Franko İspaniyası

Franko İspaniyası

10-04-2019 16:51 / Bu xəbər 1740 dəfə oxundu

Yadigar Sadıqlı

İslahatlardan əvvəl İspaniya həyat səviyyəsinə görə Qərbi Avropa ölkələrindən xeyli geri qalırdı

Bundan öncəki məqaləmizdə Fransisko Frankonu İspaniyada hakimiyyətə aparan hadisələrdən bəhs etmişdik. Bu məqalədə isə Frankonun 36 illik hakimiyyəti dövründə İspaniyada gedən proseslərdən danışacağıq.

***

1939-cu il aprelin 1-də İspaniyada vətəndaş müharibəsi bitdi. Hakimiyyətə yiyələn Franko Almaniya və İtaliyadakı faşist rejiminə bənzəyən rejim qurur. Falanqa fəaliyyətinə icazə verilən yeganə partiya oldu, Franko da onun rəhbəri (təşkilatın banisi Xose Antonio Primo de Rivera vətəndaş müharibəsinin ilk aylarında respublikaçılar tərəfindən güllələnmişdi).

Franko qələbədən dərhal sonra respublikaçılara qarşı repressiyalara başladı. 1939-1945-ci illər Franko repressiyalarının pik dövrü - Ağ terror dövrü hesab olunur. Bu repressiyalar nisbətən daha mülayim şəkildə olsa da, kaudilyonun hakimiyyətinin sonlarına kimi davam etdi.

Franko repressiyalarının dəqiq sayı barədə ispan və qeyri-ispan tarixçilər arasında mübahisələr bugünə qədər davam edir. Son zamanlar ən azı 140 min insanın öldürüldüyü qeyd olunur. Daha böyük rəqəmlər göstərənlər də var. Meyidləri tapılmayan və ya identifikasiya olunmayan insanların sayına görə İspaniyanın Kambocadan sonra dünyada ikinci yer tutduğu söylənilir.

Təkcə özünün respublikaçı görüşlərilə tanınan Əndəlüs (Andalusiya) vilayətində 54 min insanın qətlə yetirildiyi təxmin edilir. Bu da "kirli müharibə" illərində Argentina, Çili, Peru və Qvatemalada qətlə yetirilənlərin ümumi sayından çoxdur.

Yüzminlərlə insan isə zindanlardan keçdi. Vətəndaş müharibəsi bitəndə məhbusların sayı 270 mini ötürdü. Həbsxanalar bu qədər insanı qəbul etmək üçün nəzərdə tutulmadığından onlar çox pis şəraitdə yaşayırdılar. Xəstəliklər, zəif qidalanma, işgəncələr minlərlə ölümə səbəb oldu. Bu baxımdan ən pis il - 15 min məhbusun həlak olduğu 1941-ci il sayılır.

Respublikaçı məhbuslardan biri yazırdı: "İki nəfər üçün nəzərdə tutulan kamerada saxlanılaların sayı bəzən 40 nəfərə çatırdı. Kənardan yemək gətirməyə icazə yox idi, kalsium sodadan hazırlanan və bizi daim dizentiriya halında saxlayan şorba verirdilər. Hamımız acınacaqlı vəziyyətdə idik. İnsanlar oksigen çatışmazlığından boğulurdular".

Mütəmadi yenilənən siyasi məhbus kontingentindən qul kimi ən ağır işlərdə - su bəndlərinin və körpülərin tikintisində, yol və su kanallarının çəkilməsində istifadə olunurdu. Vətəndaş müharibəsində həlak olanların şərəfinə Şəhidlər vadisi abidəsinin 19 il davam edən tikintisində onminlərlə məhbus çalışmışdı. Bunun müqabilində onlar cəzalarının 1/3 hissəsinin azalmasına ümid edə bilərdilər.

Frankoçular qələbədən sonra respublikaçı qadınlara qarşı xüsusilə təhqiramiz davrandılar: Onlar seksual təcavüzə məruz qaldılar, başları qırxıldı, çılpaq halda küçələrdə gəzdirildilər. Qadınlara zorən gənəgərçək yağı içirdilirdi: nəticədə onlar ishal olur və özlərini batırırdılar. Bu üsulu frankoçular İtaliya faşistlərindən mənimsəmişdilər.

