Hökumətlər necə avtoritarlaşır?

Hökumətlər necə avtoritarlaşır?

25-09-2018 13:37 / Bu xəbər 974 dəfə oxundu

Elman Fəttah

Avtoritarizmin oturuşması üçün tələb olunan iki mühüm şərtdən biri avtoritar şəxsin sərt iradəsi və qətiyyətidirsə, digəri insanların ona tabeçiliyə meylli olmasıdır.

Avtoritar idarətmənin necə meydana çıxmasının təhlilinə keçmədən öncə insanların niyə avtoritetə boyun əyməsinin psixoloji aspektinə göz atmaqda yarar var. Qərarvermə prosesində insanlar əksər hallarda mənsub olduğu qrupun baxış bucağına tabeçiliyə meylli olur. Kütləvi işlərdə səthi düşünür və əksəriyyətin dəstəklədiyi mövqeni rahat şəkildə mənimsəyir. Ancaq fikrini soruşmuş olsaq, yəqin ki, çox az adam tabeçiliyə meylli ola biləcəyini etiraf edər.

Psixoloq Stanley Milqramın "Avtoritetə yox deyə bilməmək” eksperimenti bu baxımdan çox əhəmiyyətlidir. Milqram Gestaponun məşhur zabiti Adolf Eyxmanın məhkəməsini izləyərkən "Nasist Almaniyasındakı yəhudi soyqırımının icraçıları olan minlərlə şəxs törətdikləri bu dəhşətlərin nə dərəcədə fərqində idilər? Bu cinayətləri bilərək, istəyərək, dərk edərəkmi törədirdilər. Yoxsa sadəcə əmrlərimi icra edirdilər” sualı ətrafında düşünür.

O, avtoritar şəxsin və ya qurumun istəklərinə itaət etməyə insanların nə dərəcədə hazır olduqlarını (öz vicdanlarına rəğmən) ölçmək üçün eksperiment aparmaq qərarına gəlir. Eksperimentə müxtəlif sosial qruplardan və müxtəlif millətlərdən 20-50 yaş arası şəxslər cəlb olunur. Seçilənlər arasında təhsil səviyyəsi ibtidaidən elmlər doktoruna qədər dəyişən müxtəlif şəxslər vardı.

Eksperiment müəllim-tələbə müstəvisində aparılır.

Tətbiq üsulu:

Eksperimentdən öncə tələbələrə səma-mavi, heyvan-vəhşi, limon-sarı və s. tipli cüt sözləri əzbərləmək tapışırığı verilir. Müəllim sözün birinci hissəsini səsləndirib, ikinci hissəsini tələbədən soruşur. Hər yanlış cavabda cəza olaraq tələbənin bədəninə artan miqdarda elektrik cərəyanı verilir. "Tələbə” və "müəllim” bir-birinin səsini eşidəcəyi, amma bir-birini görməyəcəyi fərqli otaqlarda yerləşdirilirlər. Eksperimentin məqsədinə görə, avtoriteti təmsil edəcək sərt və intizamlı şəxs (araşdırma qrupunun üzvü) eksperiment boyu müəllimin yanında dayanır. Tədqiqat başlamazdan əvvəl tələbənin hiss edəcəyi ağrını təsəvvür edə bilməsi üçün müəllimə 45 voltluq cərəyan tətbiq edilir və daha yüksək voltajdakı (450 volt) cərəyanın ölüm riski daşıdığı bildirilir. Həqiqətdə isə cərayan yox idi – bu, sadəcə simulyasiya idi. Araşdırma qrupunun digər üzvü audiokasetə yazılmış bağırma səslərini müəyyən edilmiş voltaj miqdarına görə səsləndirirdi.

