Fərid Mustafayev: XİN belə həssas məsələni ört-basdır eləmək istəyir

Fərid Mustafayev: XİN belə həssas məsələni ört-basdır eləmək istəyir

16-05-2018 02:27 / Bu xəbər 3689 dəfə oxundu

"Azərbaycanın haqlı mövqeyinin dünyaya çatdırılması həm də cənab prezidentin göstərişidir”

"Müraciətimdən on beş gün vaxt keçib, təəssüf ki, Xarici İşlər Nazirliyi belə həssas məsələyə heç bir reaksiya vermir. Görünür, deyilənlər doğru imiş, müxtəlif vasitələrlə bu işi ört-basdır eləmək istəyirlər. Özü də belə həssas məsələni. Hətta eşitmişəm ki, məktubum ora çatsa da, qeydiyyatdan keçirməyiblər. Digər dövlət orqanlarından isə reaksiya var” - İspaniya-Azərbaycan Ticarət və Mədəniyyət Assosiasiyasının prezidenti Fərid Mustafayev narazılıq edir.

Bir neçə gün öncə Meydan TV İspaniyada Azərbaycan səfiriliyi ilə diaspor nümayəndəliyi arasındakı gərginliklə bağlı hökumətə - Milli Məclisə, Xarici İşlər Nazirliyinə, Diasporla İş üzrə Dövlət Komitəsinə göndərilmiş məktubu yaymışdı.

Fərid Mustafayev Meydan TV-yə açıqlamasında həmin məktubun ona məxsusluğunu təsdiqləyib və əlavə edib ki, yaxın günlərdə prezidentə də müraciət edəcək:

"Çünki Dağlıq Qarabağ çox həssas mövzudur. İmkan verə bilmərəm ki, öz imkanlarından, müəyyən vasitələrdən istifadə edib, həqiqəti gizlətsinlər. Dağlıq Qarabağ problemi ilə bağlı həqiqətlərin, Azərbaycanın haqlı mövqeyinin dünyaya çatdırılması həm də cənab prezidentin göstərişidir. Heç kimin şəxsi maraqları dövlətin marağından, prezidentin göstərişindən üstün deyil, ola da bilməz”.

F.Mustafayev deyir ki, Azərbaycanın İspaniyadakı səfiri Anar Məhərrəmovun Dağlıq Qarabağ məsələsində davranışı onu təəccübləndirir, məktublarında da bu cür davranışın səbəblərinin araşdırılmasını istəyib: "Aprelin 27-də San-Sebastiyan şəhərinin meri ilə görüşümüz haqda press-relizimiz bir neçə saytda yayılandan sonra bir gün sonra səfirlikdən zəng eləyib dedilər ki, nə ixtiyarla Qarabağ məsələsilə məşğul oluram. O görüşdə mən ölkəmizin mədəniyyəti, incəsənəti və başqa tərəfləri ilə yanaşı, həm də Dağlıq Qarabağ problemilə bağlı gerçəkləri çatdırmışdım. Zəng eləyən şəxsə dedim ki, diaspor nümayəndəliyi olaraq, illərdir, bu işlə məşğulam. Qarabağ məsələsində gerçəkləri dünyaya çatdırmaq hər bir azərbaycanlının borcudur. Diaspor nümayəndələrinin Qarabağ məsələsində fəal olmağa çağıran prezidentin göstərişini də bir daha onların yadına saldım”.

Təşkilat rəhbərinin sözlərinə görə, səfirlik ondan həmin görüş barədə mətbuata yaydığı məlumatı saytlardan sildirməyi tələb edib. O, razılaşmayanda isə özləri həmin addımı atıblar: "Hamı bilir ki, səfir Anar müəllim Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovun oğludur. Öz əlaqələrindən istifadə edib, o xəbərləri sildirdilər. Bunu təsdiqləyən sübutlarım da var. Vaxtı, yeri gələndə onları açıqlayacam”.

İspaniyanın Navarra vilayətinin parlamentində Azərbaycanın işğal olunmuş ərazisində yaradılmış "Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyini tanıyan aktın qəbulundan sonra vilayətin yeni hakimiyyətilə danışıqlar aparıldığını deyən F.Mustafayevin sözlərinə görə, cəhdləri nəticə verib:

"Bu məsələ əvvəlki səfirin vaxtından var idi. Danışıqlar da o vaxtdan gedirdi. Yeni səfir gələndən sonra ona dedik ki, vilayətin prezidenti bu məsələnin müzakirəsi üçün onunla görüşməyə razılıq verib. Təəssüf ki, səfir tərəfdən addım atılmadı”.

Xarici İşlər Nazirliyindən diaspor nümayəndəsinin söylədiyi ittihamlara şərh almaq mümkün olmayıb.