Minlərlə respublikaçı qadın edam olundu, onların arasında "13 qızılgül" adı ilə tanınan gənz qızlar da vardı. Həmçinin hamilə qadınların da edamına rast gəlinirdi. Hakimlərdən biri qərarını "biz edam etmək üçün 7 ay gözləyə bilmərik" sözlərilə əsaslandırmışdı.

Həbsə atılan respublikaçı qadınların uşaqları rejim tərəfindən götürülür, ad və soyadları dəyişdirilərək siyasi cəhətdən daha etibarlı ailələrə verilirdi. 30 min uşağın belə tale yaşadığı iddia olunur. Frankoçuların bu ənənəsini 1976-1983-cü illərdə Argentinadakı hərbi diktatura təkrar etdi.

Respublikaçıların evləri və əmlakı müsadirə olunduğundan həbsdən sağ çıxan qadınların fahişəlikdən başqa dolanışıq yolu qalmırdı. Bu da rejim təbliğatçılarının işinə yarayır, "qırmızı qadınlar"ın mənəviyyatsız olduğunu göstərməyə imkan verirdi.

Məğlubiyyətdən sonra Fransaya sığınan onminlərlə respublikaçının da taleyi ürəkaçan olmadı. 1940-cı ildə Almaniya işğalından sonra onlardan daha tanınmışları İspaniya təhvil verildilər və burada güllələndilər. 15 minə qədər ispan isə nasist həbs düşərgələrinə gönərildilər. Onlardan yalnız 2 mininin sağ qaldığı güman olunur. Daha 15 minin isə müxtəlif tikinti işlərinə, əsasən də Atlantik okeanı sahillərində müdafiə səddinin tikilməsinə cəlb olunduğu ehtimal edilir. Həbslərdən yayınanlar isə Fransa Müqavimət hərəkatına qoşuldu.

***

Vətəndaş müharibəsindən sonra dövlət qulluğunda işləyənlər arasında xeyli təmizləmə işləri aparıldı. Xüsusən universitet və məktəb müəllimlərinin 1/4 hissəsi respublikaya rəğbət bəslədiklərinə görə işdən çıxarıldılar. İşə qəbul zamanı isə Franko tərəfdarlarına üstünlük verilirdi: bu işdə Falanqanın yaşayış yeri üzrə məmurlarından və keşişlərindən arayış yardımçı olurdu.

Ümumiyyətlə, frankizm üç sütun üzərində dururdu: ordu, Falanqa və katolik kilsəsi. Rejimin ilk illərində nazirlərin ən azı 40%-ni zabitlər təşkil edirdi. İkinci dünya müharibəsindən sonra özünün faşizmlə bənzərliyini azaltmaq üçün Falanqanın rolu məhdudlaşdırıldı, o cümlədən "Roma salamı" ləğv edildi. Katolik kilsəsi isə hələ uzun müddət Franko rejiminin birmənalı dəstəkçisi oldu.

Respublika hökumətinin katalanlar və basklara verdiyi muxtariyyət Franko tərəfindən ləğv edildi. Həmçinin katalan, bask, qalisiya dilləri qadağan edildi, baxmayaraq ki, Franko özü qalisiyalı idi. Yalnız Kastiliya ispancasının rəsmi statusu tanındı. Rejimin ilk illərində bu qadağalar xüsusən sərt idi, sonuna yaxın xeyli yumşaldı.

Ölkədə sərt senzura tətbiq olundu: yalnız frankizmi təbliğ edən və bir də qeyri-siyasi məzmunlu qəzetlər çıxa bilərdi. Ədəbiyyat, mahnılar, rəqslər, teatr tamaşaları və filmlər sensuraya məruz qalırdılar. Sonuncu iki sahə siyasi senzuradan əlavə həm də dini senzuradan keçməli idi.

Geyimlər belə nəzarət altında idi, əxlaq qaydalarına zidd olmamalı idi. 1968-ci ildə Avroviziya mahnı müsabiqəsinin qalibi olan Massielin dizdən bir qədər yuxarı don geyinməsi İspaniya üçün görünməmiş hadisə idi. Söz düşmüşkən, 2008-ci ildə İspaniyada göstərilən bir sənədli filmdə iddia olunurdu ki, həmin qələbə rejimin nüfuzunu qaldırmaqdan ötrü Franko tərəfindən satın alınmışdı.