Tələbənin elektroşoka necə reaksiya verəcəyi də əvvəlcədən müəyyənləşdirilmişdi: 120 voltda şikayət edəcək, 150 voltda eksperimentdən çıxmaq istədiyini deyəcək, 285 voltda ağrı içində bağıracaq və səsi kəsiləcəkdi. Yəni eksperimentə cəlb edilən müəllimin bundan sonra tələbəyə nə olduğunu bilməsi mümkünsüz idi.

Hər hansı mərhələdə prosesi dayandırmaq istəyəndə isə yanındakı sərt görünüşlü şəxs tərəfindən müəllimə aşağıdakı tərzdə xəbərdarlıq edilirdi:

• Davam edin.
• Eksperiment üçün davam etməlisiniz.
• Davam etməyiniz çox vacibdir.
• Başqa yolunuz yoxdur. Davam etməyə məcbursunuz.

Müəllim bu dörd xəbərdarlıqdan sonra yenə də dayanmaq istədiyini bildirərsə, eksperiment dayandırılır. Əks halda elektrokşokun ən yüksək həddi olan 450 voltun müəllim tərəfindən 3 dəfə ard-arda tətbiq edilməsinə qədər davam edirdi.

Eksperimentin sonunda aydın olur ki, cəlb edilən "müəllimlərin” 65%-i elektroşokun 450 voltluq həddini, hər nə qədər istəksiz olsalar da, tətbiq ediblər.

Onların hamısı eksperimentin hansısa mərhələsində dayanmaq istədiyini bildirsə də, heç biri elektroşokun tətbiqini 300 volt səviyyəsindən öncə dayandırmır. Niyə dayanmaqda israr etmədikəri soruşulanda isə (bir iki istisnayla) "nə bilim, tapşırığı icra etməliyəm deyə düşündüm” şəklində cavablar veriblər.

Milqram tədqiqatın nəticələrini belə dəyərləndirir: "Nəticələr göstərdi ki, sadəcə vəzifəsini icra etdiyini düşünən, öz iradəsilə vəhşiliklərə meyllənməyən sadə insanlar belə qorxunc işlərin icraçısına çevrilə bilirlər. Üstəlik, bu işin dəhşətli nəticələrini görmələrinə rəğmən avtoriteti rədd etmə potensialının çox az insanda olduğu acı həqiqət kimi üzə çıxır”.

Bu eksperiment eyni zamanda törətdikləri dəhşətli əməllərə görə insanların özlərinə necə haqq qazandırmalarını da ortaya qoyur:

-Eksperimentə cəlb edilən şəxslər özlərini verilən tapşırığın icraçısı olaraq gördükləri üçün baş verənlərə cavabdehlik daşımadıqlarını düşünürlər.
-Hətta baş verənlərin kimsədən asılı olmadığını əsaslandırmağa da çalışırlar və eksperimentin sanki qeyri-müəyyən güc tərəfindən tətbiq edilirmiş kimi təqdim edirlər. Ona görə də eksperiment davam etməli imiş.
-Bir çoxu tələbələrə tətbiq etdikləri cəzaya haqq qazandırmaq üçün onlara olan münasibətlərini dəyişərək, əslində tələbələri elektoşok tətbiq edilməli olan keyfiyyətsiz şəxslər hesab etdiklərini bildirirlər.

Soyqırım kimi dəhşətli kütləvi davranışları eksperimentlə izah etmək, əlbəttə, yetərli deyil. Amma bu cür araşdırmalar insanların gözlənilməz davranışlarını anlamağa xeyli kömək edir. İstənilən halda bu eksperiment göstərir ki, insanlarda avtoritetə boyun əymək və inanmaq meyli verilən əmrləri icra etmək naminə əxlaqı dəyərlərini, xarekterlərini və iradələrini asanlıqla tərk edə biləcək qədər güclüdür. İnsanların məhz bu xüsusiyyəti - fərdin avtoritetə tabeçiliyə meyilli olması insan-dövlət münasibətlərində kütləvi itaəti, bu da öz növbəsində avtoritarizmə boyun əyən toplumları meydana çıxır.

