"Hansı jurnalist müstəqilliyini itirib?" - Əli Həsənov

30-01-2018 16:48 / Bu xəbər 1696 dəfə oxundu

"Bəzilərinin Azərbaycan dövlətinin media siyasətinin iflasa uğradığını söyləməsi təəssüf doğurur".

APA-nın xəbərinə görə, bu sözləri bu gün, yanvarın 30-da jurnalistlərə inşa olunan ikinci binada mənzillərin açarlarının sahiblərinə təqdim olunması mərasimində Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib.

Ə.Həsənov deyib ki, bu gün qrant mediasının məşhur nümayəndələri Avropanın ayrı-ayrı mərkəzlərində toplaşaraq «No-TAP» (Azərbaycan qazını Avropaya nəql edəcək layihənin bir hissəsi, Trans-Adriatik Qaz Kəməri) aksiyaları həyata keçirmək istəyirlər:

"Azərbaycan mediasının təməli sağlam qoyulub. Media ilk növbədə insanları informasiya ilə təmin etməli, maarifləndirməlidir, vətənpərvərlik aşılamalıdır. Azərbaycanda media siyasəti iflasa uğrayıb deyənlər baxsınlar ki, medianın üzərində nəzarəti həyata keçirən inzibati orqan varmı? Azərbaycanda jurnalistlərin özünütənzimləmə orqanı olan Mətbuat Şurası formalaşıb. 

Azərbaycan dövlətinin təklif etdiyi mənzili jurnalistlər ala da, almaya da bilər. Prezidentin media siyasətindən hansı jurnalist müstəqilliyini itirib? Əksinə, qrant siyasəti üzərində media formalaşdırmaq istəyənlər bunu təlqin edirlər. Biz bilirik ki, yazılı mediaya yardım göstərməsək, onlar fəaliyyətini dayandıracaq. 

Yazılı media ölkənin tarixi salnaməsini yaradır. Bu salnaməni hansısa internet mediasında yaratmaq mümkün deyil. Gələcək nəsillər üçün ölkənin ictimai-siyasi tarixinin yazılı salnaməsi yaradılır. Xarici agentlərin otaqlarda ayırdığı qrantlarla prezident İlham Əliyevin mediaya ayırdığı yardımların fərqi məlumdur…".

Ə.Həsənov jurnalistlərin Azərbaycan prezidentinin dostları olduqlarını və seçkilərdə prezident İlham Əliyevi dəstəkləyəcəklərinə əmin olduqlarını bəyan edib.

Ötən il Azərbaycan prezidentinin göstərişi ilə 255 jurnalistə mənzil verilib. Ancaq mənzillərinin açarları hələ indiyə kimi onlara təqdim edilməmişdi.

2013-cü ildə də Azərbaycanda jurnalistlərə yeni inşa edilən bir binada pulsuz ev verilmişdi.

Bəzi media ekspertləri düşünür ki, dövlətdən pulsuz ev alan jurnalistlər müstəqilliyini itirirlər. Üstəlik, onların fikrincə, jurnalistlərə pulsuz mənzil paylamaqla siyasi hakimiyyət həm də dövlətin fərqli peşə sahiblərinə ayrıseçkilik edirlər.