Ölkədə seçkilər ləğv olunmuşdu. Suverenliyin daşıyıcısı xalq deyil, qalib hüququ ilə kaudilyo Franko idi. 1942-ci ildə qəbul olunan qanunla parlamentin (korteslər) fəaliyyəti bərpa olunsa da, onun üzvləri seçki ilə deyil, təyinatla seçilirdilər. Kaudilyo özü 50 nəfərə qədər şəxsi "xüsusi xidmətlərə görə" kortes üzvü təyin edə bilərdi. Etimadı doğrultmayan üzvü geri çağırmaq da mümkün idi.

191 üzv tutduğu vəzifəyə görə avtomatik olaraq parlamentə düşürdü. Buraya 18 hökumət üzvü, Falanqanın milli şurasının 103 üzvü, 12 uniersitet rektorları, 50 vilayət mərkəzlərinin və Seuta, Melilya şəhərlərinin başçıları və digərləri. Əlli vilayətin hakimiyyət orqanları hərəsi ikisini olmaqla 100 üzvü təyin edirdilər. Başqa strukturlardan da üzvlər göndərilirdi.

Hökumətlə müqayisədə parlamentin səlahiyyətləri xeyli az idi. Nazirlər onun qarşısında məsuliyyət daşımırdılar, onları Franko öz qərarı ilə təyin edirdi. Hətta qanunvericilik təşəbbüsü sırf hökumətə məxsus idi. Parlamentin komissiyaları hər hansı bir məsələni gündəliyə salmaq istəyirdilərsə, hökumətin razılığını almalı idilər.

***

İspaniyada vətəndaş müharibəsinin bitməsindən düz 5 ay sonra, 1939-cu ilin sentyabrın 1-də İkinci dünya müharibəsi başladı. Hitler və Mussolini vətəndaş müharibəsi zamanı Frankoya göstərdikləri xidmətin müqabilində onu da öz aralarında görəcəklərini umurdular. Lakin Franko belə bir addım atmağa tələsmir.

Hitler hərbi kəşfiyyatın (Abver) rəisi, admiral Kanarisi Madridə göndərir. O, Frankonu İspaniyadan cənubda yerləşən və olduqca strateji əhəmiyyətə malik olan Britaniya ərazisi Cəbəllütariqin işğalına sövq etməli idi. Lakin Hitlerə qarşı gizli müxalifətin sıralarında fəaliyyət göstərən Kanaris deyilənlərə görə, əksini edir. Admiral kaudilyoya bildirir ki, Hitlerin müharibəni uduzacağı labüddür və buna görə də hərbi əməliyyatlara qoşulmamağa çağırır.

Müharibənin ilk dövründə İspaniyanın xarici işlər naziri ingilispərəst Xuan Luis Beqbeder idi. Lakin almanların ardıcıl qələbələri fonunda Franko onu öz almanpərəst bacanağı Ramon Serrano Sunyer ilə əvəz etdi. Bu təyinatdan bir həftə sonra, 1940-cı il oktyabrın 23-də isə Fransanın almanlar tərəfindən işğal olunmuş Anday (fr. Hendaye) şəhərində fürer və kaudilyonun ilk və son görüşü baş tutdu.

Görüşün əsas mövzusu İspaniyanın "Ox ölkələri" (Almaniya, İtaliya, Yaponiya) tərəfində müharibəyə qoşulması idi. Franko bunun üçün Almaniyadan əhəmiyyətli hərbi və ərzaq yardımı, eləcə də müharibə bitəndən sonra Afrikada bir sıra ərazilərin - Fransaya məxsus olan Qvineya, Kamerunun və Fransa Mərakeşinin - İspaniya birləşdirilməsini istəyirdi. Bundan əlavə, Fransanın cənubunda yerləşən, Şimali Kataloniya (Russilyon) və Şimali Bask ölkəsi də İspaniyaya verilməli idi.

