Gözəl Bayramlı gənclərə müraciət etdi: “İntihar etməyin, mübarizə aparın”

Gözəl Bayramlı gənclərə müraciət etdi: “İntihar etməyin, mübarizə aparın”

11-01-2018 13:05 / Bu xəbər 3016 dəfə oxundu

"Qaçaqmalıçılıq və korrupsiya üzrə "dünya çempionlarının” idarə etdiyi ölkədə məni qaçaqmalçılığa görə ittiham eləyirlər. Kimi ittiham eləyirsiniz, kimi?”

AXCP sədrinin müavini Gözəl Bayramlı məhkəmədəki çıxışı zamanı həbsinə belə etiraz edib. 
Vəsatət təmin olunmayıb

Yanvarın 10-da Qazax rayon Məhkəməsində Gözəl Bayramlının növbəti məhkəmə prosesi keçirilib. Məhkəmədə cinayət işi üzrə sənədlər elan olunub.

İki ekspert rəyi

Hakim iki ekspert rəyini elan edib. Onlardan biri Gözəl Bayramlının çantasından tapıldığı iddia olunan 12 min dollar yüzlük əskinasların qanunauyğun şəkildə çap edilməsi, saxta olmaması haqda olub. Digər rəydə isə xanım Bayramlı müayinə olunarkən üzərində xəsarət izinin aşkarlanmadığı yazılıb. 

Prosesdə "Sınıq körpü” gömrük-keçid məntəqəsində gömrük əməkdaşı Alidə Əzizovanın iştirakı ilə tərtib olunmuş, malların yoxlanmasına dair protokol da elan olunub. Sənəddə G.Bayramlıya aid bir ədəd çanta və içindəki dörd cüt ayaqqabıdan, dərmanlardan və yüz ədəd ardıcıl, 20 ədəd isə müxtəlif seriyalı yüzlük dollar əskinaslarından bəhs olunur.

Dolların məzənnəsi haqda Mərkəzi Bankdan alınmış arayış, Gözəl Bayramlının haqqında əvvəllər cinayət işi başlanmaması, saxlandıqdan sonra Kürdəxanıdakı 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülərkən üzərində heç bir xəsarət olmaması haqda sənədlər də elan olunub.

"Telefon danışıqları elan olunsun”

Prosesdə Gözəl Bayramlının gömrük-keçid məntəqəsində saxlandıqdan sonra telefon danışıqları haqda məlumat da elan olunub. İş materialında göstərilib ki, G.Bayramlı saxlandıqdan sonra ona yaxınları ilə əlaqə yaratmağa imkan verilib. Belə ki, o, saxlandıqdan sonra AXCP sədri Əli Kərimli, Gürcüstana gedib-qayıdarkən onunla yol yoldaşı olmuş Almaz Rəhimova və partiyanın Qadınlar Şurasının sədri Solmaz Hüseynova ilə əlaqə saxlayıb. 

Almaz Rəhimova AXCP sədrinin müavini olmuş mərhum Həsən Kərimovun həyat yoldaşıdır.

G.Bayramlı isə deyib ki, çantasına bağlama atıldığını görən kimi özü tez Əli Kərimliyə zəng edərək, bu haqda məlumat verib. Bildirib ki, nəsə atdılar, amma nə olduğunu bilmir. Həmin vaxt ətrafdakılar ona mane olmağa çalışıblar, amma qısa da olsa, baş verənləri çatdıra bilib. Sonra xeyli vaxt ona əlaqə saxlamağa icazə verilməyib. Yalnız təhqiqatçı gələndən sonra gecə saat 1 radələrində qohumlarına zəng etməyə icazə verildiyi deyilib. Qardaşının isə səhhətində problem olduğuna görə Solmaz Hüseynovaya zəng edərək məlumat verib.

