''Gürcüstan mənə, Azərbaycan isə Mananaya vətən olub''

''Gürcüstan mənə, Azərbaycan isə Mananaya vətən olub''

06-12-2018 16:00 / Bu xəbər 271 dəfə oxundu

Tbilisi bazarında alver edən azərbaycanlı qadınlar Azərbaycandan gileyləniblər

Tbilisidə yerləşən Samqori bazarı 30 ildən çoxdur Gürcüstan azərbaycanlılarının gəlir yerinə çevrilib. 

Hər səhər onlar Kaxeti, Qardabani, Qara Təhlədən bazara əkib-becərdikləri məhsulları satmağa gəlirlər. Bazarda işləyən azərbaycanlıların əksəriyyəti göyərti satmaqla güzəranlarını keçirirlər.

Meydan TV əməkdaşı həmin bazarda alver edən qadınların bir neçəsi ilə söhbətləşib.

Şövkət Əliyeva Azərbaycanda onlara qiymət verilməməsindən gileylənir: "Manana niyə Gürcüstandan köçüb Azərbaycanda çörək tapa bilir, bizimkilərə bir tikə çörək tapılmır?! Burada balaca da olsa, qızınmağa yerimiz, damımız var. Bakıya qayıtsaq, kirayələrdə sürünərik. Kaxetidən hər gün Tbilisiyə işə gəlirəm. Amma bunlar mənə çətin gəlmir. Adamın öz vətənində yad olmağındansa, Gürcüstan bazarında işləməyi yaxşıdır. Azərbaycan Mananaya vətən olub, Gürcüstan da bizə”.

"Uşaq vaxtı gördüyüm yerlərə çəkinərək getmək mənə ağır gələr"

Gülnarə Mehtiyeva isə Azərbaycandan daha çox doğulub, böyüdüyü Ermənistan üçün darıxır:

"Mənim 15 yaşım olanda Ermənistandan birbaşa Tbilisiyə gəlmişik. O vaxt Qalina rayonunda yaşayırdıq. Dolanışıq olmadı deyə Gürcüstana köçməli olduq, sonra da ara qarışdı, gediş-gəliş kəsildi. Qardaşlarımın üçü 20 ildir Bakıda yaşayır. Amma mən Bakını arzulamıram. Burada yaşayış çətin olsa da, qanun-qayda var. Bilirsən ki, haqsız yerə səni heç kəs cərimələyən, danlayan deyil. Marneulidə yaşayanlar Azərbaycana qayıtmaqdansa, Rusiyaya köçüb gedirlər. Azərbaycanda yarıac-yarıtox yaşamaq bu yaşdan sonra mənə ağır gələr. Bu bazarda, elə bütün Gürcüstanda erməni-azərbaycanlı söhbəti yoxdur. Hamımız bura sığınmış didərginlərik. Hərəmiz bir cür bədbəxt millətik. Ermənistanda doğulmuşam deyə arada könlümə ora getmək düşür. Bazardakı erməni yoldaş deyir ki, daha sakitlikdir, gəl mən səni aparım. 34 ildi Ermənistandan çıxsam da, erməni dilini bilirəm. Geri qayıda bilərəm. Amma arzuladığım yeri, insanları tapmayacağımı da bilirəm. Düzdür, Gürcüstanın şəxsiyyət vəsiqəsi ilə gedib gəlmək mümkündür, amma mən doğulub, böyüdüyüm yerə qorxa-qorxa getmək istəmirəm. Uşaq vaxtı gördüyüm yerlərə çəkinərək getmək mənə ağır gələr”.