Hitler bu tələblərlə razılaşmadı. Doqquz saat davam edən görüş nəticəsiz yekunlaşdı. Bu haqda sonralar Mussoliniyə məlumat verən Hitler Franko ilə bir daha görüşməkdənsə, üç-dörd sağlam dişinin çəkilməsinə üstünlük verəcəyini yazırdı. Tarixçilər Frankonun bu tələbləri irəli sürməklə müharibədə iştirak etmək istəməməsi, yoxsa öz iştirakının önəmini çox şişirtdiyi barədə hələ də mübahisə edirlər.

1941-ci ilin iyununda Almaniya SSRİ-yə hücum etdikdən sonra Franko sovetlərin İspaniyadakı vətəndaş müharibəsində respublikaçılara kömək etdiyini əsas gətirərək ispan könüllülərinə Şərq cəbhəsinə yollanmağa icazə verdi.

İspanlardan ibarət olan və tarixşünaslıqda "Mavi divizya" kimi tanınan, 18693 nəfərdən ibarət olan diviziya Almaniyada 5 həftəlik təlim keçdikdən sonra Leninqrad cəbhəsinə gətirildi. İki il ərzində "Mavi diviziya"da 40 mindən çox ispanın xidmət etdiyi güman olunur. Onlardan 4957 nəfər həlak oldu, 326 nəfər itkin düşdü, 372 nəfər isə əsir alındı. Sonunculardan 286 nəfər yalnız 1954-cü ildə vətənlərinə qayıtdı.

İkinci dünya müharibəsinin gedişində yaranan dönüşdən və Vaşinqtonla Londonun ciddi təzyiqlərindən sonra Franko 1943-cü ilin oktyabrında "Mavi diviziya"nı geri çağırdı. Lakin xeyli ispan alman hərbi birliklərinə qoşularaq SSRİ-yə qarşı vuruşmaqda davam etdi. Müharibənin sonunda Berlində 7 minə qədər ispanın almanlar tərəfdə döyüşdüyü təxmin olunur.

ABŞ-ın İspaniyadakı səfiri yazırdı ki, əvvəllər Frankonun kabinetində üç nəfərin portreti var idi: Roma papasının, Hitlerin və Mussolinin. 1943-cü ildə baş verən dönüşdən sonra isə iki şəkil yoxa çıxdı, yalnız papanın şəkli qaldı.

Frankonun kommunistlərdən başqa nifrət obyekti yəhudilər və masonlar idilər. Onun az qala bütün nitqlərində ümumdünya "cuhud-mason" qəsdindən danışılır və bu qəsd İspaniyaya ən böyük təhlükə kimi təqdim edilir. Bununla belə İkinci dünya müharibəsi illərində İspaniya minlərlə yəhudinin xilasına şərait yaratdı.

Fransanın işğalından sonra yerli və daha əvvəl Almaniyadan qaçan yəhudilərin önəmli hissəsi İspaniya vasitəsilə digər ölkələrə qaça bildilər. Avropanın almanlar tərəfindən işğal olunmuş bir çox ölkələrində ispan diplomatlar yəhudilərə İspaniya vətəndaşı olmaları barədə sənədlər verir və bununla da onları xilas edirdilər. Xüsusən Macarıstanda minlərlə yəhudi bu yolla xilas edildi.

Qeyd edək ki, bu mövzuya alternativ baxışlar da mövcuddur. Bəzi tarixçilər hesab edirlər ki, Franko daha çox yəhudini xilas edə bilərdi. Və yaxud iddia olunur ki, Avropadakı yəhudilərin xilası daha çox diplomatların təşəbbüsü idi, nəinki kaudilyonun.

İspaniya ilə Almaniyanın sıx əlaqələri 1944-cü ilin yayına qədər davam etdi. Həmin dövrdə Fransanın amerikan-ingilis qüvvələri tərəfindən azad edilməsi nəticəsində iki ölkə arasında yerüstü rabitə kəsildi.

2013-cü ildə ictimailəşən sənədlər göstərdi ki, müharibə illərində Böyük Britaniyanın baş naziri olan Uinston Çörçill İspaniyanın xarici siyasətinə təsir etmək imkanı olan admları rüşvətlə ələ almaq üçün göstəriş verib. Onlar Frankonu müharibəyə qoşulmaq fikrindən daşındırmalı idilər. Bu məqsədlə siyasətçilərə, hərbçilərə və böyük biznes maqnatlarına indiki kurs ekvivalentilə 200 milyon dollar rüşvət verilmişdi.

