiyası keçirmirdik. Məqsədimiz birlik göstərmək və hakimiyyətin siyasi məhbuslara təzyiqlərinə müqavimət göstərmək idi".

Bunu hazırda həbsdə olan gənc fəal İlkin Rüstəmzadənin dediyi bildirilir.

Bu gün, yanvarın 25-də cəzaçəkmə müəssisəsində yaxınları gənc fəalla görüşüblər. Bildirildiyinə görə, yanvarın 13-dən 22-nə qədər o, bir qrup siyasi məhbus sayılan fəalla həbsdə aclıq aksiyası keçirib. Amma Penitensiar Xidmətdən bir qrup fəalın həbsdə aclıq aksiyası keçirməsi ilə bağlı məlumatı təsdiqləməmişdilər.

Yaxınlarının habelə bildirməsinə görə, İ.Rüstəmzadə yanvarın 25-də gerçəkləşən görüşdə əlavə edib ki, cəmiyyətdə əlavə gərginlik yaranmasının tərəfdarı deyil.

İ.Rüstəmzadə 2013-cü il martın 10-da Bakının mərkəzində əsgər ölümünə etiraz aksiyasından sonra həbs edilib. Kütləvi iğtişaşların təşkili və başqa oxşar ittihamlarla üzləşən gənc fəal 8 il həbs cəzası alıb. «Amnesty International» hüquq-müdafiə təşkilatı NİDA Vətəndaş Hərəkatının üzvü olan bu gənci «vicdan məhbusu» adlandırıb.

Həmin vaxt onunla birgə həbs edilən bütün fəallar əfv fərmanı ilə azadlığa buraxılsa da, İ.Rüstəmzadə hələ də həbsdədir.

Xatırlatma
Bloqer Mehman Hüseynov 2017-ci ildə polisə böhtan atma iddiası ilə 2 il həbs edilib. O, həbs müddətinin başa çatmasına bir neçə ay qalmış yeni ittihamla üzləşmişdi. Rəsmi məlumata görə, M.Hüseynov Penitensiar Xidmətin əməkdaşına zor tətbiq etməkdə günahlandırılırdı. Bloqer yenə ittihamla razılaşmırdı.

Son həftələr onun müdafiəsi ilə bağlı həm Azərbaycanda, həm də ondan kənarda bir sıra etiraz aksiyaları keçirildi. Bu aksiyalarda bir çox fəallar saxlanaraq inzibati qaydada cəzalandırıldılar.

Yanvarın 22-də Baş Prokurorluq M.Hüseynov barəsindəki cinayət işinin icraatına xitam verildiyini açıqlayıb. Buna səbəb kimi isə bloqerin və bəzi hüquq müdafiəçilərinin prezidentə müraciət etmələri, dövlət başçısının da, öz növbəsində, bununla bağlı baş prokurora tövsiyə verməsi göstərilir.///azadliq.org