Digər tərəfdən, itaətsizliyin günahkarlıq hissi kimi təlqin edilməsi və toplum tərəfindən də bunun belə mənimsənilməsi, itaəti buna hökm edənin (avtoritarın) gücünün əsas qaynağına çevirir. Keçmişində itaətsizlik kimliyi yaşamamış toplum üçün bu sükutun davamlılığı itaətin az qala mental dəyər kimi həzm edilməsinə qədər dərinlərə işləyə bilir.

Əsrlər boyu krallar, dini rəhbərlər, hətta valideynlər itaəti namuslu və tərbiyəli, itaətsizliyi isə yekəxana adamın xüsusiyyəti kimi israrla müdafiə ediblər.

Tarix boyu insanlara itaət təlqin olunub.

Təlqin edilən fikir budur ki, insan cənnətdən itaətsizliyə görə qovulub. Deməli, o, "günahını” yumaq üçün gəldiyi dünyanın "cənnət”ini itaət edərək qurmalı, təkcə tanrıya yox, həm də fironlara, peyğəmbərlərə, xəlifələrə, kilsəyə, krallara itaət etməklə gedəcəyi dünyanın "cənnət”ini qazanmalıdır. Qəribədir ki, itaəti ən çox təbliğ edən dini düşüncə insanlıq tarixinin əslində məhz itaətsizliklə başladığını inkar edir. Adəm və Həvva cənnətdə yaşayanda - itaət və itaətsizlik deyə bir qarşılaşdırmanın hələ baş vermədiyi zamanda tanrı onlara bütün meyvələrdən yeməyə icazə vermiş, yalnız birini qadağan etmişdi.

Adəm və Həvvanın bu qadağaya itaətsizliyi onların cənnətdən qovulmasına səbəb oldu. Gözlərini açdıqlarında bir-birinin ayıblarını görməyə və yadlaşmağa başladılar. Təbiət də onlara yad və düşmən idi. Artıq insan cənnətin "hazıra nazir” imkanlarından məhrum olub öz gücünə inanmalı və tam bir insan olmalıydı. Beləcə, ilk itaətsizlik insanın "cənnətdən qovularaq” şəxsiyyətə çevrilməsinə və azad olmasına səbəb oldu.

İbrani mifologiyasındakı Adəm və Həvvanın qadağaya qarşı çıxması kimi, Yunan mifologiyasındakı Prometey də tanrıların odunu çırpışdırmaqla itaətsizlik edir. Prometey də cəzalandırılır. Amma əfv istəyib təslim olmur. Əksinə, qürurla "Tanrıların itaətkar köləsi olmaqdansa, zəncirlənməyi üstün tuturam,”- deyir. Məhz bu ilk "günah”lar tarixin başlanğıcıdır.

Beləliklə, insanlıq tarixi öz təkamülünü itaətsizlik nümunələri ilə zənginləşdirdikcə inkişafa nail olur - istər fiziki tabeçilik, istər adət-ənənə zənciri, istərsə düşüncə buxovu olsun. Bəşəriyyət bu və ya digər formada bütün bunları sorğulayan və zaman-zaman da "yox” deyə bilən insanların sayəsində tərəqqiyə nail olmağa davam edir.

Az əvvəl qeyd etdiyimiz kimi, insanlıq tarixi itaətsizliklə başlayıb. Sona çatmasına da total itaət səbəb olacaq. İlk baxışdan o qədər də ağlabatan görünməyə bilər. Ancaq bir düşünək: XXI əsrdə, yüksək texnologiya və atom çağında hüdudsuz gücə sahib olanlarımız da daxil, çoxumuz təfəkkür olaraq daş dövründə yaşayırıq. Fizikanın, astronomiyanın, təbiət elmlərinin inkişafı həyat tərzi baxımından XXI əsrin texnoloji insanını yaradarkən siyasi mədəniyyət, dövlət və cəmiyyət münasibətləri, o cümlədən mental təfəkkürümüz texnologiya çağının çox gerisindədir. Həyat tərzimiz texnoloji, təfəkkürümüz arxaikdir. Təsəvvür edin ki, İŞİD-in üzvü insanların başını tanrının əmrilə kəsdiyinə inanır və bu inancını əlindəki İ-phone ilə çağın fenomeni olan sosial media vasitəsilə yaya bilir. Texnoloji vərdişləri 21 əsrdə olan bu insanın düşüncəsi daş dövründə deyilmi?! Bu mənada bir nəfərin "nüvə düyməsini bas” əmrinə itaəti ilə bəşəriyyətin məhv olması heç də gözlənilməz olmaz.