Müharibədən sonrakı bir neçə ildə İspaniya nasist canilərinin Cənubi Amerikaya qaçmasına şərait yaradan əsas "siçovul cığırı" idi (digəri İtaliyadan keçirdi). Onlardan bəziləri isə elə İspaniyada məskunlaşdı. Belələri arasında məşhur diversant Otto Skortseni də vardı.

***

İkinci dünya müharibəsinin bitməsilə Franko diktaturası üçün çətin dövrlər başladı. Onun daha yaxşı münasibətlərə malik olduğu ABŞ prezidenti Ruzvelt 1945-ci ilin aprelində öldü, iki ay sonra isə Böyük Britaniyanın baş naziri Çörçill seçkiləri uduzaraq hakimiyyəti itirdi. Onların yerinə kaudilyoya soyuq münasibət bəsləyən Trumen və Ettli gəldi. Sovet rəhbəri Stalinin münasibətindən isə heç danışmağa dəyməzdi.

Bu üç liderin iştirakı ilə keçirilən Potsdam konfransında İspaniyanın yeni yaradılan Birləşmiş Millətlər Təşkilatına qəbul edilməməsi qərara alındı. 1946-cı ilin martın əvvəllərində ABŞ, Böyük Britaniya və Fransanın birgə bəyanatında Franko rejiminin pislənilir, ispan vətənpərvərlərinin Frankonu dinc yolla devirmək üçün vasitələr tapacağına və demokratiyanı bərpa edəcəklərinə ümid ifadə edilirdi.

Franko vəziyyəti yaxşılaşdırmaq üçün müəyyən addımlar atır və faşist dövlətlərilə oxşarlıqlarını aradan qaldırmağa çalışır. Yuxarıda dediyim kimi, Falanqanın rolu azaldıldı, Roma salamı qadağan edildi. Buna baxmayaraq, beynəlxalq izolyasiya davam edir.

1946-cı il dekabrın 12-də isə BMT Baş Assambleyasında İspaniya məsələsinin müzakirəsinə üç gün qalmış Madriddə çoxsaylı "milli hiddət" nümayişi təşkil edildi. Nümayişçilər qarşısında çıxış edən kaudilyo İspaniyanın izolyasiyasnı masonların və kommunistlərin boynuna yıxdı.

BMT isə Franko rejimini "mənşəyinə, xarakterinə, strukturuna və davranışına görə" faşist üsul-idarəsi kimi qiymətləndirdi. Sənəddə ispan xalqından mandat almış hökumət formalaşmayana qədər bu ölkənin BMT-yə qəbulunun mümkünsüzlüyü vurğulanır, üzv dövlətlərə Madriddəki səfirlərini geri çağırmaq tövsiyə edirdi. Dövlətlərin əksəriyyəti bu tövsiyəni yerinə yetirdilər.

ABŞ da öz səfirini geri çağırsa da, diplomatik əlaqələr formal olaraq qalmaqda idi. Prezident Trumenin Frankoya şəxsi antipatiya bəsləyirdi və Marşall planı çərçivəsində Qərbi Avropa ölkələrinə göstərilən yardımın İspaniyaya aid edilməsini rədd etdi. Ölkələr arasında ticari-iqtisadi əlaqələr minimal həddə endi.

Belə vəziyyət Franko əleyhdarlarını, xüsusən də solçu müxalifəti ruhlandırdı. Ölkədə partizan hərəkatı yenidən baş qaldırdı. Lakin hökumət qüvvələri elə də çətinlik çəkmədən bu hərəkatı yatırtdılar.

Bu dövrdə İspaniya üçün önəmli bir hadisə baş verir. Vətəndaş müharibəsinin bitməsindən sonra ölkənin siyasi quruluşu qeyri-müəyyən qalırdı. 1947-ci ildə qəbul edilən qərara görə İspaniya monarxiya elan olundu. Franko isə bu kralsız monarxiyanın ömürlük regenti idi. Qanunun 6-cı maddəsi ona istədiyi adamı "kral və regent" təyin etməyə, həmçinin belə təyinatı ləğv etməyə səlahiyyət verirdi.