G.Bayramlı həmin vaxt Ə.Kərimli və digərləri ilə telefon söhbətlərinin də açıqlanmasını istəyib: "Mənim telefonum "Samsung” markalıdır və onda danışıqların avtomatik səsyazma funksiyası var. Mənim həmin gün Əli bəylə, Solmaz xanımla danışıqlarım da telefonun yaddaşındadır. Xahiş edirəm, elan olunsun”.

Vəsatət təmin olunmadı

Prosesdə müdafiə tərəfi Gözəl Bayramlının təqsirsizlik prezumpsiyasının pozulması ilə bağlı vəsatət verib. 

Vəkil Elçin Sadıqov deyib ki, DSX-nın 26 may 2017-ci il tarixdə G.Bayramlı haqda verdiyi bəyanat iş materiallarına əlavə edilməlidir. Onun sözlərinə görə, DSX bəyanatı 26 may saat 13.25-də yayıb: "Həmin vaxt Gözəl Bayramlı heç təqsirləndirilən şəxs deyildi, ona ittiham elan olunmamışdı. DSX-nın bəyanatında isə öncədən CM-nin 206-cı (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanmasından söhbət gedir. Bu bəyanatdan altı saat sonra eyni maddə ilə Gözəl Bayramlıya ittiham verilib”.

Elçin Sadıqov məhkəmədən xahiş edib ki, DSX-nın bu addımı G.Bayramlının təqsirsizlik prezumpsiyası hüququnun pozuntusu kimi qiymətləndirilsin.

Vəsatətə münasibət bildirən Gözəl Bayramlı deyib: "Qaçaqmalıçılıq və korrupsiya üzrə "dünya çempionlarının” idarə etdiyi ölkədə məni qaçaqmalçılığa görə ittiham edirlər”.

Lakin vəsatət təmin olunmayıb.

G.Bayramlı son günlərdə bir neçə gəncin intiharı haqda məlumat aldığını və bundan çox üzüldüyünü deyib. O, gənclərə müraciət edib: "Amandır, intihar etməyin, mübarizə aparın”.

Proses yanvarın 23-nə qədər təxirə salınıb.

"Bu həbs sifarişdir, quramadır”

Məhkəmə prosesində iştirak edən AXCP sədri Əli Kərimli Meydan TV-yə açıqlamasında vurğulayıb ki, prosesdə G. Bayramlının həbsinin əvvəlcədən planlaşdırıldığı üzə çıxıb: "Cinayət işində vəkil olduqca prinsipial bir məqamı ortaya çıxarıb. Məlum olub ki, Gözəl Bayramlıya qarşı cinayət işi başlanmazdan, ona qarşı ittiham irəli sürülməzdən 6 saat qabaq artıq Dövlət Sərhəd Xidməti bəyanatla onun gələcəkdə hansı maddə ilə necə ittiham olunacağını bildirib. Hələ cinayət işi açılmayıb, ittiham irəli sürülməyib, amma Dövlət Sərhəd Xidməti məhz 206.1-ci maddə ilə ona ittiham irəli sürüləcəyini bəyan eləyib. Deməli, bu həbs sifarişdi, quramadı”.

Xatırlatma

AXCP sədrinin müavini G.Bayramlı mayın 25-i axşam saatlarında Gürcüstandan qayıdarkən saxlanıb (https://d9mc3ts4czbpr.cloudfront.net/az/site/news/23182/). Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. 

Mayın 26-da Səbail Rayon Məhkəməsində onun barəsində ilkin olaraq üç ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Bu müddət daha iki dəfə uzadılıb.

Rəsmi açıqlamada Gürcüstandan qayıdarkən G.Bayramlının əşyaları arasında bəyan edilməmiş 12 min dollar pul tapıldığı iddia olunur.

G.Bayramlı isə məhkəmədə deyib ki, həmin pulu hüquq-mühafizə əməkdaşları özləri onun əşyaları arasına atıblar, onun həbsi siyasi xarakter daşıyır.

O, Gürcüstana müalicə məqsədilə getdiyini, son iki ildə Gürcüstanda üç dəfə əməliyyat olunduğunu bildirib.

Meydan TV
]