Həbsdəki şairin ürək ağrıları var

Həbsdəki şairin ürək ağrıları var

28-03-2017 16:36 / Bu xəbər 2434 dəfə oxundu

Həbsdəki satirik şair Tofiq Həsənlinin səhhətində ciddi problemlər olduğu bildirilir.

Bu barədə AzadlıqRadiosuna T.Həsənlinin vəkili Elçin Sadıqov məlumat verib.

Vəkil bu gün, martın 28-də şairlə saxlandığı 6 saylı Cəzaçəkmə Müəssisəsində görüşüb.

«Psixoloji baxımdan durumu möhkəmdir, amma səhhətində ciddi problemlər var. Ürək nahiyəsində kəskin ağrılardan əziyyət çəkir. Müəssisə daxilində onun müalicə olunması üçün gərəkli olan şərait yoxdur».

Vəkil şairin müalicə olunmasına şərait yaradılmasından ötrü Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəhbərliyinə müraciət edəcəyini bildirib.

XATIRLATMA

Tofiq Həsənli 2016-cı il avqustun 22-də qanunsuz narkotik dövriyyəsi ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. Onun apellyasiya şikayəti də təmin olunmayıb.

T.Həsənli KİV-də hakimiyyətin və dövlət məmurlarının ünvanına tənqidi pamfletləri ilə tanınır.

2005-ci ildə də o, narkotikə görə üç il müddətinə azadlıqdan məhrum edilib. Amma 2007-ci ildə amnistiya ilə azadlığa buraxılıb.

T.Həsənli Facebook və Youtube hesablarında satiralarını yaymağa davam edib. 2015-ci ilin yanvarında o, həbslə hədələndiyini bildirib, oktyabrda isə saxlanıb. Buna qədər onun xaricdən yayımlanan «Azərbaycan saatı» proqramında tənqidi şerləri oxunurdu.