Ölkə daxilində Frankonu devirəcək qüvvənin olmaması və SSRİ ilə başlanan "soyuq müharibə" qarşıdurması Qərb ölkələrini İspaniya ilə münasibətlərinə yenidən baxmağa vadar etdi. Hətta Trumen də sonda öz nazirlərinin və məşvərətçilərinin təzyiqinə təslim oldu. 1950-ci ilin sonlarında Madridə yeni səfir göndərildi, İspaniya hökumətinə kreditlər ayrıldı.

Tərəflər arasında münasibətlərin daha sıx inkişafı isə yalnız Trumenin Ağ evi tərk etməsindən sonra, Eyzenhauerin prezidentliyi dövründə baş verdi. 1953-cü ildə imzalanan Madrid paktı Vaşinqtonun İspaniyaya hərbi və iqtisadi yardım etməsini, əvəzində sonuncunun ərazisində ABŞ-ın hərbi-dəniz (Rota) və hərbi-hava (Saraqosa, Torrexon, Moron) bazalarının yaradılmasını nəzərdə tuturdu.

1955-ci ildə BMT-yə qəbul edilməsi ilə İspaniyanın izolyasiyası rəsmən başa çatdı. ABŞ İspaniyanı hətta NATO üzvü kimi də görmək istəyirdi, lakin buna bəzi Avropa ölkələri, əsasən də Böyük Britaniya müqavimət göstərdi. Buna görə də ikitərəfli münasibətlərə üstünlük verildi. Bu münasibətlərin kulminasiya nöqtəsi isə 1959-cu ildə Eyzenhauerin İspaniyaya rəsmi səfəri oldu.

***

Vətəndaş müharibəsində qələbənin birinci ildönümündə Franko nəhəng Şəhidlər vadisi abidə kompleksinin tikilməsinə göstəriş vermişdi. Burada müharibədə həlak olan Franko tərəfdarları dəfn olunacaqdılar. Lakin əsasən siyasi məhbusların işlədiyi tikinti 18 il çəkdi və bu illər ərzində həm İspaniyada, həm dünyada baş verən dəyişiklikləri hiss edən kaudilyo ilkin fikrinə düzəlişlər etdi.

Qərara alındı ki, kompleksdə hər iki tərəfdən həlak olanlar dəfn edilsin. Nəticədə burada həm millətçilər, həm də respublikaçılar tərəfində həlak olan 33 872 nəfərin cəsədi basdırıldı. Ən görkəmli yerdə - əsas mehrabdan aşağıda isə Falanqanın banisi Xose Antonio Primo de Riveranın məzarı yerləşirdi. Abidə kompleksinin təntənəli açılışı 1959-cu il aprelin 1-də - vətəndaş müharibəsinin bitməsinin 20-ci ildönümündə baş tutdu.

İstənilən "tək adam diktaturası"nda olduğu kimi İspaniyada da Frankonun şəxsiyyətinə pərəstiş geniş yayılmışdı. Rəsmi təbliğat, kütləvi informasiya vasitələri, dərsliklər onu millət atası, ölkənin xilaskarı kimi təqdim edirdilər. Belə təqdim olunurdu ki, masonları, kommunistlər, demokratlar, yəhudilər və digər qrupların yeganə amalı İspaniyanı, katolikliyi məhv etməkdir, onların qarşısında dura biləcək yeganə şəxs isə Frankodur.

Ölkənin hər yerini Frankonun portretləri və abidələri bürümüşdü. Demək olar ki, bütün şəhərlərdə onun adına küçə vardı. O cümlədən, Madridin böyük Paseo de la Kastellano prospektinin adı dəyişdirilərək Generalissimus Franko adlandırılmışdı. Qırx ilə yaxın dövr ərzində ispanlara, xüsusən də məktəbdə şagirdlərə Frankonun Yaradan tərəfindən İspaniyaya xilaskar olaraq göndərildiyi təlqin edilirdi. O da ölkəni xaosdan, ateizmdən, masonlardan, yoxsulluqdan xilas etmişdi.

