''İcra başçıları görsünlər ki, onların qanunsuz əməlləri nəzərdən qaçmır''

''İcra başçıları görsünlər ki, onların qanunsuz əməlləri nəzərdən qaçmır''

20-04-2018 19:02 / Bu xəbər 3756 dəfə oxundu

Parlamentin komitə iclasında ombudsmanın illik məruzəsi müzakirə edilib

"Bu yaxınlarda bir rayonda İcra Hakimiyyəti başçısının biznesmeni təzyiqə məruz qoyması, pulunu geri qaytarmaması və həmin şəxsin aclığa başlaması ilə bağlı məlumatlar ciddi narazılıq yaradıb. Təəssüf ki, bu məsələ ombudsmanın hesabatına salınmayıb”.

Bunu deputat Fazil Mustafa Milli Məclisin İnsan hüquqları komitəsində ombudsmanın illik hesabatının müzakirəsi zamanı bildirib. 

O, təklif edib ki, məruzə müzakirəyə çıxarılacağı plenar iclasadək bu məsələ də ombudsmanın məruzəsinə salınsın.

"Qoy icra başçıları görsünlər ki, onların qanunsuz əməlləri nəzərdən qaçmır”, – deyə deputat bildirib.

Fazil Mustafa

İclasında Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov da ombudsmanın fəaliyyətinə iradını bildirib. O, vaxtilə İnformasiya Ombudsmanı yaratmaq təşəbbüsünün olduğunu, ancaq müxtəlif səbəbdən gerçəkləşmədiyini deyərək, əsas səbəblərindən biri kimi, vahid ombudsman sisteminin olmasını göstərib.

Deputat qeyd edib ki, ombudsmanın fəaliyyətində informasiya əldə etmək məsələləri ilə ciddi məşğul olunmur. "Öyrənmək istərdim ki, ombudsmana informasiya əldə etmək azadlığı ilə bağlı neçə müraciət daxil olub? Bununla bağlı təhlil aparılıbsa, narahatlığın nədən ibarət olduğu açıqlanmalıdır. Məsələn, vicdan azadlığı ilə bağlı 9 müraciət daxil olub. Növbəti fəaliyyət müddətində bu məsələlərə diqqət ayrılmalıdır”, - deyə o vurğulayıb.

Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı isə deyib ki, ombudsmanın ünvanına onlarla informasiya sorğusu daxil olub. Bunlar daha çox dövlət qurumları tərəfindən verilməli olan məlumatların verilməməsi, süründürməçiliyə yol verilməsi ilə bağlı məlumatlardır:

"Bu məsələdə ombudsmanın iş göstəricisi çox yüksəkdir. 90 faizdən çox hallarda məsələlərə müdaxiləmizdən sonra vətəndaşın informasiya əldə etmək hüququ təmin edilib. Bu sahədə işimizi təkmilləşdirməkdən ötrü beynəlxalq təşkilatlarla da əməkdaşlıq edirik”.

Məhkəmələrdə süründürməçilik...

Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququ ilə bağlı müraciətlər, bir qayda olaraq, məhkəmə qərarlarından narazılıq hallarından, bəzən isə məhkəmələrdə süründürməçilik və məhkəmə qərarlarının surətinin vaxtında verilməməsindən ibarət olub.

Əmək hüququ ilə bağlı müraciətlərdə bir sıra özəl strukturlar tərəfindən əmək haqqının və son haqq-hesabın ödənilməməsi, qanun pozuntusuna yol verməklə işdən azad etmə, işə bərpadan imtina, əmək müqaviləsinin bağlanılmaması və ya ona xitam verilməsi zamanı qanunvericiliyin tələblərinə əməl edilməməsi, işlə təmin edilmədə köməklik göstərilməməsi kimi hallar göstərilib.

Ombudsmandan KİV-ə irad...

Məruzədə KİV-lərə də irad əksini tapıb. Qeyd olunub ki, kütləvi informasiya vasitələrində gənc nəslin tərbiyəsinə və formalaşmasına mənfi təsir göstərən, insanlarda bədbinlik və psixoloji sarsıntılar yaradan yazı və məlumatların, xüsusilə də kriminal xəbərlərin verilməsi tərzi, cinayət aləminin nümayəndələrinin dolayısı ilə təbliğ olunması, digər tərəfdən, ayrı-seçkiliyə yol açan, habelə əsassız və ya şayiə xarakterli, həmçinin kənar təsir və təzyiqlər nəticəsində yaranan məlumat və yazıların mətbuatda verilməsi, reketçilik və sui-istifadə halları yolverilməzdir. Fikir, söz və mətbuat azadlığının təmin edildiyi bir vaxtda kütləvi informasiya vasitələrinin nümayəndələri etik davranış qaydalarına riayət etməklə daim peşəkarlığının yüksəldilməsinə çalışmalı, eyni zamanda vətəndaşların qanuni maraqlarına cavab verən məsələlərin işıqlandırılmasına, insan hüquqularının inkişafına və müdafiəsinə dəstək verən ədalətli yazılara üstünlük verməlidirlər.

Aliment fondunun yaradılması qaçılmaz zərurətdir

Məruzədə o da qeyd edilir ki, ölkədə aliment borcları üzrə məcburi ödəniş mexanizmi hazırlanmalı və tətbiq edilməlidir.

"Mövcud vəziyyət, rəsmi nikahda olmayan və ya natamam ailələrin, boşanmaların və baxımsız uşaqların sayının artması göstərir ki, Müvəkkilin illik məruzələrində və aidiyyəti qurumlara müraciətlərində öz əksini tapmış Aliment fondunun yaradılması qaçılmaz zərurətdir” - deyə illik məruzədə qeyd edilir.

Komitə iclasında müzakirələrdən sonra məruzə Milli Məclisin aprelin 24-də keçiriləcək plenar iclasına tövsiyə edilib.

İllik məruzə Azərbaycan Respublikasının Prezidentinə təqdim edilib, Milli Məclisə, Nazirlər Kabinetinə, Konstitusiya Məhkəməsinə, Ali Məhkəməyə və Baş prokurora göndərilib.

Sənəddə qeyd edilir ki, 2017-ci ildə Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin ünvanına daxil olan müraciətlərə münasibətdə mülkiyyət hüququ ümumi müraciətlərin 13.2 faizini, hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququ 6.2 faizini, sosial təminat hüququ 5.8 faizini, əmək hüququ isə 4.9 faizini təşkil edib.///meydan.tv