İcra başçısı pambığa görə 45 dəqiqə ərzində məmurları 126 dəfə söydü (SƏS YAZISI)

İcra başçısı pambığa görə 45 dəqiqə ərzində məmurları 126 dəfə söydü (SƏS YAZISI)

20-11-2017 17:39 / Bu xəbər 2659 dəfə oxundu

Daşkənd vilayətinin Parkent rayonunun icra başçısı Nematulla Abdullaev idarə və qurumların rəhbərlərini, habelə məhəllə ağsaqqallarını kobud formada danlayaraq onları təhqir edib. Buna səbəb onların pambıq yığmağa yetərincə adam göndərməməsi olub.

45 dəqiqə çəkən iclasda icra hakimi düz 126 dəfə toplaşanların ünvanına ağır söyüşlər işlədib. Abdullaev-in özü məsələyə münasibət bildirərkən, söyüş söymədiyini, sadəcə iclas iştirakçılarını danladığını deyib.

Ciddi söhbət

İclasın audioyazısı "Azadlıq Radiosu”nun özbək xidmətinə yol tapıb.

Yazı müəllifi icra hakiminin əvvəlcə tibb birliyinin rəhbəri Gofir Roziboev-i təhqir etdiyini deyib.

«Sən boş vədlər verirsən, lənətə gələsən, (icra hakimi daha kobud ifadələr işlədib - tərc.) bu boyda böyük qurumun rəhbərisən, amma pambığa az adam göndərmisən. Bacarırsan, işlə, bacarmırsan, cəhənnəm ol, get... (bu məqamda da bir neçə söyüş işlədib)», – deyə icra hakimi tibb birliyinin rəhbərini təhqir edib.

Gofir Roziboev icra hakiminə cavabında pambığa 20 nəfər göndərdiyini deyəndə, icra başçısı onu təhqir etməyə davam edir:

«Cəhənnəm ol... (Söyür) Guya sənin 20 adamın nə yığıb? Bura bax, ... (yenə söyür), sənin g... dağıdaram...!», – icra hakimi deyir.

İclasda Nematulla Abdullaev pambıq «pripiskası»na görə Bekabad rayonunun icra hakimi, prokuroru və milis rəisinə cinayət işlərinin açıldığını deyib. İclasın audioyazısını diktofona yazan şəxs AzadlıqRadiosunun özbək xidmətinə bildirib ki, Daşkənd vilayətindəki bəzi rayonların rəhbərlərinə cinayət işinin açılması Parkent rayonunun icra başçısını ciddi narahat edir.

Audioyazı müəllifinin sözlərinə görə, pambıq qərargahında iclasda Abdullaev məhəllə ağsaqqallarını da təhqir edib.

«Beş ton pambıq təhvil verməsəniz, ş..inizi qoparacam, köpək uşağı», – o deyib.

Audioyazı müəllifinin sözlərinə görə, Parkent rayonunun pambıq qərargahında keçirilən iclas bir saatadək davam edib. Nematulla Abdullaev iclas iştirakçılarını təhqir edərək alçaldandan sonra onlara pambıq sahələrinə kifayət qədər adam çıxarmağı, o adamların da günə azı 30 kiloqram məhsul yığmasını əmr edib.

"Sadəcə, danlamışam”

"Azadlıq Radiosu”nun özbək xidmətinin müxbirinin suallarına cavab verən icra başçısı Nematulla Abdullaev noyabrın 1-də rayonun pambıq qərargahında yerli qurumların rəhbərləri və məhəllə ağsaqqallarının iştirakıyla iclas keçirdiyini təsdiqləyib. Ancaq o, iclas iştirakçılarını nalayiq sözlərlə təhqir etdiyini danıb.

"Mən həqiqətən də onları pambıq toplama planının yerinə yetirilməsi zamanı yanlış məlumat verdiklərinə görə danlaya bilərdim. Axı pambığa dair yanlış məlumat verilən vaxtlar geridə qalıb. Əgər kimisə təhqir etmişəmsə, qoy həmin adam məni məhkəməyə versin. Məhkəmə qarşısında cavab verməyə hazıram. Heç kimi təhqir etməmişəm və heç kimə hədə-qorxu gəlməmişəm", – icra hakimi radionun müxbirinə deyib.