Həbsdəki daha iki fəalın aclığa başladığı bildirilir

Həbsdəki daha iki fəalın aclığa başladığı bildirilir

15-01-2019 15:06 / Bu xəbər 1143 dəfə oxundu

Həbsdə olan fəallardan AXCP Gənclər Komitəsinin üzvü Orxan Baxışlının da aclıq aksiyasına başladığı bildirilir. 

Bu haqda Azadlıq Radiosuna onun anası Kəmalə Rəhimli məlumat verib.

Anasının sözlərinə görə, O.Baxışlı həbsdə olan bloqer Mehman Hüseynov və digər siyasi məhbuslara azadlıq tələbiylə aclıq aksiyası keçirir: «Yanvarın 15-də səhər evə zəng eləmişdi. «Mən qardaşlarımı meydanda tək qoymayacam. Yola davam!», - deyib, bu gündən aclığa başladığını xəbər verdi».

O.Baxışlı 10 saylı Cəzaçəkmə Müəssisəsində saxlanır. K.Rəhimlinin bildirdiyinə görə, həmin müəssisədə cəza çəkən başqa bir fəal Murad Ədilov da yanvarın 15-dən Orxanla birlikdə aclıq edir.

M.Ədilov AXCP üzvü olmaqla, həm də Fransada mühacirətdə olan jurnalist Natiq Ədilovun qardaşıdır.

Bundan öncə bloqer M.Hüseynovdan başqa, 13 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan fəallardan İlkin Rüstəmzadə, Bayram Məmmədov, Əhsən Nuruzadə, Elçin İsmayıllı, 2 saylı Cəzaçəkmə Müəssisəsində Qiyas İbrahimovun da aclıq aksiyası keçirməsi barədə məlumat yayılıb. Mətbuatda onların bu barədə məktubları, yaxınlarının açıqlamaları yayımlanıb.

Penitensiar Xidmət isə həbsdəki ictimai-siyasi fəalların həbs yerlərində aclıq etməsi haqda xəbərləri təkzib edir: «Penitensiar Xidmətin tabeçiliyində olan istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində heç bir məhkum və həbs edilmiş şəxs aclıq aksiyası keçirmir. Bununla bağlı yayılmış məlumatlar reallığı əks etdirmir, cəmiyyətdə çaşqınlıq yaratmaq və bəzi şəxsləri gündəmdə saxlamaq məqsədi daşıyır».

O.Baxışlı 2018-ci ilin mayından, M.Ədilov isə 2014-cü ilin avqustundan həbsdədir. Onların hər ikisi CM-nin 234.4.3 (külli miqdarda narkotik əldə etmə, saxlama, daşıma) maddəsi ilə 6 il azadlıqdan məhrum ediliblər.

Siyasi fəallar ittihamı qəbul etmir. Onlar siyasi sifarişlə şərlənib həbs olunduqlarını bildirirlər.