Hüquqşünas: "Hüquq siyasətini həyata keçirənlərin başı söyüşə qarışıb"

Hüquqşünas:

02-03-2019 11:12 / Bu xəbər 234 dəfə oxundu

"MTRŞ artıq televiziyalarda çal-oyna siyasətinə hüquqi müdaxilə də edə bilməz"

"Azərbaycanda teleradio məkanındakı vəziyyətdən hər kəs şikayət edir. Televiziyaların bayağılaşdığı, cəmiyyəti kütləşdirdiyi hər platformada, müzakirdə rastlaşdığımız ifadələrdir. Teleradio sahəsində dövlət siyasətini həyata keçirən qurum davamlı diqqət mərkəzinə düşür və fəaliyyətsizlikdə suçlanır. Əslində bu qurum indi sözün hər iki mənasında fəaliyyətsizdir. Həm praktik, həm hüquqi".

Bunu media eksperti, hüquqşünas Ələsgər Məmmədli feysbukda yazıb.

Onun sözlərinə görə, bu gündən teleradio sahəsində tənzimləyici dövlət qurumu Milli Teleradio Şurasının qərar qəbul etmək üçün toplanma yetərsayı mövcud deyil: "Yəni MTRŞ sahəsi ilə əlaqəli hər hansı məsələdə toplanıb qərar qəbul edə bilməz. Çünki Şura 9 üzvlə yaradılmışdı. Hazırda onun cəmi 4 üzvü qalıb. Dünən daha 2 üzvün səlahiyyət müddəti bitdi və uzadılmadı. Üzvlüyü bitən şəxslər Azərbaycan Respublikasının Prezidentinin 1 mart 2013-cü il tarixli Sərəncamı ilə 6 il müddətinə təyin edilən Cəbiyev Qafar Cəfər oğlu və Ağayev Əlvan Həsən oğludur. Bundan bir müddət öncə Şuranın sədr müavini Sona Vəliyeva (Prezidentin köməkçisi Əli Həsənovun xanımı)18 noyabr 2018-ci ildə səlahiyyət müddətinin bitiminə bir il qalmış istefa etmiş və üzvlərin sayı 6-ya düşmüşdü". 

""Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 4.1.5-ci maddəsinə əsasən, Şuranın normativ xarakterli aktları kollegial qaydada, qərarlar formasında qəbul edlməlidir. Kollegial qaydada qəbul edilən qərarlarda toplantı yetərsayı və qərar yetərsayı mövcud olmalıdır. 14 yanvar 2004-cü il tarixli Milli Televiziya və Radio Şurasının Reqlamentinin 3.1-ci bəndində də toplantıların səlahiyyətli olması üçün yetərsayın olması nəzərdə tutulub. Bir sözlə, ölkə televiziyalarında sərhədsiz çal-oyna siyasətinə praktik müdaxilə etməyən MTRŞ indi heç hüquqi müdaxilə də edə bilməz. Dövlət hüquq siyasətini həyata keçirənlərin başı, deyəsən sosial, şəbəkələrdəki qarşılıqlı söyüşmələrə elə qarışıb ki, dövlətin əsl kəsintisiz fəaliyyəti yaddan çıxıb. Prezidentə yeni üzvlər təyin etmək üçün məlumat vermək yaddan çıxıb. Üzücüdür!"