Generalın oğluna hökm oxundu

Generalın oğluna hökm oxundu

17-01-2018 19:04 / Bu xəbər 2068 dəfə oxundu

Bu gün, yanvarın 17-i  Binəqədi Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Rüstəm Orucov, Kənan Vəliyev və Pərviz Abbasovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Rəşad Əliyevin sədrliyi ilə keçirilən prosesdə P.Abbasov son söz deyib. O, prosesdə özünü günahsız hesab edərək məhkəmədən bəraət istəyib

Məhkəmə müşavirəyə yollanıb. Müşavirədən sonra məhkəmə hökmü elan olunub. Məhkəmənin hökmü ilə Rüstəm Orucova 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 
Məhkəmənin hökmü ilə digər təqsirləndirilənlər P.Abbasov və K.Vəliyevin hər biri 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalından həbs olunublar.

Prokuror çıxışında Rüstəm Orucova 6 il, Kənan Vəliyev və Pərviz Abbasovun hər birinə isə 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının verilməsini istəyib.

Baş Prokurorluğun yaydığı rəsmi məlumata əsasən, bu il iyulun 3-də Bakı şəhər sakini R.Orucov sürücülük hüququndan məhrum olunmasına baxmayaraq, idarə etdiyi BMW markalı 10-OG-300 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə, ona əsaslı irad bildirmiş sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu 8 dayanacaq təqib edərək sərnişinlərin narahatlığına və insanlarda vahiməyə səbəb olub, vətəndaşların gözü qarşısında bir qrup şəxslə həmin sürücüyə xəsarətlər yetirərək xuliqanlıq edib.

R.Orucov piyadanın ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törədib hadisə yerindən qaçdığına görə, hələ 2014-cü ildə 4 il müddətinə azadlıqdan məhrum olub, 2016-cı ildə isə şərti olaraq vaxtından əvvəl azad edilib. Yuxarıda qeyd olunmuş xuliqanlıq hadisəsi də məhz onun şərti azadlıqda olduğu dövrdə baş verib.

Faktla bağlı 2017-ci il 4 iyul tarixində Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.

R.Orucov həmin maddə ilə ittiham olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

K.Vəliyev və P.Abbasovun barəsində isə polis nəzarətində həbs olmayan qətimkan tədbiri seçilib.

R.Orucov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə sabiq müavini, general-mayor Novruzəli Orucovun oğludur. 

N.Orucov Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilib.

Trend