***

Franko rejimi iqtisadi sahədə avtarkiya deyilən siyasət yürüdürdü. Avtarkiya xarici ölkələrlə ticarət dövriyyəsinin minimuma endirərək qapalı, ölkənin özünü təmin edən iqtisadi siyasətə deyilir. Nəticədə İspaniyanın onsuz da ürəkaçan olmayan iqtisadi vəziyyəti 1950-ci illərin sonlarına doğru lap pisləşdi. Bəzi tarixçilər 1957-1959-cu illərdəki vəziyyəti "uçurumun astanasında" kimi qiymətləndirirlər.

Franko bütün azadlıqlar kimi iqtisadi azadlıqların da düşməni idi. Hələ 1939-cu ildə çap edilən vətənpərvərlik katexezisində liberalizm, demokratiya, yəhudilər, masonluq, marksizm və separatizmlə yanaşı kapitalizm də İspaniyanın düşməni elan olunmuşdu. Lakin daxili müxalifəti məhv edən, xarici təzyiqlərə davam gətirməyi bacarmış Franko iqtisadiyyat qanunları qarşısında aciz idi.

1959-cu ildən etibarən İspaniyada Beynəlxalq Valyuta Fondunun tövsiyələri əsasında iqtisadi islahatlar keçirilir. Nəticələr özünü olduqca tez göstərir. Qısa müddət sonra İspaniya iqtisadi inkişaf sürətinə görə Yaponiyadan sonra dünyada ikinci yerə çıxır.

İspaniya iqtisadiyyatına xeyli xarici investisiya qoyuldu. Üstəlik daha inkişaf etmiş Almaniya və Fransaya işləməyə gedən ispanlar 1960-1975-ci illərdə ölkədəki ailə üzvlərinə 6 milyard dollar vəsait göndərdilər və bu da onların alıcılıq qabiliyyətini xeyli artırdı. Turizm inkişaf edirdi. Əgər 1960-cı ildə turistlər İspaniyada 6 milyon dollar xərcləmişdilərsə, 1973-cü ildə bu rəqəm 34 milyon dollara bərabər idi.

Ölkədə orta sinif nümayəndələrinin sayı artır. Avtomobil sənayesi sürətlə inkişaf edir, 1958-1972-ci illərdə burada istehsal hər il orta hesabla 21,7% artır. İtaliyanın Fiat 600 avtomobili əsasında buraxılan SEAT 600 avtomobili rifah göstəricisinə çevrilir. 1957-1973-cü illərdə bu avtomobildən 794 min ədəd buraxılır. Əgər 1946-cı ildə İspaniyada 72 min şəxsi avtomobil vardısa, 1966-cı ildə onların sayı 1 milyona çatır.

İslahatlardan əvvəl İspaniya həyat səviyyəsinə görə Qərbi Avropa ölkələrindən xeyli geri qalırdı. 1974-cü ildə isə adambaşına düşən gəlir Qərbi Avropa üzrə orta gəlirin artıq 79%-ni təşkil edir. Bununla belə qeyd etmək lazımdır ki, İspaniyanın bütün regionları eyni dərəcədə inkişaf etmirdi.

Təbiidir ki, "ispan iqtisadi möcüzəsi" adını alan bu hadisəyə görə rəsmi təbliğat Frankonu xeyli mədh edir. Elə indi də bunu deyənlər az deyil. Lakin əks fikrə görə məhz Frankonun avtarkiya siyasəti İspaniyanın iqtisadi inkişafını 20 il ləngitmişdi. Göstərilirdi ki, sənaye və kənd təsərrüfatı 1936-cı ildəki göstəricilərinə müvafiq olaraq 1955 və 1959-cu illərdə çatmışdılar.

1973-cü ildəki ərəb-İsrail müharibəsindən sonrakı neft böhranı "ispan möcüzəsi"ni dayandırdı və bundan sonra artım daha asta sürətlə getdi.

***

1969-cu ilin iyulun 22-də Franko Burbonlar sülaləsindən şahzadə, 1931-ci ildə devrilən XIII Alfonsonun nəvəsi Xuan Karlosu vəliəhd kimi palamentə təqdim etdi. Şahzadə parlamentdə "Dövlət başçısına, milli hərəkatın prinsiplərinə, krallığın bütün qanunlarına sadiq" qalacağına and içdi.

