Füzuli Ələkbərovun biznesi ilə bağlı iddia

Füzuli Ələkbərovun biznesi ilə bağlı iddia

23-04-2019 01:20 / Bu xəbər 1595 dəfə oxundu

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun yeni sərvəti üzə çıxıb.

Bu barədə afn.az məlumat yayıb.

Məlumata görə, sabiq nazirin Bakı şəhəri, Səbail rayonu, 156-cı məhəllə, Əliyarbəyov və X.Natəvan küçələrinin kəsişməsində, Fəvvarələr meydanının yaxınlığında yerləşən boş torpaq sahəsində fəaliyyət göstərən dayanacağı olub, lakin bir neçə gün öncə həmin obyekt bağlanıb.

Bununla yanaşı, sabiq nazirin sərvətlərinin siyahısına "Improtex” Şirkətlər Qrupudur. Şirkətlər Qrupuna "İmprotex Motors”, "İmprotex Trucks&Buses”, "İmprotex İndustries”, "İmprotex Travel” və Dubayda uzun illər fəaliyyət göstərən "IMEX AZ GENERAL TRADING L.L.C” (keçmiş İMEX Motors) şirkətləri (ünvan - UAE, Dubai,P .O.Box:15092, Al Bakhit Center, Office#403,Abu Baker Al Siddique street.) kimi şirkətlər daxildir. 

Sayt qeyd edir ki, 1998-ci ildə təsis olunan BMW-nin Azərbaycanda yeganə rəsmi təmsilçisi "İmprotex Motors” şirkəti artıq 20 ildən artıqdır böyük sayda BMW maşın və ehtiyat hissələrinin satışını təmin edir. Lakin bu satışlar nəticəsində həyata keçirilən maliyyə əməliyyatlarında bir sıra qeyri-şəffaf proseslər diqqəti cəlb edir. Belə ki, külli miqdarda vergidən yayınma hallarına yol verildiyi iddia olunur. 

"Son illərdə vergi siyasətində aparılan dəyişikliklər "İmprotex” Şirkətlər Qrupunu məcbur edib ki, maliyyə fəaliyyətində kosmetik də olsa, bəzi dəyişikliklər etsin. Təbii ki, yaranmış vəziyyət heç də şirkətə sərf etmir və əlavə qazanc üçün yollar axtarılır. Axtarış uzun sürmür. "Bacarıqlı” işlətməçilər bəyan olunmayan gəlirin daha da artırılması məqsədilə BMW şirkətindən xəbərsiz, tam qanunsuz – baş importyor müqaviləsinə zidd olaraq maşın və ehtiyat hissələrin alqı-satqısı ilə məşğul olmağa başlayırlar. Beləliklə, yalnız Azərbaycanda satışına icazə verilən maşın və ehtiyat hissələri ölkədən çox-çox uzaqlarda Çin, İran və bəzi Avropa ölkələrində guya Azərbaycana idxal olunma adı altında qanunsuz şəkildə satılır. İl ərzində Azərbaycanda 120-150 ədə BMW satıldığı halda, adları qeyd edilən ölkələrdə orta hesabla ildə 500-1000 ədəd arasında müxtəlif BMW modeli olan nəqliyyat vasitələri "xırıd edilir”. Azərbaycanda pərakəndə satışda maksimal olaraq ildə 120-150 ədəd maşın satan "İmprotex Motors”un bundan 3-4 dəfə artıq sayda maşının xaricdə satması və əldə olunan gəlirlərin rəsmən bəyan edilməyərək ofşor ölkələrdəki (əsasən BƏƏ) bank hesablarına köçürülməsi ciddi suallar ortaya çıxarır", - məlumatda bildirilir. 

Sayt yazır ki, son illərdə Azərbaycanda BMW maşınlarının ciddi surətdə azaldığı müşahidə olunur: "Bunun əsas səbəbi isə F.Ələkbərovun "BMW Bank”dan "Improtex” şirkətləri vasitəsi ilə külli miqdarda kredit götürməsi və bu kredit vəsaitlərindən təyinatına uyğun istifadə etməməsidir".

Məlumata görə, F.Ələkbərovun "BMW Bank”a təxminən 8 milyon avro kredit borcu var: "Bankdan götürülən kredit məbləğlərinə BMW markalı avtomaşınlar alınaraq Azərbaycana gətirilməli olduğu halda, bu pul vəsaiti "Improtex” Şirkətlər Qrupunun digər fəaliyyət istiqamətlərinə (zavodun tikintisi, şirkətlər qrupuna daxil olan cəmiyyətlərin "PaşaBank” və Beynəlxalq Banka olan kredit borclarının ödənilməsi və s.) yönəldilib və F.Ələkbərovun şəxsi ehtiyaclarına xərclənib. Başqa sözlə, F.Ələkbərov ona məxsus şirkətlərin "PaşaBank” və Azərbaycan Beynəlxalq Bankına olan borclarını Almaniyanın "BMW Bank”ından alınmış kredit vəsaiti hesabına ödəyib. Məhz bu cür qanunsuz əməliyyatların nəticəsi olaraq BMW avtosalonunda daima avtomaşın çatışmazlığı mövcuddur və müştəri avtomaşın almaq istədiyi təqdirdə maşının dəyərinin yarısı alınaraq, yalnız 3 aydan sonra avtomaşının gətirilməsi mümkün olur. Bu hallar həm də BMW avtoservisinin fəaliyyətinə də ciddi şəkildə təsir göstərir. Belə ki, ehtiyat hissələri və avtoservisdə göstərilən xidmətlərin qiyməti real dəyərlərindən qat-qat artıq olmaqla lazımi keyfiyyətə də cavab vermir".

"Ölkə bazarında bu və digər səbəblərdən satışın aşağı olması F.Ələkbərovu məcbur edib ki, xaricdə importyorluq sazişinə zidd olaraq satışlar həyata keçirsin. Bu isə istər BMW kimi nüfuzlu bir şirkətdə, istərsə də bu şirkətin digər portnyorlarında təbii ki, ölkəmizə qarşı mənfi fikir formalaşmasına səbəb olacaq addımdır. BMW şirkəti rəhbərliyinin hələlik baş verənlərdən bixəbər olması ölkəmiz üçün avantaj hesab edilə bilər. Qeyd edək ki, Donald Tramp ABŞ-da hakimiyyətə gəldikdən sonra Çinə qarşı tətbiq olunan məlum ticarət sanksiyaları nəticəsində ABŞ-da istehsal olunan bəzi BMW modellərinin Çinə ixracında ciddi problemlər yaranıb. Bunun nəticəsi olaraq isə F.Ələkbərovun daha bir qanunsuz "obyekti” gəlirdən məhrum olub deyə bilərik. Eyni vəziyyət "İmprotex Trucks&Buses” şirkətində də mövcuddur. Artıq 15 ilə yaxındır ki, dünyanın ən iri yük maşınları istehsalçısı olan Almaniyanın MAN şirkətinin maraqlarını Azərbaycanda "İmprotex Trucks&Buses” şirkəti təmsil edir. Bu şirkət MAN ilə imzaladığı importyor sazişinə zidd olaraq Avropada tam gizli və qanunsuz şəkildə artıq bir neçə ildir ki, ehtiyat hissələrinin satışı ilə məşğuldur", - məlumatda qeyd olunur. 

Məlumatda bildirlir ki, maliyyə dövriyyəsi və əldə olunan gəlir tam şəkildə xaricdə yerləşən "İMEX Treydinq” şirkəti vasitəsilə aparılır və təbii ki, bu da ölkədə rəsmən bəyan olunmur.