Fədayə Laçın: "Arzuları puç olmuş qadınam"

Fədayə Laçın:

03-12-2018 19:05 / Bu xəbər 1184 dəfə oxundu

''İndi kiməsə çörək verməyə də qorxuram''

2017-ci ilin oktyabrında Lənkəran Ağır Cinayətlər Məhkəməsindən Bakıya qatarla qaytarılan dustaqların Biləcəri stansiyasında qaçmasına görə həbs olunan müğənni Fədayə Laçın dekabrın 3-də məhkəmədə son sözünü deyib.

Müğənni qaçan dustaqlardan biri - "Qoca" ləqəbli Etibar Məmmədova vaqon açarı çatdırdığına görə həbs olunub.

Fədayə Laçın son sözündə bildirib ki, əməlindən çox peşmandır və bunu bilərəkdən eləməyib. Başqalarının da buna inanmasını istəyir: "Mən talesiz insanam. İnsan kimi də, qadın kimi heç vaxt xoşbəxt olmamışam. Arzuları puç olmuş qadınam. Həyatım həmişə kədərli olub. Dəfələrlə yıxılmışam, əlimdən tutub qaldıranım olmayıb. Həmişə güc tapıb qalxmağa çalışmışam və qalxmışam. Bu dəfə gücüm yoxdur, bataqlığa düşmüşəm. Xahiş edirəm, siz əlinizi uzadın, məni qaldırın".

Təqsirləndirilən müğənni son sözündə əhdini dilə gətirərək deyib ki, azadlığa çıxıb, Şəhidlər Xiyabanında İlham və Fərizənin məzarı başında öz avazıyla Yasin surəsini oxumaq arzusundadır.

"Qoca" ilə münasibətlərinə toxunan F.Laçın deyir ki, kriminal aləmdən kimlərləsə tanışlığın olması şəxsin özünün də cinayətkar olması anlamına gəlməməlidir. Müğənni bildirir ki, bir açara görə həbsxanaya düşəcəyi ağlının ucundan da keçməzdi.

Onun sözlərinə görə, əgər "Qoca" silah, narkotik istəsəydi, heç vaxt tapıb verməzdi. Çünki onların cinayət olduğunu bilir: "Bu isə bazarda satılan 6 manatlıq açardı... İndi kiməsə çörək verməyə də qorxuram".

Həbsxanada daha çox savadsız, mədəniyyətsiz adamların arasında olduğunu söyləyən müğənni bildirir ki, bu mühit ona da mənfi təsir göstərir: "Mən də savadsızlaşıram, bildiklərim yadımdan çıxır. Allaha və sizin mərhəmətinizə sığınıram. Himayəmdə doqquz nəfər var. Mən daim cəbhə bölgəsində konsertlər vermişəm, dövlət tədbirlərində çıxış etmişəm. Cəbhə bölgəsindəki çıxışlarım reklam deyil, öz vətənində vətənsiz olan bir insanın içindən gələn hisslərdir. Anam və bacım xəstədir. Bacım onkoloji xəstəlikdən əziyyət çəkir. Oğlum filologiya fakültəsinin məzunudur, magistraturaya hazırlaşırdı, məlum hadisədən sonra davam etdirmədi. Xahiş edirəm, bütün bunları nəzərə alın..."

Məhkəmə prosesi dekabrın 10-da davam edəcək.

Dustaqların qaçmasıyla bağlı cinayət işi üzrə 13 nəfər həbs olunub. Bunlar qaçan dustaqlardan biri Əli Ağami, müğənni Fədayə Laçın, Penitensiar Xidmətin Konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev, qatarda qarovul rəisi olmuş Ceyhun Səmədov, onun müavinləri Fuad Hacıyev və Tural Poladxanov, "Qoca”ya yardım etmiş daha bir qadın Günay Atakişiyeva, taksi sürücüsü Məhəmməd Hacıyev, Aqil Nəcəfov, Anar Əsgərov, İsrəfil Soltanov, Şahmar Bəyəlizadə və Tərlan Zeynalovdur. Daha bir nəfər axtarışdadır.

Bundan başqa, Penitensiar Xidmətin konvoy taborunun qərargah rəisi vəzifəsini icra edən, ədliyyə mayoru Hikmət Sadıqov ümumiyyətlə, ədliyyə orqanlarından, taborun 2-ci konvoy bölüyünün komandiri, ədliyyə kapitanı Ruslan Zeynalov, 3-cü bölüyün komandiri, ədliyyə kapitanı Rza Xankişiyev və Qərargah rəisinin konvoy xidməti üzrə baş köməkçisi, ədliyyə kapitanı Rakif Məmmədov tutduqları vəzifədən azad olunublar.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 304.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən azadlıqdan məhrum etmə və ya həbs yerindən, yaxud mühafizə altından qaçma) maddəsilə ittiham irəli sürülüb. 

Penitensiar Xidmətin əməkdaşları həm də vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilir. Polkovnik B.Abdullayevə mənimsəmə ittihamı da elan olunub.

meydan.tv