Franko rejiminin repressiv siyasəti basklar və katalanlar arasında separatizm meyllərini xeyli gücləndirir. 1959-cu ildə bask separatçıları tərəfindən ETA terror təşkilatı yaradılır. ETA-nın ən səs-küylü terror aktı 1973-cü ilin dekabrın 20-də baş nazir Luis Karrero Blankonu qətli olur.

ETA-dan əlavə ultrasolçu FRAP və CRAPO təşkilatları fəaliyyət göstərirdilər. Sonuncunun banilərindən biri olan Pio Moa sonralar qeyd edirdi ki, Franko diktaturası mənəvi aşınmaya səbəb olmuşdu: terrorizm yaxşı bir şey kimi qavranılırdı.

Franko ömrünün sonuna qədər demokratik islahatlar barədə eşitmək istəmədi. Lakin onun rejimi Qərbi Avropada artıq bir anlaşılmazlıq idi. Dünya sürətlə dəyişirdi. Hətta katolik kilsəsi belə dəyişirdi. 1971-ci ildə ispan katolik kilsəsi vətəndaş müharibəsində tərəflərdən birini dəstəklədiyinə görə üzr istədi. Bu kaudilyoya gözlənilməz zərbə oldu. Rejimin dayaqlarından biri ondan imtina edirdi.

Ömrünün son illərində Parkinson xəstəliyindən əziyyət çəkən Frankonun 1975-ci ilin payızında səhhəti lap pisləşdi. Lakin bu ona sentyabrın 27-də üç FRAP və iki ETA üzvünün edamını sanksiyalaşdırmağa mane olmadı. Oktyabr ayında kaudilyo üçüncü dəfə ürək tutması keçirdi, digər orqanlar da imtina etməyə başladı. Bir neçə cərrahi müdaxiləyə baxmayaraq, noyabrın 20-də 82 yaşında keçindi. O, Şəhidlər vadisində Primo de Riveranın yanında dəfn olundu. Mərasimdə dövlət başçılarından yalnız Çili diktatoru Pinoçet iştirak etdi.

***

Taxta çıxan Xuan Karlos 1969-cu ildə içdiyi anda baxmayaraq, demokratik islahatlara başladı. Ölkədə çoxpartiyalı sistem bərpa edildi, hətta kommunist partiyasının fəaliyyətinə icazə verildi. 1977-ci ildə 41 illik fasilədən sonra ölkədə azad və demokratik parlament seçkiləri keçirildi.

Bununla belə, Xuan Karlos cəmiyyətdə, xüsusən də orduda əhəmiyyətli sayda Franko tərəfdarlarının olmasını nəzərə alaraq ehtiyatlı siyasət yürüdür. Kaudilyonun heykəllərinə toxunulmur, adına olan küçələr dəyişdirilmir. Frankonun arvadına yüksək məbləğdə təqaüd ödənilirdi. O, 1988-ci ildə vəfat edərkən 12,5 milyon peseta təqaüd alırdı. Bu da baş nazirin maaşından 4 milyon çox idi.

Yalnız demokratik təsisatlar daha möhkəm oturuşandan sonra tədrici defrankizasiya siyasəti aparıldı. Bu məsələdə Avropa strukturlarının tələbləri də önəmli rol oynadı. 2005-ci ildə Madriddə, 2008-ci ildə isə İspaniyada (Santander şəhərində) Frankonun son heykəlləri götürüldü.

Son illərdə Frankonun qəbrinin Şəhidlər vadisindən köçürülməsi ətrafında ciddi diskussiyalar gedirdi. Bu addımın tərəfdarları qatilin öz qurbanlarının yanında dəfn edilməsinin yolverilməzliyini, eləcə də abidə kompleksi tikilərkən Frankonun göstərişilə onminlərlə siyasi məhbusun qul əməyindən istifadə olunduğunu əsas gətirirlər.

Artıq bu məsələ də öz məntiqi sonluğuna çatmaqdadır. 2019-cu il martın 15-də qəbul edilən qərara görə Frankonun nəşi Şəhidlər vadisindən götürüləcək və ailə sərdabəsində dəfn olunacaq. Bu tarixi hadisə iyunun 10-a təyin olunub. Lakin kaudilyonun vərəsələri bu qərardan məhkəməyə şikayət ediblər.

Yazı Meydan.tv-dən götürülüb.