Əlbəttə ki, buradan hər itaətsizliyin üstün məziyyət, hər itaətkarlığın da qüsur olduğu nəticəsi çıxarılmamalıdır. Belə yanaşma itaət və itaətsizlik arasındakı dialektik əlaqəni inkar etmiş olardı. Sadə bir nümunə desək, bir ideologiyaya, məsələn, müsavatçılığa itaət digərinə, bolşevizmə itaətsizlik deməkdir. Və ya totalitarizmin, avtoritarizmin insanlıq əleyhinə qanunlarına itaət bəşəri dəyərlərə itaətsizlikdirsə, bəşəri dəyərlərə itaət zorakılığa itaətsizlikdir.

Terminlərdə qarışıqlıq yaratmamaq üçün sadələşdirməyə çalışaq; hər hansı quruma, gücü təmsil edən mərkəzə (aid olmadığına) itaət boyun əyməkdir. Yəni insan muxtarlığından vaz keçib öz iradəsi əvəzinə başqa gücün iradəsini qəbul edir. Bu, harada neqativ, harada pozitivdir? Məsələn, tələbənin öz müəlliminə itaəti pozitiv nəticəli, kölənin sahibinə itaəti neqativ nəticəlidir. Şəxsin öz ağlına, vicdanına, inancına (aid olduğuna) itaəti isə boyun əymək deyil, təsdiqdir. Əlbəttə, bu itaət də mütləq mənada pozitiv deyil. Buradakı doğrunu "düşünərək itaət etmək” və "düşünmədən itaət etmək” şəklində müqayisə edərək tapa bilərik. İtaət etdiyimiz inancımızı sorğulama süzgəcimizdən keçirə biliriksə, bu, vicdani itaət olub pozitivi, sorğulanması günah sayılan inancımıza mütləq itaət isə neqativi təmsil edir.

Bəs, nəyə görə insan itaətə bu qədər meyllidir və niyə itaətsizlik onun üçün bu qədər çətindir?

Dövlətin və ya ictimai mentallığın hökmünə itaət etdiyi zaman insan özünü təhlükəsiz hiss edir. Əslində itaət etdiyi gücün növünə də əhəmiyyət vermir.

Çünki itaət etdikcə, itaət etdiyi gücün bir parçası olduğunu zənn edərək özünü güclü hiss edə bilir.

Bu mənadakı itaətsizliksə insandan tənhalığa, səhv etməyə, hətta günah işlətməyə cəsarət tələb edir. Əksəriyyətin itaət etdiyi gücə bir insanın (və ya bir qrupun) "yox” deyə bilməsi onun kifayət qədər yetkin, iqtisadi baxımdan azad, müstəqil şəkildə düşünə bilən insan olması halında mümkündür. Bu halda insan azad olmağın məhrumiyyətləri ilə baş-başa qalır. Ac qalmaq təhdidi insanı hər şeyə boyun əyməyə zorlayır. Qarnı tox olmayanın cəsarəti olmaz. Əgər insan məhrumiyyətlərdən hürkürsə, nə "yox” deməyə cəsarəti çatacaq, nə də azad olmağa iradəsi. Təəssüflər olsun ki, insanın azadlıq tələb etmək gücü maddi rifahdan qaynaqlanır. Əlbəttə ki, azadlıq tələbinin qaynağı olan maddi rifah deyərkən mən hər an qırılmaq təhlükəsi olan korrupsiya zəncirinin yemlədiyi Azərbaycan məmurunun sərvətlərini yox, bu zəncirdən asılı olmadan rifaha qovuşmuş "düşünən insan”ı nəzərdə tuturam.

