Gəncədə aksiya: İki polis rəisinin müavini qətlə yetirildi

Gəncədə aksiya: İki polis rəisinin müavini qətlə yetirildi

11-07-2018 00:42 / Bu xəbər 652 dəfə oxundu

DİN 40 nəfərin saxlanıldığını bildirir

İyulun 10-da, saat 20 radələrində Gəncənin mərkəzində etiraz aksiyasına çıxan bir qrup şəxslə polis arasında qarşıdurmanın baş verdiyi deyilir.

Aksiyadan yayımlanan canlı görüntülərdə iki polis əməkdaşının yaralandığı, polislərin gözyaşardıcı qazlardan istifadə etdiyi haqda məlumatlar yer alıb. Lakin deyilənlər görüntülərdə əks olunmayıb. Aksiyanın hansı tələblə keçirildiyi haqda dəqiq məlumat yoxdur.

Bir neçə gün öncə aksiyanın Gəncə İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı sui-qəsddə təqsirləndirilən Yunis Səfərovun müdafiəsi məqsədilə keçiriləcəyinə dair sosial şəbəkələrdə məlumatlar yayılırdı. Həmin məlumatların təxribat xarakterli olduğuna dair iddialar da səslənirdi.

APA xəbər verir ki, Respublika Prokurorluğunun, DTX-nin və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərinin məlumatına görə, aksiyanı keçirənlər 150-200 nəfərdən ibarət radikal diniyönümlü şəxslər olub. Onlar Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi pozmağa cəhd göstəriblər:

"Xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan qanunazidd hərəkətlərin iştirakçıları özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keçşikçilərinə müqavimət göstəriblər”.

Məlumata görə, qarşıdurma nəticəsində Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov həlak olublar. Onların kəsici-deşici alətlərlə yetirilən zərbələr nəticəsində öldükləri bildirilir.

DİN-in məlumatında o da deyilir ki, 40 nəfər saxlanılaraq Gəncə Şəhər Baş Polis İdarəsinə gətirilib, qalanları qaçaraq ərazini tərk ediblər.

Fakt üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin 120.2.3, 120.2.7, 220.1, 221.3, 228.4, 315.2-ci maddələri ilə cinayət işi başlanılıb.

Məlumatda deyilir ki, cinayətin bütün iştirakçılarının və təşkilatçılarının müəyyən edilib məsuliyyətə cəlb olunmaları məqsədilə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Yerli sakinlərin Meydan TV-yə verdiyi məlumata görə, Gəncəyə əlavə polis qüvvəsi gətirilib. Sakinləri evlərindən çıxarıb polis bölməsinə aparırlar. 

İyulun 4-də Gəncənin icra başçısı Elmar Vəliyevə sui-qəsd edilib.

Hüquq-mühafizə orqanları hadisəni terror aksı kimi dəyərləndirir və hesab edir ki, Yunis Səfərov radikal islamçıdır.

Y.Səfərovun ittihamlara münasibəti məlum deyil.

İyulun 9-da Daxili İşlər Nazirliyi icra başçısı Elmar Vəliyevin yaralanması ilə bağlı 12 nəfərin həbs edildiyini bildirib.