"İldə bir dəfə Azərbaycana qonaq gedəndə elə bilirəm harasa yad yerə gəlmişəm"

Məhruba Vəliyeva da Gürcüstan azərbaycanlılarındandır. O da öz vətənində yaşamağa üstünlük verir: "Nəsil-köküm Gürcüstanda yaşayıb, mən də burada doğulmuşam. Qardaşım ailəsini də götürüb 10 il əvvəl Bakıya köçdü. Amma hələ də 1 otaqlı ev ala bilməyib. Hər gün Qara Təhlədən Tbilisiyə çörəkpulu üçün gəlirəm, bu, mənə ağır gəlmir. Amma qardaşımın 10 illik əziyyətinin qarşılığında bir daxmaya sahib ola bilməməsi mənim pisimə gəlir. İldə bir dəfə Azərbaycana qonaq gedəndə elə bilirəm harasa yad yerə gəlmişəm”.

"Azərbaycanda ancaq nökər ola bilərik"

Bayaqdan sakitcə qulaq asan Yetər Əhmədova da söhbətə qoşulur: "Bacım, qardaşım, atam, anam 26 il əvvəl Azərbaycana köçdülər. 26 ildə qeydiyyata düşə bilmədilər. Hələ də gəlib pensiyanı Gürcüstandan alırlar. Niyə köçək Azərbaycana? Bizim Azərbaycanda heç nəyimiz yoxdur. Buradan Bakıya gedənlərin adı qaçqın qalır. 26 ildə ailəm vətənində qeydiyyata düşə bilməyibsə, belə vətən kimə lazımdır? Mən burada tək qaldım, amma yenə də getmədim. Dörd nəfər ailə üzvümdən cəmi biri qeydiyyata düşə bilib, o da başqası ilə nikaha girməli olub. Allah kəssin elə dolanmağı. Bu dolanmaq deyil, sürünməkdir”. 

Sabutaladan Tbilisi bazarına işləməyə gələn Yetər Əhmədova ermənilərlə münasibətlərin kəskinləşməsində başqalarını günahlandırır: "Mənə qalsa, gürcülərə şükür eləyirəm. Bizə Gürcüstanda ağa olmaq üçün şərait yaradırlar, Azərbaycanda isə ancaq nökər ola bilərik. Ermənilərlə də gül kimi dolanırıq. Mənim erməni rəfiqələrim var, elə bilirəm, doğmalarımdı. Aramıza saxta nifaq toxumu səpənlərə hamımız lənət oxuyuruq”.

"Biz onlara ögey, gürcülərə isə doğmayıq"

Bazarda göyərti satılan hansı piştaxtaya yaxınlaşsan, azərbaycanlı qadının sənə gülümsədiyini görürsən. Eyni cərgədə düzülmüş piştaxtalardan sonuncusunda Gülhəyat Nuriyeva dayanıb: "Mən həmişə Azərbaycanı arzulayıram, amma bura vətənimdir. Gürcüstanda gənc azərbaycanlı oğlan var idi. İki il əvvəl ürəyindən əməliyyat olunmalı idi. Yığışıb Xoşqədəmə müraciət elədik ki, ona kömək eləsinlər. Sağolsunlar, eləmədilər. Biz azərbaycanlıyıq, ümidimizi də Azərbaycana bağlamışdıq. Ümidimiz puça çıxdı. Axırda Moskvada işləyən Gürcüstan azərbaycanlıları ilə birgə öz aramızda pul toplayıb, oğlanı müalicə etdirdik. 150 min dolları bütün Gürcüstan azərbaycanlıları yığıb dərdimizə çarə elədik. Ondan sonra başa düşdük ki, biz onlara ögey, gürcülərə isə doğmayıq. Ermənilərlə də qonşuluğumuzu saxlaya bilirik. 20 ildən çoxdur bir dəfə də olsun söz-söhbətimiz düşməyib”.

Bu qadınların ən kiçiyinin 46, ən yaşlısının 55 yaşı var. Onlar oxşar cəhəti Azərbaycandan incik düşmələridir.

Bu gün Gürcüstanda rəsmi rəqəmlərə görə 350 mindən çox, qeyri-rəsmi məlumatlara görə isə yarım milyona yaxın azərbaycanlı yaşayır.

Meydan.Tv