Kasıblıqdan, möhtac olmaqdan bolluğa keçid insanın mənəvi zənginləşməsində ən önəmli mərhələdir. Çünki "yoxluq psixologiyası” insanda narahatlıq və eqoizmi bəsləyir. "Ac qalmaq” təhdidilə qarşı-qarşıya qalan insan özünə qarşı digər basqıların olub-olmamasından asılı olmayaraq itaətkarlığa meyillənir.

"Bolluq psixologiyası” isə insanda həyat eşqi yaradır və bu da, onu mənəvi zənginliyə qovuşduraraq ədalətsizliyə "yox” deməyə, yəni azad olmağa yönəldir.

Bu baxımdan azad olmaq və "yox” deyə bilmək gücü ayrılmaz cütlükdür. Azadlığa iddialı, amma "yox” deməyi bacarmayan insan azad olmadığını etiraf etməyən insandır.

Psixoanalitik filosof Erik Fromm "İtaətsizliyə dair” kitabında (About disobedience and other essays) qeyd edir ki, "Insanlıq tarixi çoxluğun azlıq üzərində hüdudsuz hakimiyyətindən ibarətdir. Bu düzən dünyada var olan sərvətlərin kiçik elitanın böyük ehtiyaclarına güclə yetməsi, çoxluğa isə bu sərvətin qırıntılarının çatması şəklində əsrlərlə davam edib. Əgər tox azlıq bu sərvətlərlə xoş həyat keçirmək istəyirsə, əlbəttə ki, ac çoxluğa itaət etməyi öyrətməliydi. Təbii, itaətkarlıq xahişlə yox, xof və qorxuyla yaradılmalıydı”.

Amma yalnız qorxu hesabına yaradılan itaətkarlıq özündə, həm də daimi təhdid riski daşıyırdı. Buna görə də çoxluğun itaətkarlığına yalnız qorxuyla yox, həm də onları könüllü itaətə sövq edəcək, hətta itaəti qurtuluş kimi görmələrini təmin edəcək başqa instrumentlər tapılaraq nail olunmalıydı. Əgər bu "itaət iksiri” tapılsa, o zaman gücü təmsil edənlər itaətsizliyin günah, itaətin isə üstün məziyyət olduğunu elan edə bilərdilər. Bu vəziyyətdə, əlbəttə ki, çoxluq doğru olandan - itaətdən yana olacaqdı. "Doğru itaətə” boyun əyməyən istisnalarsa onu seçən çoxluq tərəfindən aşağılanacaqdı.

Martin Lüterə qədər Avropa tarixi elə belə də davam etdi. Lüterdən Fransa burjua inqilabına qədər Papa və xanədanlar mütləq monarxik avtoritarizmi dəstəkləməyə davam edərkən, orta sinif və düşüncə adamları bu düzənə qarşı çıxmağa başladılar. Düzənə qarşı mübarizə tarixini isə dövrün elm adamlarının və filosoflarının təşkil etdiyi intellektual müstəvi olmadan təsəvvür etmək mümkünsüzdür. Bu zümrənin düşünmək, analiz etmək, hər şeyə qarşı şübhə duymaq keyifiyyətlərini yayması insanların "yox” deyə bilmə gücünün ortaya çıxmasına vəsilə oldu.

Qısası, avtoritarizmin qənimi düşünən toplumdur. Kütləvi qorxudan xilas olmağın yolu da məhz düşünmə vərdişini mübariz azlığın qapalı dairəsindən çıxarıb əksəriyyətə təlqin etməkdən keçir.

Meydan.Tv